“Azərbaycanla Bosniya və Herseqovina arasında investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, turizm, əczaçılıq və digər sahələrdə də əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparıldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında bu və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Görüş zamanı İlham Əliyev siyasi münasibətlərimizin daim çox yaxşı səviyyədə olduğunu, ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiyini vurğuladı. Bildirildi ki, Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə də Bosniya və Herseqovinanın həmişə ərazi bütövlüyümüzə və suverenliyimizə göstərdiyi dəstək yüksək qiymətləndirilib”.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Bosniya və Herseqovina bütün zamanlarda Azərbaycanla əlaqələrin hərtərəfli genişləndirilməsində maraqlı olub: “Azərbaycan xarici siyasətində Balkan ölkələri ilə münasibətlərin genişləndirilməsinə xüsusi diqqət göstərməsi səbəbsiz deyildir. Bu ölkələr Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində irimiqyaslı layihələri həyata keçirən Azərbaycanın enerji ixracı şəbəkələrinin əsas halqaları kimi dəyərləndirilə bilər. Məhz buna görə Azərbaycanın Balkan ölkələri ilə münasibətlərində Bosniya və Herseqovina ilə əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyətə malikdir. Bu ölkə ilə imzalanmış Bəyannamə və sənədlər, keçirilən görüşlər, aparılan müzakirələr heç şübhəsiz, ölkələr arasında münasibətlərin inkişafına dəstəkdir və ölkələri bir-birinə daha da yaxınlaşdıracaqdır. Siyasət, iqtisadiyyat və ticarət, müdafiə və təhlükəsizlik, təhsil və mədəniyyət üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər hər iki ölkənin milli maraqlarına xidmət edir və strateji tərəfdaşlığa öz töhfələrini verəcəkdir”.
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri