26 aprel 2023 18:27
1238

Azərbaycan-Bolqarıstan münasibətləri dinamik inkişaf edir - Kamran Bayramov

"Son dövrlər Azərbaycanın Balkan regionu ölkələri  ilə əməkdaşlığı sürətlə inkişaf edir. Dövlət başçımızın 2022-ci ilin ikinci yarısında Bolqarıstana, Albaniyaya, Serbiyaya və Rumıniyaya səfərləri, 2023-cü ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində Xorvatiya və Monteneqro Baş nazirləri ilə görüşləri, həmçinin bu ay Bosniya və Herseqovinaya rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Bu gün Balkan ölkələrinin liderləri tərəfindən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Onların Azərbaycana səfərləri bunun bariz göstəricisidirr. Son illərdə Bolqarıstan və Azərbaycan, iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə  yeni mərhələyə qədəm qoyub. Bu son dərəcə mühüm sənəddir. Tərəflər  həm ikitərəfli formatda, həm də beynəlxalq səviyyədə   əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Qarşılıqlı olaraq əlbəttə ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan təbii qazını Avropaya nəql edir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib. Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib.

K.Bayramov vurğulayıb ki, qarşılıqlı hörmət, etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq daha da inkişaf edir.  Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya şirkətləri arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması  tarixi hadisədir. Bunu, ümumiyyətlə, beynəlxalq hadisələrdən biri hesab etmək olar. SOCAR-ın Bolqarıstanda ofisinin açılışı həm Avropa, Balkan ölkələrində  fəaliyyət sferasının genişlənməsi,  eyni zamanda, Azərbaycanın neft-qaz məhsullarının bu ölkələrə tranziti üçün böyük əhəmiyyət daşıyır.

K.Bayramov əlavə edib ki, iki ölkə arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Balkan yarımadasında açıq səma altında ən böyük muzey kompleksi olan, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən «Trapezitsa» Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu qoruğun açılış mərasimində iştirak ediblər. Eyni zamanda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunub. Həmçinin bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqalarının əsərləri də Azərbaycan dilinə tərcümə edilib. Keçilən yolun qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, iki dost, tərəfdaş ölkə arasında əlaqələrin gələcək inkişafı üçün böyük potensial mövcuddur.