05 may 2023 09:29
900

Heydər Əliyev zirvəsi

Baxmayaraq ki, dünyada 5 minə yaxın xalq mövcuddur, yalnız 200-dən bir qədər çoxunun öz dövləti vardır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Bu cümlənin həqiqiliyini bir xalq olaraq keçdiyimiz çətin və şərəfli yol təsdiq edir.

“Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır”.

Müdrik siyasətçi Heydər Əliyev çox gözəl bilirdi ki, xalqı birləşdirən onun Vətəni, dili, tarixi, adət-ənənələri və milli-mənəvi dəyərləridir.

Müxtəlif sınaqlardan keçmiş dünyanın dörd tərəfində yaşayan azərbaycanlıları birləşdirən bir ideologiyanın meydana gəlməsi də məhz onun adı ilə bağlıdır. Baxmayaraq ki, bu gün müxtəlif ölkələrdə milyonlarla soydaşımız yaşayır, onların birliyinin əsasını da məhz milli dövlətçiliyimizə, suverenliyimizə, dilimizə, dinimizə, milli-mənəvi varlığımıza qayğı təşkil edir. Bütün bunlar isə Ümummilli liderin gərgin fəaliyyətinin təzahürüdür.

Bu baxımdan onun 1991-ci ildə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsi azərbaycançılıq məfkurəsinin formalaşmasında müstəsna rolu oldu.

Azərbaycanlıların həmrəyliyinin həm ölkədə, həm də onun hüdudlarından kənarda yaşayan həmvətənlərimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Ulu Öndər xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayırdı.

Ulu Öndərin Vətən və xalq üçün etdiklərini anlamaq və bu fəaliyyətləri dərk etmək üçün tarixə nəzər salmaq mütləqdir. Çünki onun Azərbaycan dövlətçiliyi qarşısında müstəsna xidmətləri var. I Qarabağ müharibəsi fonunda ölkəmizdə gərgin vəziyyət hökm sürürdü. Ölkəmiz vətəndaş müharibəsinin və milli-etnik zəmində parçalanmaq təhlükəsinin astanasında idi. Məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmiz bu bəlalardan xilas oldu. Ulu Öndər özündən əvvəlki siyasətçilərdən fərqli olaraq, qonşu dövlətlərlə münasibətləri nizama saldı, ölkədə baş qaldırmış etnik separatçılığın qarşısını aldı.  “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”.

Ölkə başçısının 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Bu fərman və Heydər Əliyevin digər səyləri ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.

“Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır”.

Qloballaşan dünyada milli ideologiyanın ümumbəşəri dəyərlərlə vəhdət təşkil etməsi, onların ahənginə nail olmaq öz milli mənsubluğunu qoruyub saxlamaq istəyən xalqın qarşısında duran mühüm məsələdir. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli-mənəvi irsimizin, adət-ənənələrimizin təmin olunması ilə bərabər dünya birliyinə inteqrasiya etməyə imkan yaradır.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımızın öz Vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin olunması üçün şərait yaratdı.

Ümummilli liderin dar günündə özünü Vətəninin imdadına yetirməsi, öz fəaliyyətini məhz xalqın milli birliyinin təmin edilməsi, insanlarımızın rifahı və təhlükəsiz şəkildə yaşaması üçün səfərbər etməsi onun Azərbaycan sevgisinin bariz nümunəsidir. Bu fəaliyyətləri ilə o, milyonlarla azərbaycanlının qəlbində taxt qurmuş, adını tariximizə qızıl hərflərlə yazdırmışdır.

Mehparə Ağakişiyeva,
Bakı şəhəri 221 nömrəli tam orta məktəbin  tarix müəllimi,
YAP Xətai rayonu təşkilatının üzvü