03 may 2023 01:36
596

Əyləncə və həyəcan dolu Bakı treki...

Rekordları qıran builki möhtəşəm Formula 1 Azərbaycan Qran-Pirisi də həmişəki kimi Xəzər sahilindəki məşhur şəhər halqası boyunca azarkeşləri coşdurdu

Bakı Şəhər Halqası yeddinci mövsümü ilə minlərlə azarkeşi 2023 Formula 1 Azərbaycan Qran-Prisində uğurla qarşıladı. Həmişə olduğu kimi, rekordları qıran builki Bakı trekinin Xəzər sahilindəki məşhur şəhər halqası boyunca bütün tribuna biletləri tamamilə satılaraq dünyanın 100-dən çox ölkəsindən azarkeşi bir araya gətirdi. Eyni vaxtda 30 minə yaxın sürət həvəskarının canlı izlədiyi Azərbaycan Qran-Prisini 250-ə yaxın yerli və xarici media işıqlandırdı.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarış həftəsinin əlamətdar xəbəri kimi, Azərbaycan Qran-Prisi Formula 1 yarışları təqvimində daha 3 il müddətinə yer almaqla müqavilənin müddəti 2026-cı ilədək uzadıldı. Bu mötəbər yarış 10 milyonlarla izləyicisi olan Formula 1-in rəsmi sosial media hesabları ilə dünyanın diqqət mərkəzində oldu.

Şənbə günündə həftəsonu formatındakı dəyişikliyə əsasən, Formula 1 Azərbaycan Qran-Prisində ilk dəfə olaraq 17 dövrəlik sprint yarışı baş tutdu. Mövsümün ilk sprint yarışında “Red Bull” pilotu Serxio Peres 17 dövrəni tamamlayaraq ilk yerdə qərarlaşdı.

İlk dəfə Bakı Şəhər Halqasında dayanıqlılığın təbliği və ekologiyaya vurulan ziyanın minimuma endirilməsinə yönəlmiş “Yaşıl” marşal postu quruldu. “Yaşıl” marşallar yalnız plastikdən minimum istifadə olunmasına çağırış edərək ətraf mühitin qorunmasına dəstək göstərdilər.

Yarış həftəsonunu tribunadan izləmək üçün İkinci Qarabağ müharibəsində xalqımıza tarixi Qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olundular. 2500-ə yaxın şəhid ailəsinin üzvü və Vətən müharibəsində iştirak etmiş qazilər 3 gün ərzində Azərbaycan Qran-Prisinin həyəcanını canlı izlədi.

Üç gün ərzində trekdən kənarda F1 azarkeşləri üçün fan zonada bir-birindən fərqli əyləncələr təşkil edildi. Ənənəvi olaraq, F1 pilotlarının iştirakı ilə Fan forumlarda avtoidman həvəskarları heyran olduğu pilotlardan avtoqraf almaq imkanı əldə etdilər. Dənizkənarı Bulvar ərazisi səhnəsində dünyaca məşhur musiqiçilər - niderlandlı DJ Hardwell və Don Diablo təkrarsız ifaları ilə azarkeşləri coşdurdu. Yüksək templi canlı ifa, dinamik vizual effektlər, həmçinin şəhərimizdə ilk dəfə olaraq 1000 ədəd dronu eyni vaxtda səmaya qaldıran şou azarkeşləri coşdurdu.

Bakı yarışının son günü avtoidman ulduzlarının unikal şəhər halqasında yüksək sürətli mübarizəsi ilə başa çatdı. “Red Bull” komandasının pilotu Serxio Peresin Bakıdakı ikinci qələbəsi bu trekdə bir komandanın növbəti Zəfəri olmaqla yeni hadisə oldu. Qalibə Odlar yurdunu simvolizə edən alovşəkilli kubok təqdim olundu.

Cavid Əkbərov, “İki sahil”