«Dünyanın üçdə birini işğal etmiş Fransa». Bu cümlə Fransanın müstəmləkə tarixindən bəhs edən tarix kitablardan götürülüb. Tarixdən də görünür ki, 60 il öncəyə qədər Fransa ən çox müstəmləkəsi olan ölkələrdən biri olub. Hazırda dünyada 200-dən çox dövlət var, amma vaxtıilə Fransanın müstəmləkələrinin sayı 225 idi. Belə bir dövlətin bu gün Azərbaycana və Türkiyəyə ədalət, demokratiya dərsi keçmək cəhdi öz gözündə tiri görməyənin başqasının gözündə çöp axtarmasına bənzəyir. Bəli, vaxtıilə dünyanın üçdə birini işğal etmiş Fransa bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası-demarkasiyasına mane olmağa çalışan rəzil bir ölkədir.
Eyni zamanda, Avropada islamofobiya və anti-Türkiyə hərəkətləri ilə daha çox fərqlənən və 30 ildən artıq davam etmiş Azərbaycan- Ermənistan münaqişəsində daim ermənipərəst mövqe sərgiləyərək ölkəmizə qarşı ədalətsiz qərarların qəbul olunmasına çalışan Fransa «qoca qitə»nin üz qarasına çevrilib. Təbii ki, zaman-zaman işğalçı Ermənistanı və qondarma «erməni soyqırımı»nı dəstəkləyən Fransanın ermənilərə sevgisi səbəbsiz deyil: Bu dövlətlər, yəni Ermənistan ilə Fransa eyni xislətin və barbarlığın daşıyıcılarıdır. Hər iki dövlət həmişə beynəlxalq hüquqa hörmətsizlikləri ilə, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törətməklə tarixdə iz buraxıblar.
Xüsusilə, İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsindən sonra Fransa daha da quduzlaşaraq ölkəmizə qarşı hüquqazidd addımlar atmağa başladı. Hətta Azərbaycanın Qarabağdakı ədalətli antiterror əməliyyatlarını ermənilərə qarşı soyqırımı kimi tanıtmağa çalışdı. Təbii ki, Fransadan fərqli olaraq bir çox dünya gücləri 44 günlük müharibədə qəhrəmanlığımızla bərabər, həm də ədalətli mübarizəmizin şahidi oldular.
Heç şübhəsiz ki, Fransanın Cənubi Qafqazın hərbi və iqtisadi baxımdan ən güclü ölkəsi olan Azərbaycana qarşı riyakarlıqları ona baha başa gələcək. Xüsusilə Prezident İlham Əliyevin verdiyi bəyanatlarında açıq şəkildə göstərilir ki, Fransa bundan sonra heç vaxt Cənubi Qafqazda sülh danışıqlarında, ümumilikdə geopolitik proseslərdə iştirak edə bilməyəcək.
Eyni zamanda, ölkəmizin başçısı Fransanı sülh prosesindən kənarlaşdırmaqla kifayətlənməyərək bu dövlətin Əlcəzairdə törətdiyi kütləvi soyqırımlarını da həm rəsmi Parisə, həm də dünya ictimaiyyətinə xatırladıb. Bununla da Fransaya olduqca ciddi xəbərdarlıq edib. Bəli, bu gün Fransa Senatının erməni separatçı-terrorçulara «müstəqillik nağılları» danışması da biabırçılıqdır. Fransa Senatı bu «müstəqillik nağılları»nı Korsika adası ilə bağlı danışsa daha yaxşı olar.
Eyni zamanda, Fransa Əlcəzairdə, Mərakeşdə, Ruandada və s. Afrika ölkələrində kütləvi qətliamlar törətməsinə görə də qınanılır. Həmin ölkələrdə Fransanın milyonlarla insana qarşı soyqırımı törətməsi fransızları tarix qarşısında üzüqara çıxaran dəhşətli faktlardır. Bundan başqa, Fransa bu torpaqlarda daha bir vəhşiliyi 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərindətörədilib. Belə ki, burada Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın ödənilməsi məsələsindən də boyun qaçırır.
Vaxtiləişğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günədək həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistanda ən yaxın himayədarı olan Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırmışdır və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən dövrdə 280-dən çox Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsinin Fransa tərəfindən bir dəfə də olsa pislənilməməsi bu ölkənin humanitar hüquqa necə etinasız yanaşdığını növbəti dəfə nümayiş etdirir.
Son illərdə Fransada müsəlmanlara və yəhudilərə qarşı da kəskin nifrət hissi formalaşıb. Belə ki, 2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci il ilə müqayisədə 27 faiz, müsəlmanlara qarşı hərəkətlərin 54 faiz artdığını etiraf etmişdir. Həmçinin o, əsasən təhdid xarakteri daşıyan irqçi və ksenofob hərəkətlərin 2018–2019-cu illər ərzində iki dəfədən çox artaraq 496-dan 1142-yə yüksəldiyini bildirmişdir.
Rəqəmlərdən də göründüyü kimi, Fransa bu gün Avropanın ən şovinist ölkələri sırasında birincidir. Məhz elə buna görədir ki, İkinci Qarabağ müharibəsi zamanı, Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşən muzdlu döyüşçülərin arasında Fransa vətəndaşları çoxluq təşkil ediblər.
Elçin Zaman, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri