19 aprel 2023 01:16
439

Ermənistan barbar əməlinə görə nə zaman cəzalanacaq?

Aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ksenofobiyanın, milli düşmənçiliyin və etnik nifrətin pik həddidir

Bu gün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasına öz destruktiv mövqeyi ilə əngəl olan Ermənistanda uzun illər Azərbaycanofobiya, ksenofobiya, milli zəmində dözümsüzlüklə bağlı kampaniyalar aparılıb. Xüsusilə də İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanda türkfobiya və Azərbaycanofobiya demək olar ki, çox geniş vüsət alaraq pik nöqtəsinə çatıb.  Aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Ermənistanın İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri, həmin idman yarışının təşkilat komitəsinin üzvü Aram Nikolyanın səhnədən Azərbaycan Bayrağını qaparaq yandırması bunun əyani təsdiqidir. Bu hadisədən sonra Azərbaycan idmançıları çempionatda iştirakdan imtina edərək Vətənə qayıdıblar.

Təbii ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak etdiyi tədbirdə belə barbar hadisənin baş verməsi, bayrağımızı yandırmasından sonra tutularaq A.Nikolyanın polis idarəsinə aparılması və  qısa müddətdən sonra alqışlar içində azadlığa buraxılması, ona qarşı heç bir ittiham irəli sürülməməsi əslində bəzi qaranlıq mətləblərin üzərinə işıq salır. Bütün bunlar bir daha təsdiq edir ki, rəsmi İrəvan sülh prosesində maraqlı deyil.

Bundan başqa, K.Dəmirçyan adına idman-sərgi kompleksindəki arenada beynəlxalq idman yarışında təmsil olunan dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin dövlət bayraqları bir neçə hissəyə parçalanmış şəkildə asılmışdı. Görünən odur ki, beynəlxalq idman yarışının açılışında Azərbaycan Bayrağının amansızcasına yandırılmasından sonra cəzasız qalan ermənilər beynəlxalq normaları heçə sayaraq çəkinmədən pozucu və təxribatçı əməllərini davam etdirirlər.

İstər beynəlxalq idman yarışında bayrağımızın yandırılması, istərsə də bir neçə gün bundan əvvəl Azərbaycanın Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq ermənilər tərəfindən əsir götürülən iki əsgərimizin fiziki işgəncə və qeyri-insani rəftara məruz qalması bir daha sübut edir ki, azərbaycanılara etnik nifrətin hökm sürdüyü Hayastana qarşı sanksiyalar tətbiq edilməli, ölkə bütün irimiqyaslı tədbirlərdən məhrum edilməlidir.  İnsan hüquqları və demokratiyadan ağız dolusu dəm vuran bəzi beynəlxalq təşkilatlar artıq ikili standartları bir kənara qoyub ermənilərin bu cür vandal əməllərinə real qiymət verməlidirlər.

Beynəlxalq qalmaqal kimi dəyərləndirilən bu hadisədən sonra erməni məkri, saxtakarlığı və həyasızlığı Hayastanın idman nazirinin müavini Karen Giloyanın açıqlamasında özünü bir daha göstərdi: “Ermənistanda Azərbaycanın qəbul etdiyi qərar idman etikası baxımından narahatlıq doğurur, çünki İrəvan bütün təhlükəsizlik standartlarına əməl olunmasını təmin edib və İrəvana gələn idmançılar üçün heç bir problem yaranmayıb. Hadisə çox tez həll edilib və bunun təhlükəsizlik zəmanəti ilə heç bir əlaqəsi yoxdur. Onların yarışlarda iştirakı üçün bütün lazımi şərait tam təmin edilib”.

Daha nə deyəsən? Adam az qalır ki, səsi gəldikcə bağırsın və Karen Giloyanın üzünə tüpürərək, “Sən nə qədər həyasız və əxlaqsız bir məxluqsan” desin.

Yeri gəlmişkən, Ermənistan parlamentinin deputatı Arpi Davoyanın “Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə biz illərlə geri düşmüşük: əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın” açıqlaması da çox qeyri-səmimi və boğazdan yuxarı deyilən sözlərdir. Elə onun deputat həmkarı Hovik Ağazaryanın hadisə ilə bağlı üzr istəməsi və sosial şəbəkədə: “Mən bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və barbar tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi edə bilmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram” paylaşımı isə quzu cildinə girmiş tülkünün hiyləgər oyunundan başqa bir şey deyil.

UNEC-in Türk dünyası iqtisad fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce mətbuata açıqlamasında bildirib ki, bu hadisə beynəlxalq qalmaqaldır və Olimpiya ruhuna zidd hərəkətdir: “Bu, eyni zamanda, yarışın ədalətli oyun şəraitində keçirilməsi və idmançıların təhlükəsizliyinin qorunması vəzifəsini öz üzərinə götürmüş ev sahibi ölkənin üzərinə düşən vəzifəni yerinə yetirməməsi deməkdir. Bu, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən cəzalandırılmalı olan bir hərəkətdir. Bundan başqa, Azərbaycan Bayrağının yandırılmasına göz yuman təhlükəsizlik qüvvələri də cinayət törədiblər. Halbuki hər bir xalq özünə yaraşanı edir. Ermənistan da öz işini görüb. Bir millətin davranışı o xalqın milli xarakterinin göstəricisidir”.

Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı artıq Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb. Əmin olmaq istərdik ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkət qəti şəkildə pislənilməli, təşkilatçılara qarşı müvafiq cəza tədbirləri görülməlidir.

Zahid Rza, “İki sahil”