01 may 2023 15:22
595

Azərbaycanın uğurlu enerji diplomatiyası

Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir hissəsi olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyevin aprelin 25-də bu ölkəyə işgüzar səfəri bu reallığı bir daha təsdiqləyir.  Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin dəvəti ilə aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev bu ölkədə işgüzar səfərdə olub. Bu səfər Prezident İlham Əliyevin Bolqarıstana sayca beşinci səfəridir. Bundan əvvəl dövlətimizin başçısı bu ölkəyə 2005-ci, 2015-ci və 2022-ci illərdə rəsmi, 2009-cu ildə isə işgüzar  səfər edib. Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur. 1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə cənab İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında Sərəncam imzalamışdır.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da sıx bağlarla güclənməsi istiqamətində mühüm töhfələr vermişdir. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə yüksəlib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rola malikdir. Bu baxımdan da Avropa Azərbaycanla münasibətlərə və əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyevin Bolqarıstana səfəri mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin  bu səfəri çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”u imzalanıb. Əldə edilən bu sənədlər enerji resurslarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addımdır. Keçən  il ölkələrimiz arasında əlaqələrin yaradılmasının otuzuncu ildönümü qeyd edildi. Əlbətdə ki, bu müddət ərzində ölkələr arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Elə bunun nəticəsidir ki, ölkələrimiz arasında səmərəli əməkdaşlıq uğurla davam etdirilir. Bu ilin aprel ayının 25-də imzlanan Anlaşma Memorandumu “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev geniş və məzmunlu çıxışında vurğuladı ki, bu gün imzalanmış  Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.

Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Xatırladaq ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib. Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi mərasimi ötən il 30-sentyabr-1 oktyabr tarixində Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri çərçivəsində baş tutmuşdu. Həmin mərasimdə iştirak edən dövlətimizin başçısı bu hadisənin əhəmiyyətini vurğulamışdı. Azərbaycan Prezidentinin Sofiyaya aprelin 25-də gerçəkləşən işgüzar səfəri zamanı isə hər iki dövlətin başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı keçirilib. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan-Bolqarıstan münasibətləri bundan sonra da davamlı olaraq genişlənəcək və dinamik inkişaf edəcək. Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.  Görüşdə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.

Azərbaycan enerji sahəsində böyük layihələrin icrası zamanı boru kəmərlərinin ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycanı müdrik siyasət nəticəsində böyük inkişaf yoluna çıxarmış dövlət başçısı cənab İlham Əliyevin sözü imzası qədər qüvvədədir. Dövlətimiz enerji sahəsində həyata keçirdiyi siyasət bir çox ölkələr və təşkilatlar üçün açıq nümunədir. Dövlətimizin enerji diplomatiyasından bir çox ölkələr faydalanmağa çalışır. Azərbaycan bu sahədə meqalayihələrin uğurla icra olunduğu dövlət kimi ölkə kimi tanınır. Ölkəmizin Neft meqalayihələri, qaz və yaşıl enerji layihələri uğurla icra olunur.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri