Ötən əsrdə yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. Həyatın bütün sahələri kimi iqtisadiyyat da tamamilə çökmüşdü. Lakin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Tarixin ən keşməkeşli dövründə rəhbərliyə gələn dahi şəxsiyyətin Azərbaycan iqtisadiyyatının inkişafında əvəzsiz rolu olub. Bu rolun əhəmiyyətini dərk etmək üçün Ümummilli lider Heydər Əliyevin 3 istiqamətdə həyata keçirdiyi siyasəti qeyd etmək kifayətdir. Bunlardan birincisi, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında açar nöqtəyə çevrilmiş neft strategiyasıdır. Məhz o böyük dövlət xadiminin sayəsində 1994-cü ildə Rusiya, İran, Böyük Britaniya, ABŞ kimi bölgədə nüfuz mübarizəsinin əks qütblərində dayanan nəhəng dövlətlərin maraqları bir müqavilədə – “Əsrin müqaviləsi”ndə bacarıqla uzlaşdırıldı. Bu uzlaşma sonrakı illərdə Azərbaycanın hasilat sektorunda onlarla yeni müqavilələrin imzalanmasını təmin etdi. Neft-qaz sektorunda həyata keçirilən çoxmilyardlı layihələr bu sahəyə bağlı olan və olmayan digər sahələrin də inkişafına təkan verdi.
Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövrdə həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə dövlət proqramları qəbul edilmişdir. Bütün bunların nəticəsində artıq ölkəmiz dünyanın nüfuzlu söz sahibinə, enerji ixracatçısına və dinamik inkişaf edən bir dövlətə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda böyük özəlləşmə və torpaq islahatı başlandı. Ölkəmiz MDB məkanında torpaq islahatlarına başlayan ilk respublikadır. Ölkə vətəndaşları keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin edildilər. Bunun nəticəsində 3,5 milyona yaxın insan torpaq mülkiyyətçisi oldu.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə öncə ölkədəki ictimai-siyasi sabitlik təmin edildi. Sonra iqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli investisiya mühiti yaradıldı, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına start verildi. Ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman imzalandı. Bununla da iqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan əsassız amillər aradan qaldırıldı.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev mütəmadi olaraq sahibkarların fəaliyyəti ilə maraqlanar, onları narahat edən problemlərin aradan qaldırılmasını təmin edərdi. Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair dövlət proqramları qəbul edildi. Ümummilli lider Heydər Əliyevin “Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır” – sözləri onun sahibkarlara nə qədər diqqət və qayğı ilə yanaşdığını nümayiş etdirirdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dönəmində iqtisadiyyatın ayrı-ayrı konkret sahələrində ardıcıl, dinamik və elmi əsaslandırılmış məqsədyönlü islahatlar proqramı işlənərək müvəffəqiyyətlə həyata keçirilirdi. Həmin proqramlarda nəzərdə tutulan istiqamətlərdən biri də ölkənin xarici iqtisadi fəaliyyətinin normal, sabit və geniş miqyasda təmin edilməsindən ibarət idi. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü proqram və tədbirlərin nəticəsidir ki, keçən müddət ərzində müstəqil Azərbaycan dövləti MDB respublikaları və uzaq xarici ölkələrlə geniş iqtisadi əlaqələri uğurla təmin etmişdir. Dünya iqtisadiyyatında baş verən qloballaşma və inteqrasiya prosesləri xarici iqtisadi əlaqələrin daha geniş miqyası əhatə etməsini tələb edir. Dünyada baş verən bu proseslər xarici iqtisadi əlaqələrdə, o cümlədən, ilk növbədə, onun aparıcı sahəsi olan əmtəə dövriyyəsində müasir tələblərin nəzərə alınması və idxal-ixrac əməliyyatlarının köklü surətdə yenidən qurulmasını zəruri edir. Məhz həyata keçirilən islahatlar nəticəsində ölkəmizin xarici iqtisadi əlaqələrinin miqyası genişlənir ki, burada da aparıcı rol xarici ticarətə məxsusdur.
Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin gələcəyi bu gün etibarlı əllərdədir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafına yönəldilib. Ayrı-ayrı sahələri əhatə edən dövlət proqramları inkişafımıza dinamiklik gətirən əsas amilə çevrilib.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri