Hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdən idi.
Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur. Heydər Əliyevin hakimiyyəti dövründə gərgin fəaliyyəti nəticəsində Azərbaycanda quruculuq işlərinə başlandı, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi.
Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin həmin illərdə apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev 70-ci illərdə hər il iki min nəfərə qədər gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi. Həmin illərdə bir çox çətinliklər bahasına Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasını böyük hadisə adlandırmaq olar. Ümummilli liderimiz Azərbaycanın müstəqilliyinə inandığı üçün gələcək dövlətimizin hərbi potensiala ehtiyacını nəzərə alıb bu addımı atmışdı. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Müstəqil dövlətin gənc ordusu məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi sayəsində formalaşmağa başladı. Bu böyük addımın nəticəsidir ki, 44 gün ərzində bu məktəbin yetirmələri işğal altında olan torpaqlarımızı işğaldan azad etdilər.
Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanmış strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Həmin dövrdə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətin nəticəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu.
Maraqlıdır ki, yaxın keçmişə nəzər salsaq dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığının şahidi oluruq. Məsələn, onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.1991-ci ildə Azərbaycanda təhlükəli bir vəziyyət yaranmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsindəydi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü.
Yenicə müstəqillik əldə etmiş ölkəmiz bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı. Fürsətdən istifadə edən erməni hərbi birləşmələri torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşımız öz torpaqlarında qaçqına, didərginə çevrilirdi. 1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Siyasi pluralizm, söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi, Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi. Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda «Əsrin müqaviləsi» kimi nəhəng bir saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı.
«Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam» - deyən ulu öndərimiz 2001-ci ilin noyabrında Bakıda bütün dünya azərbaycanlılarının I qurultayının keçirilməsinə nail oldu. Bunun davamı olaraq cənab Prezident İlham Əliyev V-ci qurultayını “Zəfər qurultayı”nı Şuşada qeyd etdi.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ümummilli liderimiz Heydər Əliyev tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi hüquqi sahədə də köklü islahatlar aparılmağa başlandı. Bu islahatların həyata keçirilməsinin əsasını 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyamız qoymuş oldu. Ölkəmizdə ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təşəkkül tapması da ümummilli liderimizin adı ilə bağlıdır.
Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək tədqiq etmək mümkün deyildir. Bu şəxsiyyətin böyüklüyünü, onun xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün zaman tələb olunur. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir.
Nitqimi Ulu Öndərin sözləri ilə tamamlamaq istəyirəm: «Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir»

Elşad Ağayev,
“Məişət Maye Qaz” QSC-nin Texniki nəzarət və təmir tikinti şöbəsinin rəis müavini,
YAP Xətai rayon təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri