Hazırda Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Belə ki, müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Onun hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib. Ulu Öndər Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə müasir Azərbaycanın müstəqil iqtisadiyyatının əsası qoyulmuşdur. Məhz həmin illərdə ardıcıl həyata keçirilmiş sosial-iqtisadi islahatlar iqtisadi inkişafa güclü təkan vermişdi. Təsadüfi deyil ki, ölkəmizin tarixində ötən əsrin 70-80-ci illəri dinamik inkişaf dövrü hesab olunur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin aparılması, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi isə bu dövrün əsas xarakterik cəhətləri kimi qeyd edilir. Həmin illər ərzindədə Ulu Öndər respublikamızı keçmiş sovetlər ittifaqının xammal istehsalçılarından qabaqcıl, müasir texnologiyalara sahib olan sənaye mərkəzinə çevirdi. Ötən əsrdə yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. Həyatın bütün sahələri kimi iqtisadiyyat da tamamilə çökmüşdü. Çox mürəkkəb iqtisadi və qeyri-sabit siyasi şəraitdə xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə ölkədə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Həmin dövrdə ölkəni parçalanmaq və müstəqilliyini itirmək kimi labüd fəlakətlərdən xilas edən dahi rəhbər eyni zamanda respublikanın iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrınin inkişaf etdirilməsi və bu istiqamətdə uğurlu siyasətin işlənib hazırlanması öz ifadəsini yalnız 1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında imzalanmış Sazişdə tapmış oldu. Bu Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra artıq hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir həlledici məqamda Ulu Öndər Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda “Əsrin müqaviləsi” çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda böyük özəlləşmə və torpaq islahatı başlandı. Ölkəmiz MDB məkanında torpaq islahatlarına başlayan ilk respublikadır. Ölkə vətəndaşları keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin edildilər. Bunun nəticəsində 3,5 milyona yaxın insan torpaq mülkiyyətçisi oldu.
Sonra iqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli investisiya mühiti yaradıldı, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına start verildi. Ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman imzalandı. Bununla da iqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan əsassız amillər aradan qaldırıldı. Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair dövlət proqramları qəbul edildi. Ümummilli lider çıxışlarında bildirirdi ki, ölkənin sosial-iqtisadi inkişafı sahibkarların fəaliyyətindən asılıdır. Çünki iqtisadiyyat özəlləşdirilibsə, demək, iqtisadiyyatın böyük bir hissəsi sahibkarların əlindədir və onların səmərəli işləməsi Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edən amildir.
Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan artıq müstəqil dövlət olaraq beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Bu gü dövlətimizin sosial-iqtisadi və digər istiqamətlərdə əldə etdiyi uğurlar dünya siyasətçisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış, xalqına qələbə və zəfər sevincini bəxş etmiş Prezident cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Bütün bunları dövlət başçımızın ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdəki statistik göstəriciləri də təsdiq edir. Belə ki, möhtərəm Prezident İlham Əliyev cənablarının qarşıya qoyulan hər bir məqsədi, hər bir sözü və vədi praktik fəaliyyətdə həyata keçirilmiş, həm də son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri