Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında çox mühüm rol oynamaqdadır. Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələri ölkəmizi özünəməxsus iqtisadi modelə malik dövlət kimi səciyyələndirir.
Enerji təhlükəsizliyi birbaşa regionun əmin-amanlığına, təhlükəsizliyinə qarantdır.Bütün maneələrə baxmayaraq Azərbaycan tərəfindən inadkarlıqla müdafiə olunan və böyük səylər hesabına həyata keçirilən enerji layihələri bu gün Avropanın diqqət mərkəzindədir. Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qaz həcminin 2 dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı intensiv şəkildə aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycanın enerji siyasətinin Avropa üçün xilas mənbəyi olduğunu göstərir. Cənab Prezident İlham Əliyev bu gün enerji təhlükəsizliyi sahəsində yeni səhifə açdığımızı bəyan edib.
Cənub Qaz Dəhlizinə və Azərbaycanın digər enerji layihələrinə getdikcə artan maraq da onu göstərir ki, Azərbaycanın enerji siyasəti bütün ölkələr arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət edir.
Cari ilin 25 aprel tarixində Sofiyada Bolqarıstan,Rumıniya, Macarıstan, Slovakiya və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirildi. Bu mərasimin keçirilməsinin əsas məqsədi enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi olmuşdur. Bu istiqamətdə imzalanmış Memorandum çox mühüm addımdır.
Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaradır. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük stimuldur. 1 ay öncə Bolqarıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Bu fakt ölkələrimiz arasında əməkdaşlığın necə yüksək səviyyədə olmasını bir daha sübut edir. Ölkələr arasında siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.
Cənab Prezident İlham Əliyevin Anlaşma Memorandumunun imzalanması mərasimindəki çıxışı sübut edir ki, Onun rəhbərliyi ilə ölkəmizin dünya və Avropa ölkələri arasında nüfuzu ildən ilə artmaqdadır. Cənab Prezident qeyd etdi ki, “Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır.
İmzalanmış Anlaşma Memorandumu tətbiq olunduqdan sonra Avropada enerji təhlükəsizliyi birmənalı şəkildə güclənəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə qaz ixrac etməyə fürsət yaradacaq.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri