Müstəqillik qazanandan sonar Azərbaycan Respublikası qarşısında duran mühüm strategiya öz milli-mədəni sərvətinə sahib çıxaraq onu tanıtmalı və dövlət kimi möhkəmlənmək idi. Mövcud siyasi-iqtisadi problemləri aradan qaldırmaq ilk zamanlarda çox çətin görünürdü. Bunun üçün ölkəyə təcrübəli lider rəhbərlik etməli idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycanı bu mürəkkəb vəziyyətdən çıxardı.
Müasir dövrdə Azərbaycan dünyada neft ölkəsi kimi məşhurdur. Bir çox sərvətlərilə yanaşı neft və qazın Respublikamızın iqtisadi inkişafındakı rolu barədə danışmağa ehtiyac yoxdur. Azərbaycan neftinin dünya bazarına nüfuz etməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1994-cü il sentyabr ayının 20-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətə malik “Əsrin müqaviləsi” adlandırılan XX əsrin ən böyük sazişi imzalandı. Dünyanın yeddi dövləti arasında bağlanmış bu sazişdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü nəzərdə tutulurdu. “Əsrin müqaviləsi”ndə Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanını təmsil edən Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta kimi beynəlxalq neft şirkətləri iştirak edirdi.
Neft hasilatında iqtisadi irəliləmə getdikcə artırdı. Bu Azərbaycan neftinin beynəlxalq bazarlara daşımaq istiqamətində aparılan strategiyanın uğurla inkişafı idi. Azərbaycan nefti 1997-ci ilin sonlarında Bakı-Novorossiysk kəməri ilə Qara dənizə, 1999-cu ildə Qara dənizin Supsa limanına, 1999-cu ilin dekabrında isə ilk tanker dünya bazarlarına çıxarıldı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhanın təməli qoyulması, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilməsi, 2006-cı ildə isə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılması və bu kimi əlaqələrin inkişafı Ulu Öndər Heydər Əliyevin neft sahəsində apardığı doğru iqtisadi nəticələrdir.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri