18 aprel 2023 23:58
570

Əmmaməli, əbalı şeytanlar! Quyunu gen qazın, dərin qazın...

Fars mollakratiyasının Azərbaycana qarşı siyasətinin təməlində həmişə riyakarlıq, ikiüzlülük, hiyləgərlik və düşmənçilik dayanıb. Hər il olduğu kimi, bu il də aprelin 14-də İranda “Qüds günu” ilə bağlı keçirilən aksiyalar bunun bariz nümunələrindən biridir.

Tehranla yanaşı, bu ölkənin bir neçə şəhərində hökumətin təşkil etdiyi, “Rədd olsun ABŞ!”, “ABŞ - böyük şeytan!”, “Rədd olsun İsrail!” şüarları altında keçirilən “Qüds günü” aksiyalarında Azərbaycana qarşı plakatlar qaldırılıb. Aksiyalarda Azərbaycan əleyhinə yazılan şüarlarla yanaşı, “Qüdsə gedən yol Bakıdan keçir” məzmunlu plakatlar da qaldırılıb. Əslində bu, Ruhullah Musəvi Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi “Qüdsün yolu Kərbəladan keçir” şüarının yeni formasıdır. O zamanlar R.Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi. İndi isə onların xam xəyalında Kərbala dönüb olub Bakı.

Mollakratiyanın ölkəmizə qarşı təxribatçı əməlləri yalnız bununla bitmir. Son zamanlar Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən respublikamızda İranın casus şəbəkələrinin ifşası bir daha sübut edir ki, molla rejimi öz agentləri vasitəsilə ölkəmizdə qarşıdurma, iğtişaşlar  və terror aktları törətmək üçün ən çirkin vasitələrə əl atır. Bu barədə hətta xarici mətbuatda belə maraqlı məlumatlara rast gəlinir.  Həmin məlumatlardan birində deyilirdi ki, İran Azərbaycana “şiş informatorları” adı altında 3500 agenti sızdırıb. Bu şəxslər ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki, hərbi və diplomatik sahələrdə Tehranın şər oyunlarına xidmət etmək üçün strateji mövqelərə sahibləniblər.Tehran rejiminin ölkəmizdəki səfirliyi bu işləri koordinasiya etmək üçün demək olar ki, əsl casusluq və şər yuvasına çevrilib.

 Azərbaycanın uğurlarını, qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə regionda yaratdığı yeni reallıqları həzm edə bilməyən riyakar İran respublikamıza qarşı terrorçu-təxribatçı əməlləri ilə gündən-günə özünü daha da ifşa edir. Molla rejimi ölkəmizdə öz mənfur niyyətlərini həyata keçirmək üçün min bir oyundan çıxır. Bu günlərdə bəlli olub ki, Tehran hökumətinin Azərbaycanda daha bir məkrli planı işə düşüb. Belə ki, molla rejiminə bağlı qüvvələr ölkəmizdə xeyriyyəçilik adı ilə şəhid ailələri və qaziləri öz təsirləri altına salmağa çalışırlar. Həmin qruplar müxtəlif yollarla bu işlərlə məşğuldurlar. Şəhidlərin dəfnində onların bir qrupu ifşa edilərək mərasimdən kənarlaşdırılıb. Əslində bu tendensiya dəyərli din xadimi Hacı Şahin Həsənli dünyasını dəyişdikdən sonra müşahidə edilib. Mərhum din xadiminin ailəsi məsələ ilə bağlı açıqlama yaydıqdan sonra həmin dəstə prosesdən uzaqlaşdırılıb.

Yerli mətbuat orqanlarından birinə daxil olan məlumata görə, İranın “xüsusi təyinatlı” mərasim dəstələri ifşa olunandan sonra taktikanı dəyişiblər. Onlar ardıcıl və sistemli şəkildə qazilər, şəhid ailələri ilə kontakt saxlamaq üçün müxtəlif metodlardan istifadə edirlər. Bu dəstənin üzvləri vaxtaşırı həmin ailələri ziyarət edərək şəhidlərin valideynləri ilə daha yaxından əlaqələr qurmağa çalışırlar. Əsasən qadınlardan ibarət bu dəstələr şəhid anaları, xanımları ilə yaxınlaşır, onların bu halından sui-istifadə edib, çirkin niyyətlərini həyata keçirirlər. Ailələrin simpatiyasını qazanmağa nail olurlar. Bundan sonra “dini ayinlər” adı ilə şəhid ailələri ilə təmaslar daha da yaxşılaşdırılır.

Həmin mənbənin məlumatına görə, eyni taktika qazilərlə bağlı da baş verir. İrana bağlı həmin dəstə Vətən müharibəsi iştirakçılarının bəzilərini ələ alıb onlardan özləri də bilmədən istifadə etməyə çalışır, dövlətlə qazilər arasında nifaq toxumu səpilir. İranın məqsədi bu həssas sosial təbəqəni təşkilatlandırmaq, onların qaziləri dövlətdən narazı salmaq və lazımi anda sabitliyi pozmaqdır. Yeri gəlmişkən, bununla artıq xeyli şəhid ailəsi, qazilər İrana bağlı bu dəstənin məkrli planlarından duyuq düşərək o təxribatçı dəstə ilə əlaqələrini kəsiblər.

Göründüyü kimi, iyrənc mollakratiya rejiminin Azərbaycana qarşı hiyləgər və məkrli oyunları hələ də davam edir. Ancaq şeytani xislətli molla rejimi unudur ki, onların ölkəmizə qarşı yönəlik bütün cəhdləri iflasa uğrayacaq. Nəticədə şeytani xislətli əmmaməli, əbalı ayətullahlar öz qazdıqları dərin quyuya əvvəl axır özləri düşəcəklər. Müdrik atalarımız yaxşı deyiblər: “Quyunu gen qaz, dərin qaz, axırda özün düşəcəksən”.

Zahid Rza, “İki sahil”