15 aprel 2023 14:35
371

Gözlərə nur bəxş edən böyük oftalmoloq alim...

Sizə söhbət açım Naxçıvan torpağının dünyaya bəxş etdiyi ziyalı xanımdan. O xanımdan ki, Şərur rayonunun Şaxtaxtı kəndindən dünyaya nur saçmağa gəlib. Atası Əziz Əliyevin təlim-tərbiyəsini almaqla bərabər, onun sənətinin davamçısı olub.

Xalqına, millətinə etdiyi xidmətlərlə, payladığı nurla, dünyaya işıq saçan bir dahi olaraq əbədi qəlblərə köçən O, xanımdan söhbət açım. Azərbaycanlı xanımına xas olan sadə geyimi, səliqəsi, danışığı ilə yaddaşlarımıza həkk olan, bir çox insana dünya işığını bəxş edən nurlu qadından danışım... O qadından ki, körpəliyindən vətənpərvərliyi, işgüzarlığı özünə amal seçib. 1941-1942-ci illərdə Böyük Vətən müharibəsi dövründə xəstəxanalara gətirilən yaralılara kömək əlini əsirgəməyən kiçik yaşlı, böyük ürəkli Zərifə Əliyevadan danışmaq istəyirəm. Aldığı tibbi təhsili ilə tibb elminə yenilik gətirən, qeyri-adi peşəkarlığı ilə şöhrətlənən, dünya oftamologiya elminə töhfələrini verən, böyük qəlbli insan, nəcib qadın Zərifə xanım Əliyevadan söhbət açım... Öz əməli fəaliyyəti ilə minlərlə insanın gözünə nur verərək, onlara bu dünyanı görmək kimi böyük xoşbəxtlik bəxş edən, insanların gözündə nura dönən qadından danışım...

Səmimi, saf sevginin vüsalı...

Ümummilli Liderimiz Heydər Əliyevlə böyük, saf sevgi ilə ailə həyatı quran, hər zaman həyat yoldaşının arxa-dayağı olan, ailəsinə bağlı, Dahi Şəxsiyyətin xalqına etdiyi xidməti yoluna işıq saçan Zərifə xanımdan söz açım... Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin etibarlı silahdaşı olmasından danışım. O, Ulu Öndər Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu. Prezident cənab İlham Əliyevin bildirdiyi kimi: “Zərifə xanım Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. Əlbəttə, 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının əlbəttə ki, müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.

Ən müqəddəs amala çatması...

Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi - Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub.Ömrünün ən şirin payı olan iki körpəsini sevgi ilə böyüdən, onları Vətənə, millətinə bağlı olmağı hər kəlməsində aşılayan Zərifə xanım verdiyi tərbiyəsi ilə Azərbaycan xalqına Müzəffər Sərkərdə bəxş edib.

     Zərifə xanım Əliyeva haqqında nurlu insan, deyə də bəhs edirlər. Onun həyat səhifələri ilə tanış olduqdan sonra o qənaətə gəlirsən ki, Zərifə xanım harada olubsa, ora işıqlı, nurlu olub. Təbii ki, cənab İlham Əliyev də bu nurdan öz payını almışdır ki, 30 illik bir hüzn, kədəri öz nuru ilə aydınlığa çevirdi. Bir milyondan çox insanın yurd həsrətinə son qoyaraq Qarabağımızı öz doğma insanlarına qaytardı. Zərifə xanımın dünyaya gətirdiyi övladı Azərbaycanın işğal olunan torpaqlarının azad olunması ilə tarixin 200 illik zaman kəsiyinin axarını dəyişdi. Zaman göstərdi ki, məhz Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi dahi insanların, gözəl ata-ananın, ləyaqətli vətəndaşların, ictimai xadimlərin, vətənpərvər insanların ailəsində İlham Əliyev kimi övlad böyüyə bilərdi. Bu övlad ailənin bütün üstün cəhətlərindən zaman-zaman aldığı dəyərlərlə yumruğu boyda ürəyinə Azərbaycan böyüklükdə Vətən sevgisini elə sığdırdı ki, bu sevgi bir gün xalqın, millətin xilasına çevrildi. Torpaq nisgili ilə yaşayan,başını dik tuta bilməyən xalqının başını zirvələrə qaldırdı.

Lider ata-ananın Lider oğlu ilə xoşbəxt gələcəyə doğru...

Azərbaycan xalqı bir yumruq altında birləşərək, bütün qəlbi ilə inandığı və böyük məhəbbətlə sevdiyi, Zərifə xanımın bizə bəxş etdiyi Lider oğlu ilə xoşbəxt gələcəyə doğru bir yolçuluğa çıxıb. Bu yolla biz tezliklə Qərbi Azərbaycandan keçərək Zəngəzura, oradan da doğma Naxçıvanımıza gələcəyik. Çünki xalqımız yaxşı bilir ki, bu yol Prezidentimizin diqqətindədir və görülən işlər, aparılan danışıqlar müsbət yöndədir.

Azərbaycan qadınına nümunə olan həyat fəlsəfəsi...

Bəli, Zərifə xanımın bir qadın olaraq üzərinə çox məsuliyyət cəmləşmişdi. O, övladına qayğıkeş, mehriban ana, həyat yoldaşına sədaqətli, vəfalı xanım, Vətən keşiyində duran ziyalı olmağı bacarmışdı. Hər zaman elmli, ədalətli, səxavətli, səbrli, həya və ismət sahibi kimi keyfiyyətləri özündə daşımışdı. Bu dəyərlər içərisində güclü və fədakar olaraq Azərbaycan tarixinə iz saldı. Ömür yolu ilə zamanımızın seçilən xanımı olmaqla yanaşı, gələcək nəsillər üçün də örnək olacaq bir simaya çevrilənZərifə xanım Əliyevanın həyat fəlsəfəsi Aərbaycan qadınına nümunəvi yoldur.

Səriyyə Salahova,
 “Arazın səsi” qəzetinin məsul katibi