Dövlət başçısı İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri çərçivəsində mətbuata bəyanatda bu ölkənin Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç münasibətlərdə yeni səhifənin açıldığını, gələcək əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirdi
Azərbaycan xarici siyasətində ikitərəfli əməkdaşlıq əlaqələrinə xüsusi diqqət göstərir ki, hazırda bu sahədə münasibətlər göz önündədir. İkitərəfli əməkdaşlıqda Balkan ölkələrinin xüsusi yeri vardır. Qarşılıqlı səfərlər münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verməklə yanaşı, hər bir ölkənin malik olduğu imkanların təqdimatında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır.
Dövlət başçısı İlham Əliyevin aprelin 13-də Bosniya və Herseqovinaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlərdə müzakirə edilən məsələlər, Strateji Tərəfdaşlıq haqqında birgə Bəyannamənin imzalanması və sair kimi mühüm məqamlar münasibətlərdə yeni səhifənin açılmasından xəbər verir.
Balkan ölkələri Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm layihələr həyata keçirən Azərbaycanın enerji ixracı şəbəkəsinin əsas halqalarını təşkil edir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması, Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verməsi dünyanın diqqətindən kənarda qalmır. İki il bundan öncə 2020-ci ilin 31 dekabr tarixində çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TAP istifadəyə verildi. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi bu günə qədər görülən işlərin zirvəsidir. Cənab İlham Əliyev,eyni zamanda. belə bir əminliyi də ifadə edir ki, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək. Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi, geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Bu inam da ifadə edilir ki, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. İxrac imkanlarımızı genişləndirməliyik. Dövlət başçısı İlham Əliyev bildirir ki, biz istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır.
Dövlət başçısı İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə birgə mətbuata bəyanatlarında əməkdaşlığın istiqamətlərindən bəhs edərkən energetika sahəsində çox geniş imkanların mövcud olduğunu bildirdi. O da vurğulandı ki, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir. Cənab İlham Əliyev bu məqamı da xüsusi olaraq diqqətə çatdırdı ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.
Azərbaycan böyük investisiyalar məkan kimi tanınır. Ölkəmizdə sabitliyin və normal investisiya mühitinin yaradılması iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasında əhəmiyyətli rol oynayır. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara bərabərdir ki, onların böyük əksəriyyəti xarici investisiyalardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, digər ölkələrə də investisiyalar yatırır, həyata keçirdiyi investisiya layihələri ilə diqqətdədir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında bu proqnoz daim xüsusi yer tuturdu ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrindən dövlət büdcəsinə qısa zamanda milyardlarla dollar vəsait daxil olacaq. Bu vəsaitin düzgün istiqamətləndirilməsi nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsi minimuma enəcək. Bu gün həmin proqnozlar reallıqda öz əksini tapır. Azərbaycan böyük investisiyalar məkanına çevrilib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın Balkan ölkələri ilə münasibətlərində Bosniya və Herseqovina ilə əlaqələr mühüm yer tutur. İki ölkə arasında strateji tərəfdaşlığa dair birgə Bəyannamənin imzalanması qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru inkişafı üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyev istər keçirilən görüşlərdə, istərsə də mətbuata bəyanatında bu kimi məqamlara xüsusi diqqət göstərdi. «Əlaqələrimizin tarixi də çox gözəldir. Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi. İki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı, haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir.
Bu faktı da xüsusi qeyd etməliyik ki, əhalisinin 51 faizini müsəlmanların təşkil etdiyi bu ölkə ilə münasibətlərin əsası hələ sovet dövründə qoyulub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci il oktyabrın 20-də Bakı və Sarayevo şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb, qardaşlaşmış şəhərlər münasibətləri qurulub. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Həmin il fevralın 9-da Bosniya və Herseqovina Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanın Sarayevo şəhərində diplomatik nümayəndəliyi 2011-ci il martın 1-də təsis olunub. Ötən il iyunun 14-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç mətbuata bəyanatında bildirmişdir ki, Azərbaycanın artıq Bosniya və Herseqovinada səfirliyini açmasından çox şadıq. Biz də ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik. Biz bunu həyata keçirəcəyik. Bakıda səfirliyin açılması vacibdir. Bununla bağlı təlimatlarımızı artıq Xarici İşlər Nazirliyinə vermişik və əminəm ki, səfirliyimiz açılan kimi onun bəhrəsini görəcəyik.
Bosniya və Herseqovina Azərbaycanın təşəbbüsü ilə keçirilən mötəbər beynəlxalq tədbirlərdə daim ən yüksək səviyyədə təmsil olunub. IX Qlobal Bakı Forumunun, Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarının əsas iştirakçı ölkələri arasında Bosniya və Herseqovina da var. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Prezident İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşmüşdü. İki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd etmişdi. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etmişdi. Prezident İlham Əliyevin bu səfəri məhz həmin dəvət əsasında həyata keçirilir.
Hər bir səfərin əhəmiyyətini təsdiqləyən mühüm məqamlardan biri sənədlərin imzalanmasıdır. Sənədlər əməkdaşlığın genişləndirilməsində hüquqi baza rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin sözügedən səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edəcək. Bəyannamədə tərəflər dövlətlərimizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəklərini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasına xidmət edəcəyinə əminliklərini, həm ikitərəfli əsasda, həm də beynəlxalq arenada qarşılıqlı maraq doğuran sahələrdə ölkələrimiz arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə münasibətlərin yüksəlməsinə yönəlmiş strateji tərəfdaşlıqlarını və bu strateji tərəfdaşlığın 4 əsas istiqamət – siyasi, iqtisadiyyat və ticarət, müdafiə və təhlükəsizlik, elm, təhsil və mədəniyyət üzrə həyata keçiriləcəyini bəyan edirlər. Bəyannamədə, həmçinin siyasi sahədə bu xüsusda ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran qlobal və regional məsələlərin müzakirəsi məqsədilə xarici işlər nazirlərinin sədrlik edəcəkləri Strateji Dialoqun təsis edilməsi, iqtisadi sahədə əməkdaşlığı əlaqələndirmək və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovina Nazirlər Şurası arasında Birgə Komissiyanı yaratmaq niyyəti, sənaye, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, rabitə, informasiya texnologiyaları, turizm və ətraf mühit kimi prioritet sahələrdə əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi məsələləri əksini tapıb, Azərbaycandan təbii qazın tədarükü layihələrinin həyata keçirilməsinə dəstək ifadə olunur.
Dövlət başçısı İlham Əliyev səfərdən öncə aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirilmişdir. Əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunmuş və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulanmışdır. Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd edilmişdir. Əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilmiş, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə əminlik ifadə edilmişdir.
Azərbaycan- Bosniya və Herseqovina əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təşəbbüsü və dəstəyi ilə bu ölkədə bir sıra layihələr reallaşdırılıb. 2013-cü ildə Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidənqurmadan sonra açılışı olub. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda park və körpü də salınıb, Xocalı və Serebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Azərbaycan müxtəlif vaxtlarda Bosniya və Herseqovinaya humanitar yardım etməklə etibarlı dostluq nümunəsi göstərib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç mətbuata bəyanatında Azərbaycanın etibarlı dostluq nümunəsini əsaslı şəkildə diqqətə çatdıraraq 2014-cü ildə ölkəsində baş vermiş daşqın zamanı göstərilmiş yardıma görə minnətdarlığını ifadə etdi. Daha sonra koronavirus və pandemiya dövründə də Azərbaycan yardım göstərdi. «Bütün bu müddət ərzində Azərbaycan bizim bir neçə şəhərimizdə mühüm lazımi infrastruktur layihələri həyata keçirdi» söyləyən xanım Jelka Tsviyanoviç bildirdi ki, Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı. Eyni zamanda, Sarayevoda tibb müəssisəsi təsis edildi: «Ölkəmizdə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman bizim yanımızda olmuşdur. Bu gün bizim imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik. Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək. Bunun sayəsində biz - işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq.»
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanla Bosniya və Herseqovina arasında münasibətlərdə yeni səhifə açılır. Hər bir səfər, günün aktual məsələləri ətrafında aparılan müzakirələr, ən əsası dövlətlər arasında etimad və səmimiyyət perspektivlər barədə əminliklə danışmağa əsas verir.
Yeganə Əliyeva, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri