Üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməyən Azərbaycan deyil, Ermənistan və Rusiya sülhməramlılarıdır
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 27-də parlamentdəki çıxışı zamanı yenidən riyakarcasına Azərbaycanı regionda vəziyyəti davamlı olaraq gərginləşdirməkdə və “Ermənistanı Qarabağla birləşdirən Laçın-Xankəndi yolunun başlanğıcında qanunsuz olaraq keçid məntəqəsi quraşdırmaqda” ittiham edib. Guya bununla da Qarabağa aparan yol Azərbaycan tərəfindən rəsmən bağlanıb. Paşinyan tipik erməni xislətinə uyğun olaraq Azərbaycanın bu addımını Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın bütün bəndlərinin pozulması kimi qiymətləndirib. Bəs əslində məlum Bəyanatın müddəalarını pozan, öhdəliklərini yerinə yetirməyən kim, daha dəqiqi kimlərdir?
Əvvəlcə qeyd edək ki, Azərbaycanın öz legitim hüququndan istifadə etməklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Ermənistan ilə şərti sərhədin Laçın-Xankəndi yolunun giriş hissəsində sərhəd-buraxılış məntəqəsini təsis etməsi başda Paşinyan olmaqla bir çoxlarının ölkəmizə qarşı məkrli planlarını pozmuş oldu. Həkəri çayı üzərindəki körpüdə girişində üç dildə “Diqqət! Siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazılı lövhə vurulmuş və üstündə üçrəngli bayrağımızın dalğalandığı bu məntəqə dövlət sərhədimizin bütövlüyünün təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda, Azərbaycanın əzminin, qətiyyətinin və möhtəşəm Zəfərinin nümayişidir. Ermənistana, onun havadarlarına və bütün dünyaya bir daha göstərdik ki, bizim daxili işlərimizə heç kim qarışa bilməz, xəbərdarlıqlar, müzakirələr nəticəsiz qaldıqca davamlı olaraq zəruri addımlar da atılacaq.
Əslində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasının Ermənistanın baş nazirini və ermənipərəstləri narahat etməsi o qədər də təəccüb doğurmur. Elə bu addımın atılmasını şərtləndirən bir sıra ciddi amillərin mövcudluğu da onlara çoxdan bəlli idi. Faktiki olaraq dəfələrlə edilmiş xəbərdarlıqlara rəğmən Hayastandan sözügedən yol vasitəsilə Azərbaycan ərazisinə, Qarabağdakı separatçılara və Ermənistan ordusuna məxsus silahlı birləşmələrə mütəmadi olaraq silah-sursat, hərbi ləvazimat, istifadəsi qadağan edilmiş piyadalar əleyhinə minalar daşınırdı. Odur ki, bütün bu qanunsuzluqlara son qoyulmalı idi və qoyuldu. Elədirsə, müstəqil bir dövlətin bütün beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən tanınmış suveren ərazisinin sərhədində post qurması niyə müzakirə mövzusu olmalıdır ki? Bununla 10 noyabr Bəyanatının müddəalarının pozulması ilə bağlı iddialara gəlincə, bu absurd ittihamların da əsaslı cavabları var.
Birincisi, Bəyanatın 4-cü bəndiindiyədək Ermənistan və Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti, yəni əslində Rusiya Federasiyası tərəfindən yerinə yetirilməyib. Həmin bənddə çox dəqiq ifadə olunub: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.”
Bəyanatın imzalanmasından, eləcə də Rusiya sülhməramlılarının yerləşməsindən iki il yarım vaxt keçir. Erməni silahlı qüvvələrinin qalıqları çıxarılıbmı? Xeyr! Bunun məsuliyyəti isə təbii ki, həm Ermənistanın, həm də Rusiya sülhməramlı kontingentinin üzərinə düşür.
İkincisi, Bəyanatın 6-cı bəndində yazılıb ki, Azərbaycan Respublikası Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Maraqlıdır, Azərbaycan yola nəzarət etmədən təhlükəsizliyi necə təmin edə, zəmanəti necə verə bilər? Deməli, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi əslində bu baxımdan zəruri addımdır və Bəyanatın müddəalarının pozulması yox, həyata keçirilməsidir.
Üçüncüsü, sözügedən sənədin 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulub. Qeyd edilib ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Yenə də xatırladaq, 2020-ci ilin 10 noyabrından iki il yarım keçir, Ermənistan isə bu bənd üzrə nəinki öhdəliyini yerinə yetirməyib, əksinə, bu istiqamətdə hər hansı bir addım atmayıb.
Nəhayət, üçtərəfli Bəyanatın heç bir bəndində yazılmayıb ki, Ermənistanın baş nazirinə və ya prosesdə missiyası sadəcə vasitəçilik olan Rusiya tərəfinə Azərbaycanın daxili işlərinə burunlarını soxmaq səlahiyyəti verilir. O zaman Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yer alan 24 aprel tarixli məlumatda hansı haqla Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması “Azərbaycan tərəfinin birtərəfli və razılaşdırılmamış hərəkətləri”, “Laçın dəhlizi ilə nəqliyyatın hərəkətini kəsib” kimi təqdim edilib. Azərbaycan öz legitim hüququndan istifadə edərkən kiminlə və niyə məsləhətləşməli idi ki?
Bəs Qarabağdakı separatçılara silah-sursat daşıyan hərbi kolonların dəfələrlə Rusiya sülhməramlıları tərəfindən müşayiət edilməsi Bəyanatın müddəalarının pozulması deyilmi?
Bax, bütün bunlara görə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə nəyi nə vaxt və necə edəcəyini yaxşı bilir. Bilir və edir, edəcək də...
Mahir Rəsuloğlu, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri