Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasının enerji diplomatiyası bu gün ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Sözsüz ki, Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” ötən illərdəki iqtisadi inkişafımıza möhkəm və sağlam təməl formalaşdırmış oldu. Bu hadisə Ulu Öndərin doğma xalqı naminə göstərdiyi ən önəmli xidmətlərdən biri idi. “Əsrin kontraktı”nın imzalanmasından keçən 29 il ərzində Azərbaycan iqtisadiyyatı durmadan inkişaf etmiş və hal-hazırda da inkişaf etməkdədir.
Müasir dövrdə dünyada gedən prosesləri, o cümlədən kəskin xarakter almış Rusiya–Ukrayna münaqişəsini nəzərdən keçirsək görərik ki, Avropa ölkələrində enerji təhlükəsizliyi məsələsi həddən artıq aktual problemə çevrilmişdir. Azərbaycan Respublikasının enerji siyasəti isə məhz belə çətin şəraitdə Avropanın enerji təhlükəsizliyinə öz töhvəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əlievin Avropa ölkələrinə vaxtaşırı səfərləri və burada keçirdiyi vacib görüşlər ölkəmizin nə qədər etibarlı tərəfdaş olduğunu bir daha təsdiq edir. Dövlətimizin Avropa ilə enerji sahəsində əməkdaşlığında Balkan ölkələrinin xüsusi çəkisi var. Bu baxımdan Cənab Prezident İlham Əliyevin 25 aprel 2023-cü il tarixində Bolqarıstana rəsmi səfəri, Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimi əlamətdar hadisə kimi qeyd oluna bilər. Bu Anlaşma Memorandumu onu imzalamış tərəflərin xalqlarının rifahına mühüm töhvələr verəcək.
Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artırsın və tərəfdaşlarını təbii qazla təmin etsin. Ölkəmiz uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərməkdədir. Bundan başqa Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bütün bunlar Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli bir ölkə olduğunu göstərir. Artıq bu reallığı Avropada da gözəl anlayırlar. Elə bu səbəbdən də onlar Azərbaycan Respublikası ilə daha yaxın əməkdaşlığın qurulmasına xüsusi maraq göstərirlər.
Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir və əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Azərbaycan və bolqar xalqları arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq hər iki dövlət üçün yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın böyük gələcəyi var. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları atır və atacaqdır.
Cavid Məmiyev
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri