28 aprel 2023 23:58
611

Sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü

Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşü belə dəyərləndirilir

Dünya hər zaman tarixin bütün sınaqlarından şərəflə çıxan Azərbaycan-Türkiyə qardaşlığının nümunəsinin şahidinə çevrilir. Bu, ondan irəli gəlir ki, bu qardaşlıq yalnız söz olaraq ifadə edilmir, böyük inama, etimada və səmimiyyətə əsaslanır.

Tarixin hansı dönəminə nəzər salsaq iki dost ölkənin sevincli, kədərli anlarında biri-birinin yanında olduğunu görərik. Tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən bu dostluq, qardaşlıq dünyanın diqqətindən kənarda qalmır. Bu günlərdə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbə qazanan Türkiyədən olan qadın idmançıların atdığı addım bu qardaşlığın daha bir nümunəsi oldu. Bir gün öncə Azərbaycan Bayrağını yandırmaqla düşmənçiliyini, nifrətini nümayiş etdirən ermənilər növbəti gün başlarının üzərində Türkiyə bayrağının ucaldılmasının şahidi oldular.

Əbəs yerə deyilmir ki, idman da bir siyasətdir. İdman yarışlarında qazanılan qələbələr həmin ölkənin təqdimatı olmaqla yanaşı, münasibətlərdə səmimi, qeyri-səmimi, bir-birlərinə hansı ruhda yanaşmalarına baxmayaraq Dövlət Himni ayaq üstə dinlənilməlidir. Qardaş Türkiyənin Azərbaycan Bayrağının yandırılmasına cavabı idmançılarının qələbəsi, ən əsası bu qələbəni Azərbaycana, Azərbaycan xalqına həsr etmələri oldu.

Ermənilərin 23 aprel tarixində qondarma “erməni soyqırımı” ilə bağlı yürüşə hazırlığın ilk dəqiqəsində Azərbaycan və Türkiyə bayraqlarını yandırmaları da özündə bütün məqamları ehtiva edir. Ermənilər Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürməklə yanaşı, dost, qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” məsələsini qaldırırlar. Hər il aprelin 24-də qondarma “erməni soyqırımı” gününü qeyd edir, dünyanın diqqətini yalanlarına yönəltməklə nəsə əldə edəcəklərini düşünürlər. Şübhəsiz ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz ermənilərə belə yanlış düşüncələrinə son qoymaları üçün bir çağırış olmalıdır. Tarixi ədaləti, beynəlxalq hüququ yalanla ört-basdır etmək mümkünsüzdür. Baxmayaraq ki, həqiqət anı kimi dəyərləndirilən belə günlərdə dünya güclərinin hansı mövqeni ortaya qoyacaqları maraqla izlənilir. Yenə də Fransa Ermənistana dəstəyini açıq şəkildə ifadə etdi. Demək, Fransa kimi dünya gücləri üçün ədalət deyilən məfhum maraqlardan öndə ola bilməz. Belə olan təqdirdə sual olunur: Dünyada etimad mühitinin mövcudluğu hansı dəyərlər əsasında müəyyən edilir?

Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq məğlubiyyətini həzm edə bilmədiyi açıq-aydın özünü göstərir. Bir ölkənin daxilində başqa ölkənin dövlət rəmzinə hörmətsizlik edilir, bunu ölkə rəhbərliyi adi qarşılayırsa, eyni zamanda, kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçən güc dövlətləri susursa, artıq geniş şərhə ehtiyac duymuruq. Bayrağın yandırılması ssenarisinin müəllifi Ermənistan hakimiyyətidir. Bu hadisənin icraçısının Paşinyan ailəsinə yaxın adamın olması artıq bütün məqamlara aydınlıq gətirir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, dövləti bu çirkin əməlin müəllifidir: “Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar. Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər… əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.”

Dövlət başçısı İlham Əliyev həmin müsahibəsində Türkiyədən olan qadın idmançıların qələbəsinə də diqqəti çəkərək qeyd etmişdir ki, Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik: “Birinci, ona görə ki, onlar Ermənistanda - düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk Bayrağını yüksəklərə qaldırdılar. Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir. Ona görə onlar bütün Azərbaycan xalqının sevgisini qazandılar.”

Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İdman və Gənclər Nazirliyi həmin idmançıları ölkəmizə dəvət etmişdi. Aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşdülər. Eyni zamanda, dövlət başçısı İlham Əliyev 28 aprel 2023-cü il tarixdə “Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzaladı. Bu mühüm sənəd həmin idmançıların İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr etmələrinə əsaslanır.

Prezident İlham Əliyev sözügedən müsahibəsində bu reallığı da xüsusi qeyd etmişdir ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır. Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü: “Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar.”

Bu xatırlatmanı da etmək istərdik ki, Azərbaycan “Eurovision” mahnı yarışmasında biriciliyi qazananda qaliblərimiz sıhnəyə Azərbaycan və Türkiyə bayraqları ilə qalxmışdılar. Cənab İlham Əliyev bu qələbəni Azərbaycan və Türkiyənin müştərək yeri kimi qeyd etmişdir. Bu kimi faktları xeyli sayda sadalamaq olar. Məhz birliyimizin sarsılmazlığının göstəricisidir ki, dünyada da bu reallıq etiraf edilir ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci ölkələr yoxdur. Təkcə son iki ildə, tarixi Zəfərimizdən bugünədək münasibətlərdəki dərinləşmələr diqqətdədir. Azərbaycan və Türkiyə bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə səy göstərir. O da məlumdur ki, aprelin 28-də Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, Milli Müdafiə Universitetində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin üçtərəfli görüşü keçirildi. Belə görüşlərin keçirilməsinin hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcəyinə əminlik ifadə edildi.

Möhtəşəm Qələbəmizin yaratdığı reallıqlar fonunda region, türk dünyası, həmçinin Avropa dövlətləri arasında əlaqələrin inkişafına diqqət yetirdikdə bu əməkdaşlığın müxtəlif səviyyələrdə qurulduğunu və dövlətlərarası münasibətlərə böyük töhfələr verdiyini görürük. Azərbaycan-Türkiyə qardaşlığı ümumilikdə türk dünyasına nümunədir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu birliyin hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında özünü təsdiqlədiyini bildirir. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında olub. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya məhz hər iki dost, qardaş ölkənin prezidentlərinin birgə iştirakı ilə açılıb. Azərbaycan və Türkiyə Zəngilanda birgə investisiya layihəsini həyata keçirirlər. Bu qardaşlığın tarixinin qədimliyi hazırkı dövrdə əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafında öz sözünü deyir.

Bu qardaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün böyük əsaslar mövcuddur. Reallıq budur ki, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücü kimi qəbul edilir.

Yeganə Əliyeva, “İki sahil”