04 may 2023 19:37
207

Dahi rəhbər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri var

15 İyun Milli Qurtuluş Günü

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.

Tariximizə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü bizim üçün çox əzizdir. Ulu öndər Heydər Əliyevin müdrik uzaqgörənliyi, qətiyyəti, cəsarəti sayəsində müstəqilliyimizin əbədiliyinin təmin olunmasının, milli dövlətçiliyimizin qurulmasının təməli qoyulan 1993 - cü ilin 15 iyunu Azərbaycanın ölüm-dirim mübarizəsindən qalib çıxdığı əsl qurtuluş tarixidir.

Olduqca çətin və mürəkkəb bir şəraitdə xalqın tələb və təkidi, xahişi ilə ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi, ayın 15-də Ali Sovetin Sədri seçilməsi Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. 1993-cü il iyunun 24-də prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev andiçmə nitqində dedi: "Belə yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəmi üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Ümümmilli Liderin yenidən siyasi rəhbərliyə qayıtması müasir Azərbaycan dövlətinin şərəf tarixidir. Ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı günü əbədiləşdirdi. Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Həmin tarixi qərarda deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi". Həmin vaxtdan etibarən Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir.

Ulu öndər Heydər Əliyev özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyin, vətəndaş cəmiyyəti yaradılmasının başlanğıcını qoydu. İlk növbədə, separatçıları, "mərkəzdənqaçma" meyllərini neytrallaşdırmaqla ictimai-siyasi sabitliyi bərpa etdi. Uzaqgörənliklə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi kimi, tam stabil mühit formalaşdırıldı. Dahi rəhbər özünün zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq hadisələrə operativ müdaxiləsi nəticəsində 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlərin, həmçinin bir sıra təxribatların qarşısını almağa nail oldu. Ayrı-ayrı şəxslərə, müxtəlif xarici kəşfiyyat orqanlarına və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. Beləliklə, Azərbaycan vətəndaş müharibəsi və separatizm təhlükəsindən, müstəqilliyə qarşı yönəlmiş təhdidlərdən xilas oldu. Bununla yanaşı, 1994-cü il may ayının 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, eləcə də nizami ordu quruculuğu, ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Azərbaycan dövlətçiliyini ona qarşı yönəlmiş qəsdlərdən uğurla qoruyan Ulu Öndər, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını

bəyan edərək şərəfli xilaskarlıq missiyası ilə ölkəmizdə milli intibaha nail oldu, ölkəmiz qısa zamanda əsrə bərabər uğurlu yol keçdi.

Ümummilli lider Heydər Əliyevin müdrik uzaqgörənliyi və qətiyyəti sayəsində işlənib hazırlanaraq 1994-cü ildə dünyanın nəhəng neft şirkətləri ilə birgə imzalanmış "Əsrin müqaviləsi" respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldı. Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməlini qoymuş, həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olan bu tarixi müqavilə, digər müqavilələr Azərbaycanın yeni gənc müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi.

1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu xalqın dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açdı, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan verdi. Cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimləyən Əsas Qanunumuz eyni zamanda xalqımızın dünyəvi, milli - mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi oldu.

Ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar nəticəsində ictimai-siyasi sabitliyin bərqərar olduğu Azərbaycan Respublikası davamlı iqtisadi inkişaf yoluna qədəm qoydu.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları ümummilli mənafelər naminə səfərbər edən Ulu Öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirdi, onların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayaraq dünyada yaşayan azərbaycanlıların birlik və mütəşəkkilliyinin gücləndirilməsi, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər gördü.

Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalan Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil ölkəmizi gələcəyə doğru inamla aparır. Sürətlə inkişaf edən və müasirləşən respublikamız qısa müddətdə regionun lider dövlətinə, xüsusilə dünyanın enerji təhlükəsizliyinin etibarlı təminatçılarından biri kimi özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə qarşıya çıxan istənilən problemi həll etməyə qadir olan bir dövlətə çevrilib. Milli maraqlara əsaslanan siyasət, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, uğurlu diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamız dünya dövlətləri arasında söz sahibi olub. Möhtərəm Prezidentimiz İlham Əliyevin sadiq və nümunəvi silahdaşı kimi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyatımızın bütün sahələrini əhatə edən, ən ali prinsipləri və normaları özündə əks etirən əməli fəaliyyəti ölkəmizin dünya birliyində öz layiqli yerini tutmasında mühüm rol oynayır.

Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

M.Mikayılova,
YAP Xətai rayon təşkilatının "Q.Nəbi 6a" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü