20 aprel 2023 00:58
629

Rəsmi Paris bizdən dərviş Məstəlinin intiqamınımı alır?

"İndi hər şey aydın oldu - Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür”. 

Bu sözləri dövlət başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən demişdir.

Bu gün də Fransa öz ampluasındadır. O, yenə də ölkəmizə qarşı böhtan kampinyasını davam etdirir. Belə ki, aprelin 11-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədində baş vermiş növbəti erməni təxribatına Fransanın Xarici İşlər Nazirliyi ermənisayaq reaksiya verib. Başqa sözlə desək, ənənəvi olaraq Ermənistanın işğalçı siyasətini dəstəkləyən Fransa hayların bu məqsədyönlü təxribatından sonra Azərbaycanı günahlandıran, revanşist qüvvələrə dəstək verən bəyanatla çıxış edib.

Həmin “sənəddə” Azərbaycan qüvvələrinin təmas xəttinin Ermənistan tərəfinin işğal olunmuş mövqelərindən çıxarılması, gələcək insidentlərin qarşısının alınması, regionda sabit sülhün əsaslarının qorunması kimi fikirlər yer alıb. Üstəlik, Hayastanın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi də vurğulanıb. Beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 30 ilə yaxın davam edən işğalına göz yuman Fransanın Ermənistan-Azərbaycan sərhədində törədilən  silahlı toqquşmada hayların hüquqlarının pozulmasını iddia etməsi sözün həqiqi mənasında riyakarlıqdır.  Şübhəsiz, Fransanın Azərbaycana qarşı qısqanc münasibətlərinin kökündə ölkəmizin sürətlə inkişaf etməsi, müstəqil siyasət yürütməsi, Cənubi Qafqazda söz sahibi olması dayanır.

Bu kimi yanaşmaları ilə Ermənistanı revanşizmə həvəsləndirən Fransa hələ indiyədək anlamır  ki, Azərbaycan Ermənistanın bir qarış torpağını belə işğal etməyib. Halbuki işğala məruz qalan Azərbaycan əraziləri idi. Bu fakt dünyanın mötəbər qurumlarının tribunalarından da dəfələrlə səsləndirilib. BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər təşkilatlar Ermənistanın işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə qətnamələr, qərarlar qəbul etmişdilər. Amma bunların heç birinə məhəl qoyulmadı. Müvafiq mandata sahib olan və Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində bir addım olsun irəliyə gedə bilmədi. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Amma  Ermənistan ordusunun qalıqları imzalanan məlum Bəyanata əsasən, azad edilmiş bəzi ərazilərimizdən hələ də çəkilib getmək istəmirlər. Fransa kimi havadarları sayəsində nələrə isə nail olacaqlarına ümid edirlər.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə sabitliyin bərqərar olması üçün Azərbaycan bütün imkanlarını ortaya qoydu. Amma iki ildən çoxdur ki, Ermənistan rəhbərliyi müxtəlif bəhanlərlə sülhdən yayınır. Bununla da 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Üstəlik, Azərbaycan torpaqlarında saxladığı qanunsuz silahlı birləşmələri vasitəsilə məqsədyönlü təxribatlar törədir, bununla da vəziyyəti daha da gərginləşdirməyə çalışır. Bütün bunları humanizm və demokratiya carçısı kimi “tanınan” Fransa dəstəkləyir və bu hərəkəti ilə Cənubi Qafqazda haylar tərəfindən törədilən təxribatlara şərik olur. Olmaya Fransa bu kimi addımlarla bizdən dərviş Məstəlinin Parisi “partlatmasının” intiqamını alır? Yeri gəlmişkən qeyd edək ki, dərvişin çıxardığı hoqqa ilə Müsyö Jordana məmləkətində inqilab baş verməsi xəbərinin verilməsi üst-üstə düşmüşdü. Bu məqamı xatırlatmağımız heç də təsadüfi deyil. Belə ki, Fransada   gündən-günə şiddətlənən etiraz aksiyaları deyəsən bu dəfə həqiqətən də Parisi partladacaq. Yaxşı olardı ki, Fransa kiçik “bacısı” Ermənistanın təxribatlarına uyub bu kimi sərsəm bəyanatlarla deyil, öz daxili işləri və problemləri ilə məşğul olsun.

Qvami Məhəbbətoğlu, “İki sahil”