Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib.
Cənab Prezident öz müsahibəsi zamanı qeyd etmişdir ki , Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.
Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.
Eyni zamanda müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib.Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür.Biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq. Yəni, bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.
Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir.İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilat Aparatının məsul əməkdaşı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri