“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm...”.
Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli lideri, dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib. Bu diqqətin nəticəsidir ki, hal-hazırda Azərbaycan dili inkişaf edir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, uğurlar və dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin əsas məsələsi kimi diqqət mərkəzində saxladı. Onun mükəmməl natiqliyi, Azərbaycan dilinin incəliklərini bilməsi və istifadə etməsi H. Əliyevi xalqa daha da yaxınlaşdırdı. Xalqın sevgisini, etimadını qazandı. Getdiyi bir çox mötəbər məclislərdə ana dilimizdə danışması, dilimizin gözəlliyi haqqında fikirləri təqdirəlayiqdir.
H. Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni strategiyasını formalaşdırdı. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin - azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramları — böyük strategiyanın təməl faktları idi.
Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Prezidentin fərmanında xalqın gələcəyi həm də onun dili, zəngin dil mədəniyyəti ilə əlaqələndirilir. H. Əliyev dilin taleyinə millətin və dövlətin taleyi kimi baxır, böyük inamla belə qənaətə gəlirdi ki, “Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”.
Aytən Əlizadə,
YAP Xətai rayon təşkilatının “Telnov 5“ ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri