05 may 2023 10:14
514

Ulu Öndər hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb

Böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürə gəlməz dərəcədə kasıb və maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas rolunda dahi şəxsiyyətlər, liderlər çıxış edib və bu gün də çıxış etməkdədirlər. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur.  Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

10 may xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü kimi qeyd olunur. Yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. ”Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi-mədəni inkişafına xidmət olub”, – deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli yerə çıxarıb. Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Ulu Öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarının zabiti olanda da, həmin orqanın ən ali kürsüsündə çalışanda da, Azərbaycan KPMK-nın birinci katibi, SSR-i Nazirlər Sovetinin birinci müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, nəhayət, Azərbaycan Respublikasının Prezidenti olanda da onun bir məqsədi, bir amalı var idi -Azərbaycana sədaqətlə xidmət etmək. O deyirdi: “Azərbaycan Respublikasının bugünki ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə gəlsin müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir.”

Biz Ulu Öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu öndərin hakimiyyətinin ikinci dövrü Onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daima Ulu öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəhayət Ulu öndərin sonrakı mərhələdəki fəaliyyəti Onu artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin, öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, Onun qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.

Könül Dərziyeva,
YAP Xətai rayonu təşkilatının “Telnov 6” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü