Prezident İlham Əliyevin «Qarabağ Azərbaycandır və nida işarəsi» ifadəsi işğalçı Hayastan üzərində növbəti Qələbə rəmzimiz oldu
Ermənistanı və separatçıları dəstəkləyən Fransa, İran yenə də vay-şivən qoparıblar. Səbəb isə sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması üçün vacib olan Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin yaradılmasıdır. «Əgər sərhədin delimitasiyasından danışırıqsa, o zaman həm Zəngəzur dəhlizinin hər iki qurtaracağında, həm də Laçınla Ermənistanın sərhədində keçid məntəqələri yaradılmalıdır”» söyləyən Prezident İlham Əliyev bu məqsədinə də nail oldu. Hayastan Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifini qəbul etməsə də dövlət başçımızın qətiyyəti , siyasi iradəsi nəticəsində bölgədə sülhə təminat olan bu təşəbbüs reallaşdı.
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata uyğun addımların atılması Hayastanda sanki vulkan püskürməsi effekti yaradıb. Həmin Bəyanatın doqquzuncu bəndində Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təmin etmək üçün bütün kommunikasiyaların, yolların açılması, yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması nəzərdə tutulur. Artıq inşasının 80 faizi başa çatdırılan Zəngəzur dəhlizinin yaradılması ilə Naxçıvan istiqamətində avtomobil və dəmir yollarının fəaliyyəti bərpa olunacaq.
Bəyanatın imzalanmasından sonra xalqa müraciət edən Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, heç kim Azərbaycan xalqının səbri ilə oynamasın. Çünki Azərbaycan xalqının nəyə qadir olduğunu kapitulyasiya aktını imzalamaqla dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi separatçılardan ibarət silahlı dəstələrin Qarabağ ərazisindən çıxarılmasını da təmin etməli idi. Yuxarıda qeyd olunan Bəyanatda, eyni zamanda, o da qeyd edilib ki, ermənilərin yaşadıqları Azərbaycanın Qarabağ ərazisində Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə müvəqqəti olaraq yerləşdirilir. Lakin sənədin imzalanmasından iki ildən artıq müddət keçməsinə baxmayaraq ərazidə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları və Ermənistan üzərlərinə düşən öhdəliklərə əməl etmirlər. Əksinə, Xankəndidə və separatçıların yerləşdikləri digər ərazilərdə toplaşan ermənilərdən ibarət silahlı dəstələrə hər cür dəstək göstərilir, silah-sursatlarla təmin edilirlər. Xankəndi- Xəlfəli- Turşsu yolu ilə separatçılara silah- sursat daşıyanlara «bələdçilik edən» Rusiya sülhməramlılarının yardımı isə Bəyanatın şərtlərinə tamamilə ziddir. Fransadan, İrandan göndərilən döyüş ləvazimatlarından istifadə edən separatçıların son aylarda törətdikləri təxribatlar nəticəsində bölgədə yaranan gərginlik sülh sazişinin imzalanmasına qarşı bilərəkdən törədilən maneçilik idi.
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, «Qızılbulaq»” və «Dəmirli»” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekofəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyasının məqsədi separatçıların silahlandırılmasının qarşısının alınması idi. Lakin dinc aksiyaya siyasi don geyindirən Ermənistan və ən yaxın havadarı Fransa bu təşəbbüsü dünya ictimaiyyətinə «humanitar fəlakət» kimi təqdim edərək separatçıların silahlandırılmasına haqq qazandırırlar. Müxtəlif bəhanələrlə hay-küy qaldıraraq beynəlxalq təşkilatları ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə çağırırlar. İrəvanda kök salan Avropa İttifaqının guya mülki monitorinq missiyası isə belə məkrli təşəbbüslərin aparıcı simasıdır.
Hadisələrdən də bəlli olur ki, İrəvanın əsas dərdi Laçın yolundakı azərbaycanlı ekofəalların aksiyasının başa çatdırılmasıdır. Bunun üçün hətta Beynəlxalq Ədalət Məhkəməsinə belə müraciətlər edilsə də işğalçının, dəstəkçilərinin niyyətləri baş tutmadı. Qışın şaxtasına, yazın dəyişkən hava şəraitinə baxmayaraq tələbləri yerinə yetirilməyənə qədər aksiyalarını davam etdirəcəklərini bəyan edən ekofəallar 135 gündür ki, mövqelərində dayanmaqdadırlar. Amma vəziyyət bu cür davam edə bilməzdi.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə məsələ ilə bağlı Bakının haqlı tələblərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran Prezident İlham Əliyev bildirib ki, Ermənistana həm Zəngəzur dəhlizinin, həm də Laçın yolunun giriş-çıxışında nəzarət-buraxılış postlarının qoyulması barədə təklif verilib: «Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın yolu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.»
Bu təklifin reallaşdırılması ilə Laçın yolu ilə bağlı İrəvanın qərəzli gedişlərinə son qoyulur. Amma Hayastanın sərsəm rəhbərliyi kimi, Fransanın siyasətdən bixəbər prezidenti Emmanuel Makron da bilməli idilər ki, siyasi, hərbi, iqtisadi sahədə bütün istəklərinə nail olan Azərbaycan qarşısına qoyduğu bu tələbinin də yerinə yetirilməsində israrlıdır.
Ermənistandan fərqli olaraq daxili və xarici siyasətini müstəqil müəyyənləşdirən suveren Azərbaycan istənilən ərazisində postlar qurmaqda sərbəstdir. Laçın yolunda qurulan sərhəd –nəzarət məntəqəsi Xankəndi separatçılarına silah daşınmasının qarşısını alacaq. Separatçıların Xankəndidən Ermənistana və əks istiqamətdə nəqliyyatın hərəkətinə guya ekofəallar tərəfindən əngəl törədilməsi barədəki bəhanələri də əsassızdır. Çünki mülki əhalinin, humanitar yüklərin daşınması üçün heç bir maneə yoxdur. Xankəndinin təcili yardıma ehtiyacı olan erməni əsilli Azərbaycan vətəndaşının azərbaycanlı həkim tərəfindən müalicə edilməsi xalqımıza xas xeyirxahlığın nümunəsi idi. Bu kimi digər humanist addımları qiymətləndirmək üçün insanlıqdan kasad haylar və hadisələrə qərəzli don geyindirən ermənilərin və dəstəkçilərinin məqsədləri Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Amma unudurlar ki, bu dəhlizin açılması dünya siyasətinin masasında yer alan ən aktual məsələdir. Bu yoldan ən çox faydalanacaq Avropa dövlətləri də Zəngəzur dəhlizinin bərpasında maraqlıdırlar. Çinin «Bir kəmər, bir yol» layihəsinin davamı olan bu dəhliz türk dünyasının birlik və həmrəyliyi üçün də zəruridir. Məhz bu amil dəhlizin açılmasına daha çox mane olan İranı və Ermənistanı qıcıqlandırır. Bütün maneələrə baxmayaraq nəzarət-buraxılış məntəqələrinin qurulması zərurətini reallığa çevirən Azərbaycan bölgədə daha bir yeniliyə imza atdı.
«Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir» prinsipini rəsmi təklif kimi ilk dəfə Brüssel görüşündə irəli sürən Bakının Laçın yolunda sərhəd -nəzarət məntəqəsi yaratması beynəlxalq hüquqa uyğundur. Zəngəzur dəhlizinin açılmasına mane olan, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulmasını «qanunsuz”» adlandıran Ermənistan bundan sonra üzləşəcəyi vəziyyəti özü düşünməlidir. Öz gözündə tiri görməyib başqalarının gözündə tük axtaran haylar İrəvandakı Avropa İttifaqının «missiyasının», Rusiyanın hərbi bazasının hansı məqsədlə yerləşdirilməsini unutmamalıdır. Hayastan da, Fransa da yaxşı bilirlər ki, sülhə xidmət edən Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması ilə hayların qanunsuz fəaliyyətinə, separatçılar üçün silah-sursat daşınmasına son qoyulacaq. Belə ki, Ermənistanın etirazı ölünün son nəfəsindəki sayıqlamasıdır. Qazanan isə yenə də qüdrətli Azərbaycandır. Prezident İlham Əliyevin «Qarabağ Azərbaycandır və nida işarəsi»” ifadəsi Laçın yolunda sərhəd- nəzarət məntəqəsinin yaradılması ilə işğalçı Hayastan üzərində növbəti Qələbə rəmzimizə çevrildi.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri