29 aprel 2023 02:15
662

Erməni iqtisadçılardan həyəcan təbili: yoxsulluq səviyyəsi durmadan artır

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan İqtisadi Siyasət Şurasının iclasında 2022-ci ildə ölkənin iqtisadi göstəriciləri ilə bağlı həqiqətdən uzaq məlumatlar səsləndirib. O iddia edib ki, iqtisadiyyatın artımı 12,6 faiz təşkil edib ki, bu da guya dünyada dördüncü göstəricidir. Onun sözlərinə görə, 2017-2018-ci illərlə müqayisədə büdcə gəlirləri müvafiq olaraq 2 və 1,8 milyard dollar artıb, işsizlik azalıb.

Buradan belə qanaətə gəlmək olar ki, Ermənistanda hər şey əladır. Paşinyan bunu siyasi mənfəət üçün gündəmə gətirməklə nə qədər cazibədar görünməyə çalışsa da, bir şeyi - iqtisadi rəqəmlərin saxtakarlığa, özünü aldatmağa səbəb ola biləcəyini və ya onu informasiya xarakterli “tematik”ə çevirməyin təhlükəsini və risklərini unudur. Bu, zahirən təsiredici, lakin praktiki olaraq heç bir şey olmayan, heç bir real nəticə və keyfiyyət ehtiva etməyən, heç bir yeni mərhələyə gətirib çıxarmayan bir vəziyyətdir. Qütbləşmə isə Ermənistan iqtisadiyyatının əsas problemlərindən biri olub və olmaqda davam edir. Məsələn, Ermənistanda yoxsulluq səviyyəsi yüksək olmaqda davam edir və iqtisadi artım vasitəsilə yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq əsas problemdir. Eyni zamanda, Ermənistanda yüksək inflyasiya var və aşağı məzənnə siyasəti ilə əhəmiyyətli dərəcədə idarə olunur. Bu isə öz növbəsində yerli istehsalçıya zərər vurur və ixracı bahalaşdırır.

Bir çox ekspertlər Ermənistanın iqtisadi perspektivləri ilə bağlı kifayət qədər bədbin, hətta SOS siqnalları verməyə başlayıblar. Artıq Ermənistan Mərkəzi Bankı həyəcan təbili çalmağa başlayıb. Məsələ ondadır ki, beynəlxalq enerji və ərzaq məhsulları bazarlarında baş verən hazırkı proseslər erməni bazarı üçün inflyasiya gözləntilərini daha da artırmağa başladıb. Belə bir şəraitdə inflyasiya həddi 2023-cü ilin sonuna qədər daha 10 faizə yaxın artacaq və bunu erməni iqtisadçıları da etiraf edirlər. Daha bir fakt budur ki, iqtisadi fəaliyyət mühiti ilə biznesin inkişafı və azad rəqabətin təmin edilməsi əlverişli deyil. Digər bir problem xarici kapitalın hərəkəti, yerdəyişməsi ilə bağlıdır. Rəsmi məlumatlara görə, ilin ilk üç ayında Ermənistandakı xarici rezidentlər banklardakı əmanət şəklində saxlanılan 125,5 milyard dramını bank sistemindən çıxarıblar. Söhbət 241 milyon dollardan çox vəsaitdən gedir. Üç ayda qeyri-rezidentlərə məxsus bu qədər pul banklardan çıxarılıb. Bu çətin ki, bir təsadüf ola bilər. Bunlar yalnız banklardan deyil, eyni zamanda, ölkədən də çıxarılan məbləğlərdir. Ermənistandakı qeyri-sabitlik səviyyəsi çox yüksəkdir. Bu da xarici kapital sahiblərini narahat edir.

Ermənistanda adi vətəndaşlar da narahatdırlar. Bu, bank pullarının hərəkətliliyindən, yerdəyişməsindən aydın olur. Bank sistemindən və ölkədən kapital axını iqtisadiyyat üçün pis bir siqnaldır. Xüsusilə ciddi maliyyə mənbələrinə ehtiyacı olan bir iqtisadiyyat üçün çox pis göstəricidir.

Göründüyü kimi gündən-günə daha da pisləşən iqtisadi durum, artan vətəndaş narazılığı, regionda bütün inkişafdan geri qalan Ermənistanın ermənilərsiz qalmasına təkan verir. Paşinyan hakimiyyəti isə hazırda insanların ölkədən qaçmasının, demoqrafik vəziyyətin geriləməsinin qarşısını ala bilmir. Ötən ilin statistikasına görə, Zvartnots və Şirak beynəlxalq hava limanları vasitəsilə ölkəni tərk edənlərin sayı daha artıq olub. Belə ki, 2022-ci il üçün hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 47 323 nəfər çox olub.

“Ermənistan əhalisinin artımının təmin edilməsində ciddi problem var, çünki 2050-ci ilə qədər 1 milyon insan Ermənistandan mühacirət edə bilər”. Bunu Ermənistanın “The Future Armenian” inkişaf fondunun əhalinin artımı üzrə ekspert komissiyasının sədri, “Orran” xeyriyyə təşkilatının rəhbəri Armine Hovhannisyan deyib. Onun sözlərinə görə, bu halda ölkə əhalisi cəmi 2 milyon nəfər olacaq. Hovhannisyan qeyd edib ki, Ermənistandan yüz minlərlə insan mühacirət edir və Suriya və ya İraqdan immiqrasiya zamanı həmin ölkələrdən insanları saxlamaq mümkün olmayıb: “Belə bir problemin necə həll olunacağını başa düşmək vacibdir. Bundan əlavə, anlamaq lazımdır ki, anaları, o cümlədən subayları 3-4 uşaq dünyaya gətirməyə necə həvəsləndirmək olar. Ümid edirəm ki, Ümumerməni Vətəndaş Assambleyası çərçivəsində martın 10-12-də İrəvanda keçiriləcək konfrans zamanı biz lazımi yanaşmaları inkişaf etdirə biləcəyik”, - deyə o vurğulayıb.

Belə şəraitdə borcun artması da vəziyyəti gərginləşdirir. Ermənistanın maliyyə nazirliyinin məlumatına görə, 2022-ci ildə dövlət borcu 4 trilyon 210 milyard dram olub, bu da ÜDM-in 60,3 faizini təşkil edir. Ölkənin xarici borcu 2 trilyon 972 milyard dram, daxili borcu isə 1 trilyon 237 milyard dram təşkil edib. Dollar ekvivalentində Ermənistanın dövlət borcu 10 milyard dollara yaxın olub. 2021-ci ildə Ermənistanın dövlət borcu 1 milyard 257 milyon dollar və ya 15,8 faiz artıb. Borc həm daxili, həm də xarici maliyyə mənbələri hesabına artıb. Məlumatda o da bildirilir ki, 2023-ci ildə borc yükü artmaqda davam edəcək, çünki borcların idarə edilməsi makroiqtisadi sabitlik baxımından ən həssas məsələlərdən birinə çevrilib. Çoxlu makroiqtisadi qeyri-müəyyənliklərin mövcud olduğu indiki şəraitdə Ermənistan iqtisadiyyatı əvvəllər proqnozlaşdırılan iqtisadi fəallığın artım göstəricilərindən kənara çıxa bilər. Bu mənfi təsir uzun müddət davam edərsə, il gözləniləndən az gəlir yığımı ilə başa çatacaq.

Sevinc Azadi, “İki sahil”