29 aprel 2023 01:14
642

Satqın ataların xəyanətkar övladları

AXCP sədri Əli Kərimlinin, Müsavatın sabiq başqanı İsa Qəmbərin oğlanlarının erməni sevgisi valideynlərindən miras qalan vətənsizlikdir

«Zaman ən ədalətli hakimdir» aforizmi bu günlər bir daha təsdiqləndi. Hakimiyyətə tankların üstündə gəldiklərini ağızları köpüklənə-köpüklənə söyləyən, özlərini qəhrəman, Vətənə sadiq övladlar kimi təqdim edən keçmiş AXC-Müsavat iqtidarının başabəla rəsmilərinin- əlikərimlilərin, isaqəmbərlərin paxırları bir-bir açılır. Hakimiyyətə zorla sahiblənən bu cütlüyün Azərbaycanın iqtisadiyyatına, diplomatiyasına vurduğu zərərləri demirik. Onların ən böyük xəyanətləri isə gələcəyimiz olan gənclərin mənəviyyatını korlamaları, yeni nəsildə anti-Azərbaycan ruhu formalaşdırmalarıdır. Özlərini ana müxalifət hesab edən sabiq başqan İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin tarixən düşmən olduqlarını düşərgə mənsubları kimi, bütün ictimaiyyət də yaxşı bilir. Onların erməni dayılarına, imperiya qüvvələrinə xidmət göstərmələri də dəfələrlə sübut olunmuş faktdır. AXCP sədri Əli Kərimlinin partiyanın gənclər birliyinin sədri Ruslan Bəşirlinin başına açdığı oyunların, ermənilərlə iş birliyi üçün gənclərdən istifadə əməllərinin nəticələri yaddan çıxmayıb. Guya eyni məqsədə qulluq etdikləri görüntüsünü yaradan AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin xəyanətlərini təsdiqləyən faktlar yetərincədir.

Əli Kərimlinin müxtəlif telekanallarda demokratiyadan, Vətənə sadiqlikdən, torpağa bağlılıqdan ağızdolusu danışması özünü təkzib, xəyanətlərini pərdələməkdir. Gəncləri icazəsiz mitinqlərə səsləməklə onların özü kimi xəyanətkar olmalarını istəyən Əli Kərimlinin oğlu Türkel xarici ölkələrdə artıq tarixə göndərilmiş keçmiş «Dağlıq Qarabağ respublikası»nın sabiq «prezidenti» Bako Saakyanın oğlu ilə kafelərdə eyş-işrətlə məşğul olduğu, qol-qola gəzdiyi zamanlarda əsl vətənpərvər oğullarımız səngərlərdə ermənilərə qan uddururdular. Bu azmış kimi Pensilvaniyada gizlənən baş FETOçu Gülənlə təmaslar quran bala Kərimli Türkiyə-Azərbaycan qardaşlığına də zərbə vururdu.

2016-cı ilin 15 iyulunda Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı da vaxtilə «Şeytanla belə əməkdaşlığa hazıram» deyən, «Gülən piramidası»nın baş maliyyəçisi Murat Kılıclının vasitəsilə pul yardımı alan Əli Kərimli kimi, Türkel də şeytan, iblis xislətli baş fetoçu ilə əlaqə saxlayırdılar. Başqa cür ola da bilməzdi. Çünki funksionerlərin etiraf etdikləri kimi radikallaşan, təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilən AXCP sədrindən başqa hərəkət gözləmək mümkün deyildi. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyənlər, dini radikalizmi təbliğ edənlər, terrorçular Əli Kərimlinin yanında lövbər salırdılar. Belə ki, həmişə milli maraqları sataraq xəyanətlərinə yenilərini əlavə edən Əli Kərimli övladı Türkeli də özünəxas, milli xəyanət ruhunda tərbiyə edib. Vətən yolunda canlarından keçən şəhidlərimizə göstərilən dövlət qayğısının guya yetərincə olmadığından utanmadan bəhs edən Əli Kərimli bilməliydi ki, haram pulla bəslənən yekəpər oğlu bir dəfə də olsun Qarabağı, səngəri görməyib, barıt qoxusu udmayıb. Əksinə, Azərbaycanın Ermənistan üzərindəki Zəfərinə ermənilərlə birgə kədərlənib. Amma Vətəni satmaqda liderliyini qoruyan kərimlilər ailəsi tək deyil.

Son günlərdə Müsavatın sabiq başqanının oğlu İlkin Qəmbərin erməni sevgisini etiraf etməsi göstərdi ki, illərdən bəri rəqib olsalar da AXC-Müsavat cütlüyündə yüksək vəzifə postunu zəbt edən Əli Kərimli ilə İsa Qəmbəri birləşdirən oxşar məqamlar vardır: Valideynlik məsuliyyətlərinə də xəyanət etmək. Xatırladaq ki, İsa Qəmbər Almaniyada və Gürcüstanda Erməni Ümummilli Hərəkatının rəhbəri Aram Manukyanla əməkdaşlıq haqqında saziş imzalayanda satqınlığını, erməni sevgisini tədiqləmişdi. Hazırda Türkel də , İlkin də atalarının Vətənə xəyanət yolunu davam etdirirlər. Hayların saxta « erməni soyqırımı» günündə İlkin Qənbərin «Tvitter»də «Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt.» paylaşımına xəyanətdən başqa ad vermək olmaz. Qarabağda torpaqlarımız uğrunda Vətən müharibəsinin davam etdiyi günlərdə Kanadada «böyük Ermənistan» filmini çəkən İlkinin də Türkel kimi erməni təəssübü sonsuz imiş.

Hadisə ilə bağlı guya təəssüfləndiyini, oğlu ilə uzun illərdir «görüşmədiyini» bildirməklə özünü təmizə çıxarmağa çalışan İsa Qəmbərin «sığortalanma» cəhdləri «üzürü günahından betər» təsəvvürü yaradır. Bu anda istər-istəməz fikirləşirsən: Görəsən, valideyn kimi, övladlarında Vətənə məhəbbət hissi yaratmağı bacarmayan əlilər, isalar ölkəyə rəhbərlik etsəydilər Azərbaycanın taleyi necə olardı?

Cavabı Prezident İlham Əliyevin bu sözləridir: « Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər.»

Əlavə edək ki, AXC -Müsavat cütlüyünün iqtidarı dövründə Ləl-Cəvahirat Fondu talanmışdı. Erməni təcavüzü ilə üzləşən ölkəmizin xilası üçün əlində olan qızılları, pulları ordu quruculuğu üçün toplayan xalqın bu xeyirxahlığından da öz mənafeləri naminə istifadə edən, torpaqları satan iqtidarsızlar o vaxtlarda da Vətənə məhəbbət duyğularından kasad idilər. Müxtəlif dövlətlərə xidmət edərək daha çox varlanmağa çalışırdılar.

Belə ki, Əli Kərimlinin, İsa Qəmbərin və digər antimillilərin ölkəmizlə bağlı söz demək haqları yoxdur. Öz Vətənini ləkələməklə onu satan əlilər, isalar ilk növbədə aillərində nizam-tərəzini düzgün qurmalıdırlar. Özləri kimi Vətənsiz övlad sahibi olmaq isə ikiqat xəyanətdir.

Xuraman İsmayılqızı, «İki sahil»