22 aprel 2023 01:18
964

Ulu Öndər hər zaman Azərbaycan dilinə xüsusi hörmətlə yanaşıb

Biz indi müstəqil dövlət dili kimi azad, xalq kimi öz ana dilimizlə,Azərbaycan dili ilə fəxr edirik

"Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini bilməlidir, dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm...” Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli lideri, dahi rəhbərimiz Heydər  Əliyevə məxsusdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdırAzərbaycanda siyasi natiqliyin formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndərin nitqi öz səmimiliyi, zənginliyi, orijinallığı ilə dünyanın siyasi xadimlərinin nitqləri ilə müqayisə oluna bilər. Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarında şifahi nitqə üstünlük verib, yazılı məruzə və ya çıxışlardan, demək olar ki, imtina edirdi. Ümummilli liderin çıxış etdiyi auditoriyalar öz zənginliyi ilə seçilirdi. O, həm də əzəmətli görkəmi, baxışı, səsi ilə auditoriyanın diqqətini özünə çəkə bilirdi. Böyük natiq auditoriya ilə ünsiyyətə girir, sual verib, cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqilik bütün çıxışlarında özünü göstərirdi. Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışırdı. Xalq danışıq dilindən gələn ifadələri məharətlə işlədirdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü ən böyük xidmət dilimizə Dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. 18 iyun 2001 -ci il! Bu, Azərbaycan xalqının tarixində əlamətdar bir gün kimi qalacaqdır. Məhz bu tarixdə H.ƏIiyev cənabları «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» müstəsna dəyəri olan bir fərmana qol çəkdi. Ondan bir neçə gün sonra - 4 iyul 2001-ci il tarixdə «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında» sərəncama imza atdı. 9 avqust 2001 -ci il tarixdə «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında» fərman verildi. Bütün bu fərman və sərəncamların verilməsi milli qeyrət, mənəvi saflıq, dövlətə, xalqa, onun dilinə sədaqət, nəhayət, bu sahədə dərin bilik tələb edirdi. H.ƏIiyev verdiyi fərmanın reallaşması istiqamətində ciddi işlər gördü. Hər şeydən əvvəl, aidiyyatı olan insanlara anlatdı ki, Azərbaycan dili, sadəcə olaraq bir ünsiyyət vasitəsi kimi başa düşülməməlidir. Hər bir azərbaycanlı anlamalıdır ki, ulu babalarımızın, aqillərimizin bizə yadigar qoyduqları bu dil tarixdir, mənəviyyatdır, Azərbaycan xalqının varlığı və Azərbaycan adlı müstəqil dövlətin əsas simvoludur. Azərbaycan dili Azərbaycan xalqının mənəviyyat bayrağıdır. Nə qədər ki, bu bayraq Azərbaycan adlı diyarda ucalır, deməli, Azərbaycan var, Azərbaycan xalqı yaşayır. Azərbaycan xalqı bu gün dünyanın əksər qitələrində yaşayır, onların sayı 50 milyonu aşır.Bu gün inamla demək olar ki, ümummilli liderimiz  Heydər Əliyevin dil siyasəti Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

Səkinə Paşayeva,
YAP Xətai rayon təşkilatının "Murad Əmirxanov 2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü