04 may 2023 13:18
727

Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə bağlıdır

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.

Azərbaycan xalqının taleyində  elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm hadisələrin əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi günü yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Çünki məhz həmin gün hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi, millətimizi bəlalardan qurtardı. Onun siyasi səriştəsi, müdrikliyi, güclü iradəsi, böyük əzmi və millətinə, Vətəninə olan sevgisi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi Azərbaycanı çətin vəziyyətdən qurtardı

Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan Ümummilli Lider öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail oldu, geniş vüsət alan inkişaf proseslərinə təkan verdi. O, ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışdı və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etdi. Ona görə də 1993-cü ilin iyununda Ulu Öndərin Naxçıvandan Bakıya qayıdışı xalq tərəfindən alqışlarla qarşılandı.

20 Yanvar hadisələrindən sonra Ümummilli Liderimizin Azərbaycana qayıtması, keçmiş sovet sisteminin oyuncağı olan yerli rəhbərliyin xəyanətkar hərəkətləri, ona Bakıda yaşamağa imkan verilmədiyi indi hamıya məlumdur. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində Ulu Öndəri özlərinə rəhbər seçdilər. O,1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini oldu.Ümummilli Lider hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, onu düşməndən qorudu, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə başladı. Böyük dövlət xadiminin məhz Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə dahi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Naxçıvanın tarixi dövlətçilik ənənələrini müasir dövrün tələblərinə uyğun inkişaf etdirən dahi şəxsiyyət xalqın ona bəslənən bütün ümidlərini doğrultdu, Azərbaycanı yox olmaqdan xilas etdi. 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycanın adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin ilk illərində ağır, məşəqqətli günlərlə rastlaşdıq. 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. Bəli, Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır. Ötən  illərdə siyasi, iqtisadi, sosial sahədə əldə etdiyi yüksək nailiyyətləri, dövlətçilik prinsiplərinin demokratik əsaslar üzrə inkişaf etdirilməsi ilə Azərbaycan öz varlığını bütün dünyaya təsdiq etdi.

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir. Bu gün hər bir ölkə vətəndaşına bəlli olan bir həqiqət var: Ulu öndərimiz Heydər Əliyev həsəd aparılacaq bir zəngin, mənalı və şərəfli ömür yaşamışdır. Qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda yorulmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir: Azərbaycanı hər bir dövlət və millət üçün ən yüksək məqama – müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş etdirmişdir. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır.Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

Azərbaycan xalqına sədaqətlə xidmət edən, ölkəmizin hərtərəfli tərəqqisinə nail olan, ona ən ağır və böhranlı günlərdə sahib çıxan  ulu öndər  Heydər Əliyevin adı Azərbaycan xalqının xilaskarı, Azərbaycan dövlətinin qurucusu kimi tariximizə yazılıb.

Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir.

T.Rüstəmov,
YAP Xətai rayon təşkilatının "G.Mehmandarov 9" ünvanı üzrə ərazi partiya təşkilat sədrinin müavini