10 aprel 2023-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri vacib görüşlər və mühüm qərarlar ilə yadda qaldı. Əvvəlcə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və ölkəmizi təmsil edən nümayəndə heyəti Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən yüksək qonaqpərvərliklə qarşılandı. Sözsüz ki, Azərbaycan Qazaxıstan dostluq əlaqələri tarixi ənənələr və möhkəm təməllər üzərində formalaşdırılmışdır.
Ölkələrimiz arasında siyasi-diplomatik münasibətlərin tarixinə nəzər salsaq, qeyd etməliyik ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılıb. Azərbaycanla Qazaxıstan arasında əlaqələrin intensivləşdirilməsinə Ulu Öndər Heydər Əliyev əvəzsiz töhvələr vermişdir. Ulu Öndərin Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə - Türk dövlətləri başçılarının ikinci zirvə görüşünə təsadüf edib. Həmin vaxtan etibarən Azərbaycan – Qazaxıstan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı keçirilən görüşlərdə və aparılan danışıqlarda ölkə rəhbərliyinin və qazax xalqının Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə sonsuz hörmət və ehtiramı hər addımda hiss olunurdu. Rəsmi səfərin reallaşdığı saatlarda Qazaxıstanın kütləvi informasiya vasitələri xüsusi vurğulayırdılar ki, Ulu Öndər Heydər Əliyev ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik etsədə, o, bütün çətinliklərin öhdəsindən yüksək səviyyədə gəldi, öz ölkəsinin və xalqının sabit gələcəyinin təməlini qoydu. Yazılan məqalələrdə qeyd olunurdu ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz atasının quruculuq işlərini layiqincə davam etdirən və ölkəsini inamlı addımlarla tərəqqi yolunda irəli aparan İlham Əliyevin güclü liderliyini yüksək qiymətləndirir.
İki ölkə liderinin görüşü zamanı Qazaxıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş markanın buraxıldığını bildirən Kasım-Jomart Tokayev Ulu Öndərin ölkələrimiz arasında əməkdaşlığın qurulması və inkişafındakı böyük tarixi rolunun hər zaman xatırlandığını qeyd etdi. Qazaxıstan Prezidenti dövlət başçılarının birlikdə Astananın nüfuzlu rayonunda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçənin açılışını edəcəklərini bildirdi. Prezident Kasım-Jomart Tokayev əlavə etdi ki, Qazaxıstan Teleradio Korporasiyası mənim tapşırığıma əsasən görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi sənədli film hazırlayıb.
Müasir dövrümüzün reallıqları türkdilli dövlətlərin daha da yaxınlaşmasını və hərtərəfli inteqrasiyasını qaçılmaz edir. Azərbaycan – Qazaxıstan əlaqələri bu yaxınlaşmanın və inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir. Türkdilli ölkələr arasında yaxın dostluq münasibətlərinin qurulması həm də Ulu Öndər Heydər Əliyevin arzusu idi. Ulu Öndər türk dünyasının daha sıx birləşməsini təmin etməık üçün əlindən gələni etmişdi.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri