04 may 2023 12:05
490

Adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Dahi Lider

Bu gün yenə Heydər Əliyev fenomenindən danışırıq. Heydər Əliyev bənzərsizliyindən söhbət açırıq. Bu siyasət korifeyinin heç vaxt heç bir təbliğ təntənələrinə heç vaxt ehtiyacı olmasa da, biz dönə-dönə ona qayıdacağıq, o səbəbdən ki, özümüzün ona ehtiyacımız var.

Ulu Öndər Heydər Əliyev müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyəti ilə dünyanın ən nəhəng, sayseçmə siyasətçiləri ilə bir sırada özünə əbədi yer alan ən böyük Azərbaycanlı. Adı Azərbaycanın bütövlükdə türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış Dahi. Belə dahilər, bu cür hərtərəfli düşüncə və dərrakəyə, təfəkkürə malik insanlar isə hələ əsrin və hər xalqın bəxtinə düşmür!

Heydər Əliyev böyük uzaqgörənliklə: “ Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam. Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır” dedi və xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinə görə tarixdə əbədi yaşamaq haqqı qazandı. O, sözün əsl mənasında, Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi. O, sağlığında Azərbaycan atası olmağı bacardı, bu zirvəyə ucaldı, xalqın sevgisini qazandı. O, müstəqil Azərbaycanın yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. O, respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, onun siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı, 34 illik rəhbərliyi dövründə vətənimizin ən ağır vaxtlarında ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa, parçalanmağa qoymadı. İndi bütün dünyada səsi eşidilən, sözü eşidilən ən super dövlətlərin belə hesablaşdığı Azərbaycan bu fenomenal şəxsiyyətin ən parlaq əsəridir.

Ümummilli liderimizin fiziki yorğunluğunu mən də böyük ürək ağrısı və yanğı ilə yaşayıram. Çünki o, Azərbaycanın itkisidir, bütün türk dünyasının itkisidir. Amma bu cismani yoxluqdur, o, ölməzdir, bizimlədir, nə qədər ki, Azərbaycan adlı məmləkət var, yenə də var olacaq və hər zaman insanlara doğru yol göstərəcək!

Unutmayaq ki, yaşarı dünyasından sonra xalqın yaddaşında qalmaq hər kəsə qismət olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman doğulub böyüdüyü torpaq üçün xalqı, milləti üçün, Azərbaycan üçün müqəddəslər müqəddəsi olaraq qalacaq! Bu sevgi onun halal haqqıdır!

Heydər Əliyev hər zaman zirvədə dayandı və indi də zirvədədir. Qoy ruhu o zirvədən canı qədər sevdiyi Azərbaycana “həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”  dediyi Azərbaycan xalqına duaçı olsun!

Zülfiyyə İsmayılova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü