04 may 2023 11:01
586

Xalqın əbədiyaşar Lideri

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, yeni bir tarixi mərhələyə qədəm qoydu. Respublikamızda bütün sahələr yenidən formalaşmağa və inkişaf etməyə başladı. Təbii ki, bir ictimai-siyasi sistemdən digərinə keçid müxtəlif çətinliklər yaradır. Bu çətinlikləri aradan qaldırmaq üçün böyük şəxsiyyətlərə ehtiyac yaranır. Çünki şəxsiyyətlərin bilik və bacarığı, dünyagörüşü, nüfuzu tarixən müsbət nəticələr vermiş və səmərəli bir cəmiyyətin yaranmasına münbit şərait yaratmışdır. Bu cəhətdən Azərbaycan xalqını xoşbəxt xalq hesab etmək olar. Çünki xalqımız Heydər Əliyev kimi tarixi bir şəxsiyyət yetirmişdir.

Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetirdiyi və bəşər tarixinə bəxş elədiyi ən böyük tarixi şəxsiyyətlərdən, dahi siyasətçilərdən biridir. Onun xalqa bağışlanan ömrü heç də hamar olmamışdır. Əksinə, zəhmətkeş bir ailədə doğulan Heydər Əliyevin ömür yolunda böyük çətinliklər olmuşdur. Onun həyatı qeyri-adi həyat olmuşdur. Bütün bunlar Heydər Əliyevin həmişə xalqın yanında olmasına gətirib çıxarmışdır. O, əsl xalq adamı, xalq vurğunu, xalq fədaisi idi. Elə xalq da onu çox sevirdi, ona inanırdı, ona arxalanırdı və onunla qürur duyurdu.

Qədirşünaslıqla xatirəsini yad etdiyimiz görkəmli dövlət xadimi Heydər Əliyevin tarixi xidmətləri qarşısında tarixin özü də acizdir. O, özü bir tarix idi, tarix yaradırdı, tarix yazırdı. O, vətənin, millətin tarixini mükəmməl bilirdi. Tarixini mükəmməl bilən insan həmişə ədalətli olur. Ona görə də o, hər zaman dünyanı ədalətli olmağa çağırırdı, həqiqət carçısı olmağa çağırırdı. Ciddi sübutlarla sübut edirdi ki, onun xalqı, onun ölkəsi dünənin, bugünün deyil, tarixlərin, zamanların yadigarıdır. Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin müstəqil siyasəti olmalıdır. Heydər Əliyev Azərbaycanda müstəqil siyasətin banisidir. Bu siyasəti millətin xeyrinə yürütməyi bacaran görkəmli bir siyasi xadim idi. Onun siyasəti ölkəmizin hərtərəfli inkişafına istiqamətlənmişdir. O elə bir siyasətçi idi ki, onu siyasəti yalnız onun ölkəsinin deyil, bütün ölkələrin xeyrinə ola bilirdi, çünki o, müdrik siyasət yürüdürdü, həm milli, həm də ümumbəşəri siyasət yürüdürdü. Ona görə də Heydər Əliyevi bütün dünya dahi bir siyasətçi kimi qəbul edir və onunla hesablaşırdı.

Böyük liderlər həmişə sadə, səmimi və humanist olurlar. Sadəlik, səmimiyyət, humanizm Heydər Əliyevin həyat prinsipləri idi. Heydər Əliyev cəmiyyətə bu prinsiplərlə xidmət edirdi. Heydər Əliyev bütün insanların, bütün vətəndaşların lideri idi. O, kiçiklə kiçik, böyüklə böyük olmağı bacaran lider idi. Bu liderlik ona ilahidən gələn bir bacarıq olmuşdur.

Heydər Əliyev bir-birinə zidd iki sistemdə Azərbaycana rəhbərlik etmişdir. Lakin əqidəsini, məsləkini, mövqeyini heç vaxt dəyişməmişdir. Təbii ki, bu çətin yolda ona maneələr yaratmışlar, ancaq onun yüksək şəxsi keyfiyyətləri və nüfuzu bu maneələri məharətlə qıra bilmişdir.

Azərbaycanlı olmağı ilə fəxr edən, Azərbaycan haqqında danışarkən körpə uşaq kimi kövrələn böyük azərbaycanlı Heydər Əliyevin çətin və şərəfli ömrü müqəddəs dəyərlərlə zəngindir.

Heydər Əliyevin özü kimi, ailəsi də xalqımız, ölkəmiz üçün əvəzsiz xidmətlər göstərmişlər. Heydər Əliyevin sədaqətli həyat yoldaşı, akademik Zərifə Əliyeva görkəmli alimlərimizdən biri olub. Ölkəmizdə tibb elminin, səhiyyənin inkişafında Zərifə xanımın misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev və Zərifə Əliyeva Azərbaycan xalqına İlham Əliyev kimi fədakar bir övlad bəxş etmişlər. İlham Əliyev doğulduğu ailənin ənənələrini ləyaqətlə davam etdirən layiqli bir varis oldu. O, ailəsinə gözəl bir oğul, vətənə isə əsl vətəndaş oldu.

Dünyada qalib bir ölkə kimi tanınan ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət sayəsində uğurla inkişaf edir. Bu inkişafın təməlində ulu öndərin müdrik ideyaları dayanır. Bu ideyalar Azərbaycan xalqını xoşbəxt sabahlara, tərəqqiyə, yüksəlişə doğru aparır. Bu ideyalar müqəddəs məmləkətimizi ulu öndər Heydər Əliyevin arzuladığı böyük və güclü Azərbaycana doğru aparır.

Şükran Mustafayev,
YAP Xətai rayon təşkilatının “Aşıq Ələsgər 64” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü