Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşıma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.
İkinci Dünya müharibəsində SSRİ üzrə 17 milyon ton neft məhsulunun 13 milyon tonu Azərbaycanda istehsal olunub. Aviasiya benzininin 85 faizə qədəri Azərbaycanın payına düşüb. Cəbhəyə 1 milyon ton yüksək oktanlı B-78 benzini verilib. Qeyd edək ki, əfsanəvi “Katyuşa”nın mərmiləri Bakıda istehsal olunaraq cəbhəyə göndərilib. Azərbaycan xalqının qəhrəman övladları da cəbhədə igidlik göstərərək qələbənin əldə olunmasında xüsusi rol oynayıblar.
Müharibədə 223-cü Azərbaycan atıcı diviziyasının rəşadətini xüsusi qeyd etmək lazımdır. Diviziyanın döyüşçüləri müharibə illərində Vermaxtın 25 min əsgər və zabitini məhv edib, ya da əsir götürüblər. Düşmənin 28 təyyarəsi, 113 tankı, 549 topu, 317 minaatanı, 1152 pulemyotu, 25 min avtomat və tüfəngi, iki zirehli qatarı, 2 min avtomaşını, 219 parovozu, yüklə dolu 7 min 400 vaqonu, 70 avtomobili və 2 milyon pud taxılı qənimət olaraq ələ keçirilib. Bu diviziyanın əsgər və zabitləri cəbhədə otuz ay vuruşub, 3 min 600 kilometr döyüş yolu qət edib, Ruban, Şimali Donets, Dnepr, Yujnıy Buq, Dnestr, Mozav və Dunay çaylarından keçiblər. Mozdok, Georgiyevsk, Dneprodzerjinsk, Kirovoqrad, Benderı, Kişinyov, Belqrad, Budapeşt, Vyana şəhərlərinin azad olunmasında bu diviziyanın xidmətləri əvəzsiz olub. Qırmızı Bayraqlı, Suvorov ordenli 416-cı Taqanroq diviziyası da xalqımızın
İkinci Dünya müharibəsində böyük rolunun olmasına sübutdur. Diviziyada 11 min 898 nəfər vuruşub ki, onlardan 1050-si azərbaycanlı olub. 1942-ci ildə yaradılmış 416-cı atıcı diviziyası Qafqazdan Berlinə qədər yol keçib. Bu diviziya 1945-ci ilin aprelin 21-də səhər Berlin ətrafına girən ilk sovet qoşun hissələrindən biri olub. Diviziya Vermaxtın 24 min əsgər və zabitini məhv edib, 5 min 474 nəfərini isə əsir götürüb.
“1941-1945-ci illərdə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan biri də akademik Ziya Bünyadovdur. O, 1945-ci ilin fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Generallarımız Həzi Aslanov və Mahmud Əbilov SSRİ-nin faşizm üzərində Qələbəsində mühüm rol oynamış qəhrəman Azərbaycan oğullarıdır.
O illərdə neft sənayesində çalışan Bakı neftçilərinin, bəzi hərbi sursatlar hazırlayan fəhlələrin əməyi yüksək qiymətləndirilirdi: “Bakı neftini əldə etməsək müharibəni uduzacağıq” deyən Hitlerin hərbi strategiyasının əsasını da Bakı neftinə sahib çıxmaq hərisliyi təşkil edirdi. Fəaliyyətlərini cəbhənin tələblərinə uyğunlaşdıran və gecə-gündüz çalısan Azərbaycan neftçiləri 1941-ci ilin sentyabr ayında 1 milyon yarımdan çox neft hasil edirdilərsə, bu rəqəm ilin axırında 6 milyon tona çatdırıldı. “Pravda” qezetinin 28 iyul 1941-ci il tarixli sayında dərc edilmiş “Azərbaycan bu gün” adli məqalədə də Staxanov hərəkatının önündə gedən, iki növbə ilə çalışan neftçilərin, arxa cəbhədə çalısan kolxozçuların işgüzarlığından, iməciliklər təşkil etməklə vuruşan əsgərlərə yardım göstərənlərin fədakarlığından danışılır.
“Biz fəxr edirik ki, dünyanın bu taleyüklü probleminin həll olunmasında- faşizm üzərində qələbədə Azərbaycan xalqının da mühüm payı olmuşdur. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişlər” sözləri ilə ikinci dünya savaşında respublika əhalisinin fədakarlığını diqqətə çatdıran ümummilli lider Heydər Əliyev eyni zamanda Bakı neftinin qələbədə əvəzsiz rolunu da yüksək qiymətləndirmişdir.
1941-1945-ci illər savaşını motorların və yanacaqların müharibəsi adlandıranlar ilk növbədə neftin təsir gücünü aydın başa düşərək bu qanaətə gəliblər. Ümumxalq zəfəri adlanan böyük qələbəni incə detallarına qədər açıqlayan arxiv materiallarında, bu günümüzdən keçmişə körpü olan sənədlərdə əksini tapan rəqəmlərin dili ilə desək, müharibənin əsas ağırlığını duyan xalqlardan birincisi azərbaycanlılar oldu. Ana və bacılar, məktəblilər zavod və fabriklərdə, neft mədənlərində kişiləri əvəz edirdilər. Qələbənin 60 illik yubiley təntənələrində veteranlarla görüsən Prezident İlham Əliyev qeyd etdi ki, bu döyüs tanklar, motorlar, təyyarələr müharibəsi olmuşdur. Məhz bu səbəbdən Hitlerin hücum planında Bakı şəhəri “Qələbə tortu”nun ən qiymətli tikəsi sayılmışdır. Ancaq xalqların birliyi, hərbi texnikanı hərəkətə gətirən Bakı neftinin qüdrəti sayəsində faşistlərə məqsədlərini həyata keçirmək, arzularına çatmaq nəsib olmadı. Çünki akademik Yusif Məmmədəliyevin başçılıq etdiyi laboratoriyada hazırlanan ən yüksək oktanlı benzini neftayırma zavodlarında istehsal etmək üçün iş prosesi bir an da olsun dayanmırdı. Arxa cəbhə kimi nisbətən təhlükəsiz ərazi sayılan Azərbaycanda bütün sənaye obyektləri hərbiləşdirilmiş iş rejimi ilə çalışırdı. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizi plan və öhdəlikləri əvəz edirdi. Ön cəbhə və döyüş meydanlarında düşmənlə üz-üzə dayanan tankların hərəkəti, strateji əhəmiyyətli obyektlərə zərbə vuran və döyüşən əsgərləri havadan qoruyan təyyarələri hərəkətə gətirən benzinin 90 faizi Bakının payına düşürdü. Bakı eyni zamanda mərkəzi nəqliyyat dəhlizi idi. Dəmiryolu və Xəzər dənizi vasitəsilə ən vacib avadanlıqlar, ən başlıcası isə neft tankerləri vasitəsi ilə cəbhəyə göndərilirdi.
Bakıda istehsal olunan neft məhsullarının daşınmasında, faşistlər tərəfindən dagıdılmış şəhər və kəndlərin sakinlərinin təhlükəsiz ərazilərə köçürülməsində həm dəmiryolundan, həm də Xəzər dənizindən əlverisli nəqliyyat kimi istifadə olunurdu. Bu baxımdan haqlı olaraq qeyd olunur ki, Böyük Vətən Müharibəsində Bakı neftinin rolu böyük idi. Tarixdə 15 mindən çox müharibə olub. Onlardan ən dəhşətlisi XX əsrdə baş verən 1939-1945-ci illər müharibəsi idi. Ən böyük savaş sayılan və dünyanın 72 dövlətinin cəlb olunduğu bu muharibədə 60 milyondan çox insan həlak oldu. Şəhərlər, kəndlər dağıdıldı. Böyük Vətən Müharibəsinə göndərilən 600 min azərbaycanlıdan 300 mini qələbə uğrunda canlarından keçdi. Həmyerlilərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 30 nəfər “Şöhrət” ordeninin I-III dərəcəsi ilə təltif olundu. 170 min Azərbaycan əsgər və zabiti müxtəlif orden və medallar aldılar. Dizel yanacağını kəşf etməklə elmə yeniliklər gətirən akademik Yusif Məmmədəliyev Dövlət mükafatı laureatı adına layiq görüldü. Təltif olunanlar arasında fədakar əməyi ilə fərqlənən neftçilər də var idi.
O günlərdə Azərbaycan haqqında deyilənlər də tarixin mübarizə dolu səhifələrinə yazıldi. Marşal Jukov deyirdi ki, Bakı neftçiləri cəbhəni, vətəni qorumaq və düşmən üzərində qələbə çalmaq üçün lazım olan həcmdə yanacaq istehsal edirlər. Amerika prezidenti Ruzveltin, İngiltərənin tanınmış dövlət xadimi Çörçilin Bakı nefti ilə bağlı dedikləri sözlərdə də Böyük Vətən Müharibəsində əsas məqsədin Bakı neftinə sahib olmaq kimi prinsiplərin üstünlük təşkil etdiyi açıq-aydın bildirilirdi.
Çörçil yazırdı ki, Hitler Bakını ələ keçirmək ümidlərini itirdiyi anda havadan hücum etməklə bu şəhəri darmadağın edəcək. Bu kimi sözlər bir daha göstərir ki, hələ o dövrdə dünya hadisələrində həlledici rolu olan Azərbaycan, Bakı nefti əhəmiyyətli rol oynayırdı. ( 8 noyabr, 1942-ci il).
SSRİ-yə hücumun əsas məqsədi barədə generallarına açıqlama verən Hitler “Barbarossa” planında nəzərdə tutulan Bakı neftini ələ keçirmək olduğunu da açıq -aşkar bəyan edirdi. O illərdə dünya siyasətinin əsas mübarizə şüarı bu idi: “ Dünyanı idarə etmək istəyirsənsə ilk növbədə neft kimi zəngin sərvətə nəzarət etməlisən.” Sənədlərdən, o illərdə mətbuatda dərc olunan yazılardan da görünür ki, müharibə illərində əhəmiyyətinə görə ön cəbhədən seçilməyən, gərgin əməyi sahəsində əsgərlərə mənəvi dəstək olan, qələbə əzmini artıran Bakı neftçiləri ikiqat qüvvə ilə çalışırdılar. Faşistlər tərəfindən uzun müddət mühasirədə saxlanılan leninqradlıları mətanətli olmağa çağıran həmiyerlilərimiz qəhrəman şəhərin sakinlərinə göndərdikləri teleqramda yazırdılar ki, alman faşistləri üzərində qələbəni təmin etmək üçün gecə-gündüz çalışan Bakı neftçiləri daim sizinlədir. Bu şücaət təkcə sözlərlə deyil, əməli fəaliyyətlə də özünü doğruldurdu .Döyüşlərin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 436 min ton neft məhsulları daşınmışdır.
Müharibənin ilk illərində SSRİ-də istehsal olunan , hərbi texnikanın hərəkəti üçün istifadə edilən yanacağın 80, 1942-ci ildə isə 90 faizini Bakı neftçiləri hasil edirdilər.
Hər il təntənə ilə keçirilən alman faşizmi üzərində qələbə bayramlarında Bakı neftçilərinin əməyi barədə fəxrlə, qürurla danışılır.
MDB ölkələrinin Dövlət Başçıları Şurasının birgə qərarına əsasən qələbənin 65 illik yubileyi birliyə daxil olan respublikalarda təntənə ilə qeyd olunacaq. Prezident İlham Əliyevin imzaladığı sərəncamla həyata keçirilən “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”a müvafiq olaraq Azərbaycanda da hazırlıq işləri aparılır. Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycandan olan müharibə iştirakçılarının “1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi” yubiley medalı ilə təltif olunması nəzərdə tutulur.
Bütün qeyd olunanlar və çoxsaylı tarixi sənədlər sübut edir ki, dünyanın faşizmdən xilasında Azərbaycan alimlərinin, neftinin, zabit və əsgərlərinin, bütövlükdə Azərbaycan xalqının xidmətləri əvəzsiz olub”.
Rahilə Quliyeva,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri