Hayastan təxribatlara son qoyaraq sülh müqaviləsinin imzalanması üçün real addımlar atmalıdır
Ermənistan xüsusi təyinatlı qüvvələrinin aprelin 12-də iki ölkə arasındakı şərti sərhəddə ordumuzun mövqelərinə qarşı təxribatından cəmi iki gün sonra paytaxt İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması işğalçı ölkə rəhbərliyinin məkrli, riyakar siyasətini davam etdirdiyini göstərdi. Məlumdur ki, nə əsgər və zabitlər özbaşına postumuza hücuma keçməmişdilər, nə də tədbirin təşkilatçılarından olan dizayner Aram Nikolyan öz təşəbbüsü ilə baş nazir Nikol Paşinyanın iştirak etdiyi və bu səbəbdən ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü beynəlxalq tədbirdə ermənisayaq vandallizm törətməmişdi. Hər iki təxribatın qabaqcadan planlaşdırıldığını təsdiq edən ciddi arqumentlərin mövcudluğu, həmçinin hökumət başçısınının gözləri qarşısında rahat şəkildə bayrağımızı yandıran Nikolyan haqqında sonradan heç bir inzibati cəza tədbirinin görülməməsi, “istintaq”ın ilkin mərhələsində işdə “cinayət tərkibinin olmadığı”nın elan edilməsi baş verənlərin ssenarisinin eyni qələmlə yazıldığını təsdiq edir. Bu iki hadisəyə əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən və aprelin 13-də Ermənistan ərazisində saxlanılan iki azərbaycanlı əsgərə işgəncə verilməsini, onların fiziki təzyiqlərə məruz qoyulmasını da əlavə etsək son təxribatlara erməni cəmiyyətinin münasibəti haqqında da təsəvvür yaratmaq mümkündür. Deməli, Hayastanın siyasi rəhbərliyi yenə də təxribatlar vasitəsilə Cənubi Qafqazda davamlı sülhün əldə olunması istiqamətində aparılan sülh danışıqlarını ləngitməyə və bununla vaxt qazanmağa çalışır, erməni cəmiyyətindəki azərbaycanofobiya meyilləri, Azərbaycana qarşı kin və nifrət hisləri isə nəinki azalmayıb, hətta artıb. Nikolyanın bayrağımızı yandırdığı üçün ictimai qınaqla üzləşməsi əvəzinə az qala Hayastanın qəhrəmanına çevrilməsi də bu kin və nifrətin təzahürüdür.
Baş nazir Nikol Paşinyanın aprelin 18-də Milli Məclisdə müxalifət fraksiyalarının qatıldığı “Ermənistan Respublikası hökumətinin 2021-2026-cı illər üçün beşillik planının icrasının gedişi və nəticələri haqqında” müzakirələr zamanı verdiyi açıqlamalar da göstərir ki, erməni cəmiyyətində revanşizm meyilləri sülh gündəmini arxa plana keçirib. Çıxışında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıdığını və rəsmi İrəvanın guya Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün “səmimiyyətlə” çalışdığını deyən Paşinyan dolayısı ilə etiraf edib ki, erməni xalqı buna hazır deyil: “Siyasi və diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşlarının da xeyrinə olar. Vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin vəzifəsidir. İnsanlar başa düşdükdən sonra bu məsələyə razı olacaqlar.”
Ancaq elə həmin çıxışında Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac olduğunu söyləyib: “Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər.”
Bu, Paşinyanın yenə də dolayısı ilə sülh gündəmindən yayınmaq cəhdidir. Çünki hər iki dövlətin ərazi bütövlüyü çərçivəsində sülh müqaviləsinin imzalanmasına hazır olduğunu Azərbaycan dəfələrlə bəyan edib. Paşinyan isə bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıdığını deyir, digər tərəfdən isə “Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi” məsələsini qaldırmaqla Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi sərgiləyir. Sual oluna bilər ki, əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul edirsə son ardıcıl təxribatlar nə məqsədlə törədilir? Niyə öz ordunuzun qalıqlarını Qarabağdan hələ də çıxarmamısınız? Qarabağdakı proseslərdən sizə nə?
İtaliyalı jurnalist və politoloq Domeniko Letisiyanın fikrincə, Ermənistan Azərbaycana qarşı təxribatları ilə vətəndaşlarının diqqətini ölkədəki iqtisadi problemlərdən yayındırmağa çalışır. “Report”un məlumatına görə, politoloq Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün təhlükəli və müəyyən edilmiş siyasət yürütdüyünü bildirib: “Daxili siyasi idarəetmə və vətəndaşlarla münasibətlər baxımından xeyli problemləri olan Ermənistan daxili siyasət problemlərinin kənarda qalması üçün əhalinin nəzərini Azərbaycana yönəltməyə üstünlük verir. Beləliklə, Ermənistan vətəndaşların diqqətini ölkənin üzləşdiyi iqtisadi problemlərdən yayındırmaq üçün nifrət və təxribat dilindən istifadə edir.”
Təxribatları və ikili oyunbazlığı dövlət siyasətinə çevirmiş Ermənistandan fərqli olaraq Azərbaycan sülh çağırışlarına hər zaman sadiqdir. Bunu beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşması və müxtəlif formatlarda keçirilən çoxtərəfli sülh danışıqlarında konkret real nəticlərin əldə olunmasına töhfə verməyə çalışması ilə sübut edib. Bu gün də Azərbaycanın mövqeyi ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasındakı qarşıdurmaya son qoyulsun. Əgər Azərbaycanın bu humanist və haqlı tələbi Ermənistan tərəfindən lazımi səviyyədə dəyərləndirilməsə, o zaman düşmən yenə bizim gücümüzlə hesablaşmalı olacaq. Prezident İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdiyi kimi: “İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Mən indi sadalamaq istəmirəm, bu iki il yarım ərzində bir çox önəmli hadisələr baş vermişdir, həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.”
Mahir Rəsuloğlu, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri