Bu şüarla keçirilən və Bakının 7-ci dəfə ev sahibliyi edəcəyi 2023 Formula 1 Azərbaycan Qran-Prisində rekord sayda azarkeşlərin olacağı gözlənilir
2023 Formula 1 Azərbaycan Qran-Prisinə bütün tribuna biletləri satılıb. Budəfəki yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən azarkeşlərin iştirak edəcəyi gözlənilir. Sözügedən rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu, o deməkdir ki, dünya ölkələrinin yarısından çoxu azarkeş qismində bu yarışlarda təmsil olunacaq. Ən əhəmiyyətlisi odur ki, satılmış biletlərin 70%-i əcnəbilər tərəfindən alınıb.
Aprelin 28-də start götürəcək Formula 1 Azərbaycan Qran-Prisi bu il ilk dəfə olaraq sprint yarışına da ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan Qran-Prisi bazar günü yekunlaşacaq. Bu yarış Bakıda ilk dəfə 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-Priləri arasında yer alır. Budəfəki Azərbaycan Qran-Prisi də ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Maksimal sayda azarkeşlərin gəlməsi iaşə və digər obyektlərə, ümumilikdə iqtisadiyyatımıza xeyli gəlir gətirəcək. Bu yarışda 10 komanda iştirak edəcək.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) aprelin 28-30-da keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin yenilənmiş təqvimini açıqlayıb. Federasiyanın avtoidman üzrə şurasının qərarına əsasən, Azərbaycan Qran-Prisində iki təsnifat yürüşü təşkil olunacaq. Aprelin 28-də saat 13:30-dan 14:30-dək sərbəst yürüş keçiriləcək. Saat 17:00-dan 18:00-dək Azərbaycan Qran-Prisində pilotların düzülüşünü müəyyənləşdirəcək təsnifat yarışı təşkil ediləcək. Aprelin 29-da saat 12:30-dan 13:30-dək sprint yarışı üçün təsnifat, saat 17:30-dan 18:30-dək sprint yürüşü baş tutacaq. Aprelin 30-da isə saat 15:00-da Azərbaycan Qran-Prisinə start veriləcək.
Üç mərhələdən sonra pilotların sıralamasında 69 xalla “Red Bull Racing”in sürücüsü Maks Ferstappen birincidir. Hesabında 54 xal olan Serxio Peres (“Red Bull Racing”) ikinci, 45 xalla Fernando Alonso (“Aston Martin”) isə üçüncü pillədə qərarlaşıblar. Konstruktorlar kubokunda ilk üçlükdə “Red Bull Racing”, “Aston Martin” və “Mercedes” yer alıblar.
“Formula One Management”in 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin hesabatına əsasən, yarışların Bakı mərhələsinin qlobal auditoriyası 60 milyona yaxın olub. Ötənilki yarışın izləyici kütləsi arasında ilk “üçlük”də İtaliya, Birləşmiş Krallıq və Niderland yer alıb. 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisini Formula 1-in rəsmi veb-səhifəsi və mobil tətbiqi vasitəsilə səkkiz milyondan çox unikal istifadəçi izləyib. Bu rəqəm 2021-ci illə müqayisədə doqquz faiz, 2019-cu illə müqayisədə 111 faiz artıb. 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin sosial media (“Facebook”, “Instagram”, “Twitter”, “YouTube”) izləyicilərinin sayı 116 faiz artmaqla yüksək həddə çatıb.
Bundan başqa, hesabata əsasən, Formula 1 azarkeşləri arasında keçirilən sorğuda respondentlərin 74 faizi Formula 1 Azərbaycan Qran-Prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Onların 73 faizi Bakı Şəhər Halqasının Formula 1 yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib. Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının Formula 1 təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb.
Azərbaycan Qran-Prisinə media orqanlarının marağı da yüksəkdir. Ötən il xarici və yerli KİV-də Bakı yarışı haqqında 70 minə yaxın məqalə dərc edilib, məlumat yayımlanıb. Maraq bu il də yüksəkdir. 220-yə yaxın beynəlxalq və yerli media nümayəndəsinin 2023-cü il Azərbaycan Qran-Prisini işıqlandıracağı gözlənilir. Onlardan 80 nəfəri yerli media təmsilçiləridir. 50-yə yaxın xarici fotoqraf, 90-a yaxın əcnəbi jurnalist builki Bakı yarışını işıqlandırmağa hazırlaşır. Ümumən, qlobal televiziya izləyicisi 1,55 milyard olan Formula 1 yarışlarını ESPN, “Sky Sports”, “Motorsport”, “Autosport” kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.
Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran-Prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. ESPN-in verdiyi məlumata əsasən, 2021 Formula 1 Azərbaycan Qran-prisi ABŞ-də son iki ildə ən çox izlənilən avtoidman yarışı (1,04 milyon izləyici ilə) adına layiq görülərək həmin ilin Monako Qran-Prisinin rekord izləyici sayını üstələyib.
Azərbaycan Qran-Prisi bu il də əyləncə proqramı ilə diqqət çəkir. Bu il əyləncə proqramı çərçivəsində niderlandlı sənətçilər - DJ Hardwell və DJ Don Diablonun konsertləri baş tutacaq. DJ Diablo cümə günü, aprelin 28-i, DJ Hardwell isə şənbə günü, aprelin 29-da Bakıda səhnə alacaq.
Yarışları izləməyə gələn xarici turistlərin sayında hər il artım müşahidə edilir. Məsələn, Bakıda keçirilən üçüncü Formula 1 yarışını izləməyə gələn əcnəbilərin sayında 2017-ci illə müqayisədə 31% artım olub. Bu tendensiya hər il artmaqda davam edir. Hər kəsin diqqət mərkəzində olan bu tədbir ölkəmizin dünyaya sürətli inteqrasiyasını təmin etməklə yanaşı, sosial-iqtisadi yüksəlişimizə də təkan verir. Statistika göstərir ki, turistlərin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, hava yolları, iaşə obyektləri, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlara verdikləri faydalar həddən artıq böyükdür.
Formula 1 bahalı və elit idman növüdür. 2023 Qran-Prisi üçün Bakının mərkəzi hotellərində yerlər artıq dolub. Azərbaycan Qran-Prisi mövsümü yeni iş yerlərinin açılışı, valyuta daxil olmasının artması ilə nəticələnir. Bu da yekunda qeyri-neft sektorunun inkişafına təkan verir. “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, 2016-19-cu illərdə Bakıda təşkil edilən Formula 1 yarışları ölkə iqtisadiyyatına və turizmin inkişafına əhəmiyyətli dərəcədə fayda verib. Hesablamalara əsasən, 2016-cı və 2017-ci illərdə 5-10 min arasında qısa və ortamüddətli yeni iş yerləri açılıb. 2018-ci və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib. Azərbaycanda keçirilən ilk dörd “Formula-1” yarışı ölkə iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir gətirib. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur.
Yarışın Azərbaycan üçün siyasi əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Formula 1 Azərbaycan Qran-Prisi ölkəmizi dünyada tanıtmaq üçün ideal platformadır. 2018-ci ildə Bakıdakı möhtəşəm yarışı izləməyə gələn turistlər 78 ölkəni təmsil edirdisə, 2023-cü ildə bu rəqəm 100-ü ötüb. Bu o deməkdir ki, dünya ölkələrinin yarısından çoxu azarkeş kimi yarışlarda təmsil olunacaq, Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi, gülərüzlü insanları ilə tanış olmaq imkanı əldə edəcək. Bu, beynəlxalq arenada 2023 Formula 1 Azərbaycan Qran-Prisinə olan böyük marağın və diqqətin göstəricisidir. Bir amili də xüsusi vurğulayaq ki, artıq Azərbaycan dünya siyasi arenasında qalib ölkə kimi tanınır və bu il də, ötən il olduğu kimi, qalib paytaxtda fərqli bir statusda Formula 1 Azərbaycan Qran-Prisi təşkil olunacaq.
Formula 1 Azərbaycan Qran-Prisinin iqtisadi, siyasi, sosial sahələrdəki faydaları ilə yanaşı, idman baxımından da mümkün müsbət təsirini vurğulamaq lazımdır. Azərbaycanın dünyamiqyaslı layihədə payının olması, artıq altı dəfə peşəkar komandası ilə yarışları qüsursuz şəkildə keçirməsi və yeddinci yarışa tam hazırlıqları ilə beynəlxalq idman arenasında öz sözünü deməyi bacarması təqdirəlayiq haldır.
Budəfəki yarışda mənəvi əhəmiyyəti böyük olan xüsusi bir məqam da diqqət çəkəcək. Üç gün davam edəcək yarışlarda hər gün üçün 1 000-dək müharibə iştirakçısı, qazilər, şəhid ailəsi üzvləri yarışları izləmək üçün evindən götürülüb yarışlara gətiriləcək, sonra da geri qaytarılacaq. Ümumilikdə sayın dörd min nəfər olacağı gözlənilir. Onlara könüllülər tərəfindən hər cür xidmətin göstərilməsi nəzərdə tutulub. Eyni zamanda, əlil arabasında olan qazilərimiz üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.
Ümumiləşdirsək, dünyaca məşhur Formula 1 yarışının Azərbaycanda keçirilməsi ölkənin turizm potensialının bütün dünyada təbliğ edilməsində müstəsna rol oynayır. Formula 1 yarışları iqtisadi cəhətdən cəlbedici və faydalıdır. Belə mühüm idman tədbirinin keçirilməsinin Azərbaycanın gücü, dünyada nüfuzu, yüksək iqtisadi potensialı ilə birbaşa əlaqəsi var. Məsələ ondadır ki, heç də bütün ölkələrə bu yarışların təşkilinə icazə verilmir.
Cavid Əkbərov, “İki sahil”