17 aprel 2023 12:01
467

Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyeva tibb elmində inqilabi kəşflərə imza atıb

Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyeva XX əsrin ortalarında tibb elmində inqilabi kəşflərə imza atmışdı. Ötən əsrin 40-cı illərində gözü zədələyən və ağır nəticələrə səbəb olan traxoma infeksion xəstəliyi Azərbaycanda geniş yayılmışdır. Bu xəstəliklə mübarizə tək oftalmologiya sahəsində deyil, ümumilikdə Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edirdi.

Zərifə xanım Əliyeva bu xəstəliyin müalicəsi istiqamətində aparılan profilaktik tədbirlərin təşkilində yaxından iştirak etməklə yanaşı, traxoma xəstəliyinin geniş yayıldığı rayonlara gedərək həkim oftalmoloqlara məruzələr oxuyurdu. Z.Əliyeva 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış və 1950-ci ildə aspiranturaya daxil olaraq elmi axtarışları davam etdirmişdir. Zərifə xanım 1960-cı ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almış və onun təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq edilmiş, ölkəmiz bu xəstəlikdən xilas olmuşdur. Bununla da Zərifə xanım elm sahəsinə və xalqımızın sağlamlığının qorunmasına böyük töhfə vermiş oldu. 1960-1967-ci illərdə Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdığı zaman, 1963-cü ildə SSRİ Ali Attestasiya komissiyası “Oftalmologiya” ixtisası üzrə ona böyük elmi işçi ixtisası vermişdir. 1967-ci ildə Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna dosent vəzifəsinə dəvət olunur. Bu instutut uzun illər həmin kafedraya rəhbərlik etmiş Zərifə xanım Əliyevanın atası Əziz Əliyevin adını daşıyır. Bu illərdə Zərifə xanım ən mürəkkəb göz əməliyyatları aparmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən həkimlərlə də pedaqoji iş aparırdı. Traxoma ilə yanaşı qlaukoma xəstəliyinin öyrənilməsi sahəsində də Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işi Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda yüksək qiymət almışdır. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Əliyeva Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, 1983-cü ildə kafedra müdiri seçilmişdir. Zərifə xanımın göz xəstəliklərinə aid məqalələri elmi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Z.Əliyeva ən aktual mövzuları əhatə edən bir sıra monoqrafiyaların müəllifi olmuşdur. Bu monoqrafiyalar  oftalmoloqlarla yanaşı fizioloqların da diqqətini cəlb etmişdir. Zərifə xanım Əliyevanın müəllifi olduğu “Terapevtik oftalmologiya” kitabı müasir dövrdə də oftalmoloqların stolüstü kitabı olaraq qalmaqdadır.

Zərifə xanım Əliyeva 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. 1981-ci ildə Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən nüfuzlu mükafatı - SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanımın səhiyyə sahəsində kadrların hazırlanmasında və həkimlərin təkmilləşdirilməsi işində də böyük zəhməti olmuşdur. Alimin rəhbərliyi ilə oftalmologiya sahəsində yüzlərlə gənc həkim ordusu yaranmışdı. Böyük xidmətlərinə, çoxillik təqqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan SSRİ EA-nın akademiki seçilmişdir.

Zərifə xanım böyük alim olmaqla yanaşı ictimai işlər də aparırdı və Azərbaycan ziyalısının ən gözəl nümunələrini özündə təcəssüm etdirirdi. Zərifə xanım Əliyeva 1982-ci il aprel ayının 15-də Moskvada vəfat etmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdi. Prezident İlham Əliyev Zərifə xanım Əliyevanın 100 illiyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmlər Akademiyası Zərifə xanımın 100 illiyinə dair Tədbirlər Planı hazırlayaraq həyata keçirir.

Zərifə xanımın həyat yoldaşı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman bu böyük alim, ideal ömür gün yoldaşı haqqında çox dəyərli fikirlər söyləmişdi. Heydər Əliyevin “Azərbaycan xalqının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanələşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, sədaqət, humanizm kimi ali hisslərlə birləşdirərək əsil insanlıq zirvəsinə yüksəlib” söyləməsi həqiqətən də Zərifə xanımın nə qədər ülvi və dəyərli bir insan olduğunu sübut edir. Prezident İlham Əliyev də anası Zərifə xanımla bağlı olan fikirləri hər zaman dilə gətirmiş, onun necə güclü və qürurlu qadın olduğunu vurğulamışdı.

Zərifə xanım böyük alim, sədaqətli ömür gün yoldaşı, eləcə də qayğıkeş ana kimi hər zaman Azərbaycan qadınına bir örnəkdir.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı,  professor