Dövlətin gücünü və dünyada tanınmasının əsas cəhətlərindən biri də onun parlaq fikirli ziyalılarıdır. Zəkası, şəxsiyyətilə Azərbaycan elmini ziyalandıran alimlərimiz öz xidmətlərilə hər zaman yaddaşlarda silinməz izlər qoymuşlar. Akademik Zərifə xanım Əliyeva da belə ziyalılarımızdandır. Zərifə xanımın tanınmış dövlət və ictimai-siyasi xadim, böyük şəxsiyyət Əziz Əliyevin qızı olması onun dövrünün ziyalı mühitində yetişməsinə, formalaşmasına böyük təsir göstərmişdir.
2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Zərifə xanım Əliyevanın Azərbaycan elmi və yüksək mütəxəssislərin hazırlanmasında xidmətləri əvəzsizdir. Məhz onun təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi sayılan ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmışdır. Zərifə xanımın respublikada yüksək ixtisaslı kadrların hazırlanması, gənc alimlərin və həkim-oftalmoloqların yetişməsində xidmətləri danılmazdır. Alimin xidmətləri nəzərə alınaraq 3 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını ilə əlaqədar Sərəncam imzalamışdır.
Zərifə xanım 1942-1947-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil almışdır. O, xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq məqsədilə Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnmişdir. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış, 1950-ci ildə isə aspiranturaya daxil olaraq, 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı uğurla müdafi etmişdir. Traxomanın sosial xəstəlik kimi Azərbaycanda ləğvi məhz Zərifə xanımın araşdırmalarının nəticəsidir.
1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. 1967-ci ildə görkəmli alim Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsində işə başlamışdır. Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edərək 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. Doktorluq dissertasiyasını müdafiəsindən sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən Zərifə xanım, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə professor Z.Ə.Əliyeva ilk qadın alim olaraq SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. 1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçilmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
Zərifə xanım Əliyevanın tibbi təcrübə və kadr hazırlığında böyük xidmətləri vardır. Alim bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
Görkəmli alim, gözəl insan Zərifə xanım, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdirdi. Akademik, tanınmış oftalmoloq alim Zərifə xanım Əliyeva elmi xidmətlərinə görə Azərbaycanın elm tarixində böyük iz qoymuşdur.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri