20 aprel 2023 10:35
2077

Qəlblərə, gözlərə nur gətirən Zərifə xanım Əliyeva elm sahəsində də çox böyük nailiyyətlər qazanıb

Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim, akademik  Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü ərəfəsindəyik. Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına uyğun olaraq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə respublikamızda müxtəlif tədbirlər keçirilir. Zərifə xanımın  keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən Azərbaycan qadını  üçün mənəviyyat və kamillik məktəbidir. Zərifə xanım Əliyeva özünün gözəl insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı idi. O, çox qayğıkeş ana olub və xalqımıza  möhtərəm Prezidentimiz İlham Əliyev kimi layiqli oğul yetişdirib”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri  Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, akademik Zərifə Əliyeva şərəfli, keşməkeşli  həyat yolu yaşayıb. Millət vəkili qəlblərə, gözlərə nur gətirən Zərifə xanımın elm sahəsində də çox böyük nailiyyətlərə sahib olduğunu söyləyib: “Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən alim olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi”.
Deputat bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, fədakarlığı Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir: “Biz bu gün bir daha Zərifə xanımı böyük ehtiramla yad edirik. Onun layiqli şəxsiyyət olaraq yetişdirdiyi cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları gündən-günə möhkəmlənməkdədir. Cənab Prezidentin səyləri nəticəsində Azərbaycan daha da qüdrətli, qalib bir ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində qazandığımız zəfər sonrası, xalqımız hər fürsətdə “Sizi dünyaya gətirən, böyüdən Anaya halal olsun” fikirlərini səsləndirirlər. Əminəm ki, bu gün Azərbaycan xalqının öz liderinə göstərdiyi bu sevgiyə görə Zərifə xanımın ruhu şaddır”.