Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfərləri zamanı həmin rayonlarda görülən işlərin mənzərəsi bütövlükdə respublikanın bölgələrinin dinamik inkişafının göstəricisidir. Qeyd edək ki, sözügedən səfər zamanı dövlət başçısı və birinci xanım Neftçala rayonunda Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışını edib, Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar. Salyan rayonunda isə Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub, həmçinin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xidmət” mərkəzinin açılışı həyata keçirilib.
Azərbaycan böyük inkişaf yolu keçib. Bu baxımdan, respublikamızın bölgələrinin inkişafı da diqqəti cəlb edir. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan ölkəmizin hərtərəfli inkişafı daha dinamik xarakter alıb. Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində də respublikamızın regionlarının sosial-iqtisadi inkişafı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, eləcə də bölgədə baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı fikirlərini ifadə etdi. Səfər zamanı Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda da genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin həyata keçirildiyindən, həmin ərazilərdə böyük dirçəliş dövrü başlandığından bəhs etdi. Ölkəmizdə 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirildiyinə diqqət çəkən ölkə başçısı bildirdi ki, hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər - insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir. Məlum olduğu kimi otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Ona görə müharibə başa çatan kimi dərhal bərpa-quruculuq işlərinə start verilib.
Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Keçmiş köçkünlərin qayıtdığı Ağalı və Talış kəndlərin timsalında bütövlükdə gələcək Qarabağ və Şərqi Zəngəzurun simasını görmək mümkündür. Bu iki kənddə olduğu kimi işğaldan azad edilmiş digər ərazilərdə də abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur yaradılacaqdır. Təbii ki, bütün bərpa-quruculuq işlərini Azərbaycan dövləti öz gücü hesabına həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar.
Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində regiondakı hazırkı proseslərlə bağlı aydın mövqeyini ifadə edib. İki ölkə arasında münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Ermənistan üçtərəfli Bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də qanunsuz erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Azərbaycan regionda söz sahibidir və dövlətimiz bölgədə yeni reallıqlar formalaşdırıb. Vətən müharibəsindən ötən iki il yarım ərzində Ermənistan və onun havadarları bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər.Həm Azərbaycan-Ermənistan şərti dövlət sərhədi istiqamətində, həm də Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə təxribatların qarşısının qətiyyətlə alınması buna sübutdur. Cənab Prezident bəyan etdi ki, hazırda ordumuz 2020-ci ildəki vəziyyətdən daha güclüdür. Bu o deməkdir ki, bundan sonra da ermənilərin hərbi təxribatları baş verərsə ordumuz tərəfindən qətiyyətlə qarşısı alınacaq. Ermənistanla olan danışıqlar mövzusuna toxunan ölkə başçısı bildirdi ki, Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir.
Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, ölkəmizin niyyəti ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun. Cənab Prezident müsahibəsində İrəvanda Azərbaycanın bayrağının yandırılmasını da kəskin pisləyib. Dövlət başçısının dediyi kimi, bu hadisə Ermənistan hökumətinin əməlidir və azərbaycanofobiyanın növbəti göstəricisidir. Bu gün Azərbaycanın üçrəngli bayrağı zirvələrdə dalğalanır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri