Bugün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanan və milli maraqların qorunmasına xidmət edən dövlət strategiyasına əsaslanır. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Bu strateji kursun yaradıcısı 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev olmuşdur. O, ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqlarını əsaslı şəkildə yenidən qurdu.
Prezident İlham Əliyev bu uğurlu siyasətin davamçısı olaraq iqtisadiyyatın şaxələndirilməsi, regionların potensialının reallaşdırılması hesabına iqtisadi inkişafın daha da sürətləndirilməsi ilə bağlı həyata keçirdiyi strategiya və qəbul etdiyi Dövlət proqramları bu istiqamətdə müstəsna rol oynamaqdadır. Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modul tipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 16 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə Regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib, eyni zamanda, imzaladığı sərəncamlarla, cənab Prezident, əlavə olaraq 1 milyard manata yaxın vəsait ayırıbdır.
Bildiyiniz kimi, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Bu layihənin davamı olaraq aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.
Dövlətimizin başçısı Salyan rayon Doğum evi və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, “Azərişıq” ASC- nin Salyan Rəqəmsal İdarəetmə və “Asan xidmət “ mərkəzlərinin açılışlarını edib. Dövlət başçısı bölgələrdə quruculuq işlərini şəxsən tanış olur, tövsiyə və tapşırıqlarını verir.
Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyev siyasətinin əsas məqsədi dövlətimizin möhkəmlənməsi, xalqımızın daha firavan yaşaması, sabitliyin təmin edilməsidir. Məhz ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir.
Lalə Budaqova ,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 39”
ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri