13 aprel 2023 22:46
366

Erməni vəhşiliyinin daha bir nümunəsi...

Hərbi qulluqçumuza qarşı törədilmiş qeyri-insani rəftara görə Hayastandan hesab sorulmalıdır

Əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən və aprelin 13-də Ermənistan ərazisində saxlanılan azərbaycanlı əsgər Axundov Hüseyn Əhliman oğluna işgəncə verilməsi, onun fiziki təzyiqlərə məruz qoyulması ermənilərin vəhşi xislətinin növbəti təzahürüdür. İki yüz ildən artıqdır ki, Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirən, Xocalıda amansız soyqırımı törədərək bir gecədə yüzlərlə dinc sakini insanlığa sığmayan işgəncələrlə qətlə yetirən ermənilərdən bundan artığını gözləmək sadəlövhlük olardı. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu H.Axundovun əl-qolu bağlanmış vəziyyətdə ermənilər tərəfindən döyülməsi, ləyaqətinin alçaldılması ilə bağlı Hayastan hökumətinə aid “Baqramyan26” teleqram kanalının yaydığı foto və videogörüntülər də təsdiqləyir ki, düşmən heç bir humanizm prinsiplərinə və beynəlxalq qanunvericlik aktlarına məhəl qoymur. Üstəlik, bu, cəzasızlıqdan azğınlaşmış ermənilər tərəfindən törədilən ilk hadisə deyil, onlar həmişə əsir və girov götürdüklərinə işgəncə verib, qeyri-insani davranıblar. Son hadisə də bunun bir  nümunəsidir.

Ancaq Azərbaycan əsgəri hətta düşmən dinc insanların yaşadığı şəhərlərimizə ballistik raketlərlə hücum edəndə belə öz ləyaqətini qoruyub-saxlayıb, qisasını üzbəüz döyüş meydanında alıb. Dəfələrlə oxşar səbəbdən təmas xəttini keçən ermənilərlə həmişə xoş rəftar olunub, onlara qarşı heç bir zor tətbiq edilməyib.

Əsgərimizə ermənilər tərəfindən işgəncə verilməsi faktı ilə bağlı artıq Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında qeyd olunub ki, bəzi media və sosial şəbəkə səhifələrində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insani rəftara məruz qalmasına dair videogörüntülər yayılıb. Yayılmış həmin videogörüntülərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd olunan videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hərbi qulluqçumuza qarşı işgəncə verən, qəddar və qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Məlumatda həmçinin bildirilir ki, Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.

Ermənilərin törətdikləri vəhşilik aktına Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə rəsmi “Twitter” səhifəsində beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb: “Onlar ağır şəkildə döyülüb və işgəncələrə məruz qalıblar. Bu cür pis rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir.”

Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılan hərbi qulluqçumuza qarşı işgəncə və qeyri-insani rəftarla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ombudsman bildirib ki, bir neçə gün öncə Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanla sərhəd ərazisində itkin düşməsi barədə məlumatlar yayılmış, Ermənistan tərəfi isə onların saxlanıldığını təsdiqləmişdi: “Ermənistan kütləvi informasiya vasitələrində bu gün yayımlanan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədilməsi aydın şəkildə öz təsdiqini tapır. Belə ki, yayılmış videoda azərbaycanlı hərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsi, ləyaqətinin alçaldılması müşahidə edilir.

“Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdırlar.”

Ombudsman S.Əliyeva beynəlxalq təşkilatlara müraciət edərək, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüquqla üzərinə götürdüyü tələblərə riayət etməyə çağırmağa dəvət edib: “Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm.”

Ermənistan hərbi qulluqçumuza qarşı törədilmiş qeyri-insani rəftara görə cavab verməlidir. Bəs hər zaman insan haqlarından, beynəlxalq hüququn aliliyindən dəm vuran bəzi ermənipərəst Qərb dövlətləri, beynəlxalq təşkilatlar Hayastan hakimiyyətindən hesab soracaqlarmı? Yoxsa yenə özlərini karlığa, korluğa, lallığa qoyacaqlar? Özü də ermənilərin özlərinin həyasızcasına yaydıqları faktlara rəğmən...

Mahir Rəsuloğlu, “İki sahil”