14 aprel 2023 23:57
483

Azərbaycan və Qazaxıstan regional inkişafa töhfə verən dövlətlərdir

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soykökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.

Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.
Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar,Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.
Əmtəə dövriyyəsi milyard dollara çatmalıdır. Biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq və əmtəə dövriyyəsini artırmalıyıq.

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə üçün tarixi və strateji cəhətdən böyük əhəmiyyət daşıyır. Səfərin zəngin  gündəliyi, imzalanmış sənədlər, onların məzmunu, həmçinin, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”, hər iki liderin bəyanatları Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcəkdə daha da güclənəcəyini, tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə çatacağını göstərir. Bu, eyni zamanda qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir.  Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri Ümummilli lider Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi, Prezident Kasım-Jomart Kemeleviyin Ulu öndər barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.

Azərbaycanın tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır. Hər iki ölkə xalqları arasında köklü tarixi, mədəni və dini ortaqlıqlar var. Son illərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı səfərləri həm də iki ölkənin bir-birinə verdiyi önəmin real göstəricisidir.

Məcid Əhmədov,
YAP Pirallahı rayon təşkilatının sədr müavini