28 aprel 2023 10:30
521

Azərbaycanın uğurlu enerji diplomatiyası: Strateji tərəfdaşlarımızın sayı artır

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına tarixi anlaşmalarla yadda qalan səfəri reallaşdı. Bu səfər ölkəmizin Avropanın enerji təhlükəsizliyi ilə bağlı iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələrin icrası istiqamətində atılmış növbəti mühüm addım oldu. Son illər enerji böhranı yaşayan Avropada baş verən hadisələrlə əlaqədar Azərbaycanın əhəmiyyəti artır. Bir neçə il əvvəl Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ölkəmizi Avropanın enerji təchizatında mühüm oyunçuya çevirib. Hazırda “köhnə qitə” Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan və Aİ arasında “Avropa Komissiyasına təqdim olunmuş Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da bunu sübut edir.

Qeyd edək ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”u imzalanıb.

İmzalanma mərasimində video-müracitəi yayımlanan Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun fikirləri diqqət çəkir.

O, bu sənədin regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğulayıb.

“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir”-deyə, xanım Kadri Simson bildirib.

Prezident İlham Əliyev çıxışında bildirib ki, bu, enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır.

“Bu Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq. Xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin də vurğuladığı kimi  Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Bu gün  Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”.

Qeyd edək ki, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzalayıb. Bu sənədə əsasən ölkəmiz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırıb. 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qazı çatdırıb, bu il isə bu rəqəm 12 milyard kubmetrə çatacaq.

Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, ölkəmiz bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırır.

Bakı yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindədir. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda enerji sahəsində Azərbaycanın tərəfdaşımıza çevrilə bilər. Beləliklə Azərbaycan qaz təchizatı coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək.

Beləliklə ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu enerji diplomatiyasını davam etdirir. Bu diplomatiya Azərbaycana yeni strateji tərəfdaşlar qazandırıb.

Diqqət çəkən məqamlardan biri də, son zamanlar Balkan regionunun Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən birinı çevrilməsidir.  Azərbaycanın Balkan ölkələri ilə əlaqələri ilə, o cümlədən Bolqarıstanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirir.

Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaradır. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşına çevrilib. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.  

Azərbaycan öz ərazilərini işğaldan yenicə qurtarmış dövlətdir. Qarşıda böyük vəzifələr: Qarabağ və Şərqi Zəngəzur bölgələrinin minalardan təmizlənməsi, geniş miqyaslı tikinti-quruculuq işləri var. 10 noyabr 2020-ci il üztərəfli Bəyanatına uyğun olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru əlaqələrini bərpa edən Zəngəzur dəhlizinin açılması prioritet məsələdir. Bu günlərdə Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurdu. Azərbaycan öz məqsədlərinə addım-addım yaxınlaşır. Son məqsəd Azərbaycanın Qarabağ iqtisadi rayonunda tam nəzarəti ələ almaq, qanunsuz erməni silahlı dəstələrini ləğv etmək, bölgədə uzunmüddətli sülhün və sabitliyinin təmin olunmasıdır. Lakin görünən odur ki, bunu, dolayısı ilə Azərbaycanın güclənməsini istəməyən dövlətlər var. Belə bir zamanda Azərbaycanın nüfuzlu beynəlxalq tərəfdaşlara ehtiyacı var. Prezident İlham Əliyevun uğurlu enerji siyasəti, diplomatik məharəti heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq məkanda öz maraqlarını ifadə etməsi üçün  daha geniş imkanların yaranmasına səbəb olacaq.

Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü