Təxminən 30 il müddətində öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal altında saxlayan, məscidləri dağıdan və təhqir edən təcavüzkar Ermənistana hərtərəfli hərbi-siyasi və iqtisadi dəstək verən İranın ölkəmizi nədəsə ittiham etməsi cəfəngiyyatdır
Ötən əsrin 90-cı illərinin əvvəllərindən işğalçı Ermənistana hərtərəfli dəstək verən İranın molla rejimi Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edir. Əslində ümid etmək olardı ki, cari ilin aprelin 7-si və 8-i tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışıqlarından sonra Tehran hökuməti ölkəmizlə bağlı yanlış siyasətində korrektələr edərək öz təxribatçı əməllərinə son qoyar. Belə ki, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildirərək iki ölkə arasında yaranan narazılıq üzərində fikir mübadiləsi aparmış, fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulamışdılar.
Həmçinin C.Bayramov Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət və region ölkələri ilə ikitərəfli münasibətlərə hörmətlə yanaşmağın vacibliyini iranlı həmkarının diqqtəinə çatdırmışdı.
Ancaq bütün bunların əvəzində nə müşahidə edirik? Son günlər baş verənlər bir daha göstərir ki, bu gün öz pozucu əməlləri ilə Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına maneçilik törədən, regionun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilən təcavüzkar Ermənistanı müxtəlif yollarla dəstəkləyən mollakratiya Azərbaycana qarşı hədələyici davranışalarından və təxribatçı əməllərindən yenə də əl çəkmir. Tehran hökuməti öz mənfur xislətinə sadiq qalaraq ölkəmizə qarşı məkrli planlarını həyata keçirmək üçün ən çirkin vasitələrə əl atır.
Aprelin 11-də Laçın istiqamətində baş verən hadisələr bir daha göstərdi ki, İran təcavüzkar Ermənistanı Azərbaycan əleyhinə silahlandırmaqda davam edir. Mollakratiya İkinci Qarabağ müharibəsindən sonra da ölkəmizə qarşı təxribatçı əməllərini davam etdirən bu ölkəyə pilotsuz uçuş aparatları və raket qurğuları göndərib. Ermənistan aprelin 11-də məhz İran istehsalı olan həmin hərbi texnikalardan istifadə edərək əsgərlərimizi şəhid edib. Bu qanlı toqquşmada Ermənistan qədər İran da ciddi məsuliyyət daşıyır.
Ukraynanın tanınmış siyasi-hərbi şərhçisi, silahlı q üvvələrin zabiti Taras Berezovets bildirib ki, Sonuncu toqquşmaya görə təkcə onun səbəbkarı olan Ermənistan deyil, İrəvanı buna təhrik edən İran da məsuliyyət daşımalıdır: “Ermənistanın İran istehsalı olan PUA-lardan istifadə etməsi sübut olunarsa, onlara qarşı da sanksiyalar tətbiq oluna bilər. Çünki terrorçu Tehran rejimi ilə əməkdaşlığın əvəzi mütləq olmalıdır”.
Bir neçə gün əvvəl Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşən İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin görüşdən sonra “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik” deməsi ekspertlərin də bildirdiyi kimi, Azərbaycanın əleyhinə yönəlib.
Molla rejimi Azərbaycana qarşı qərəzli mövqeyini bir neçə müstəvidə davam etdirir. Belə ki, aprelin 5-də İran parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərarda Azərbaycanın İsraildə səfirlik açması pislənilib, ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İslam Əməkdaşlıq Təşkilatından, İslam Məclislərarası Katibliyindən ölkəmizin bu qərarını qınamaları xahiş edilib. Həmçinin İran Xarici İşlər Nazirliyinin bütün İslam ölkələrinə bəyanat göndərərək, lazımi diplomatik tədbirləri görəcəyi ilə bağlı mesajlar verilib. Buradaca bir atalar sözünü yada salmaq yerinə düşər: “Utanmasan oynamağa nə var?” Azərbaycanı İsraildə səfirlik açmaqda ittiham edən saxtakar Tehran hökuməti bundan düz üç il əvvəl, 2020-ci ilin sentyabrın 19-da İsraildə səfirlik açan, bir milyona yaxın müsəlman azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin salan, müsəlman şəhərlərini, kənd və qəsəbələrini yerlə-yeksan edən, məscidlərdə donuz saxlayan təcavüzkar Ermənistanla həyasızcasına dostluq, qardaşlıq əlaqələrini gündən-günə genişləndidir. Bax, budur sözdə “islam” respublikası olan, əslində isə müsəlmançılıqla heç bir əlaqəsi olmayan İranın əsl simasızlığı.
Simazıslıq öz yerində… Ancaq deyəsən, İranın molla rejimi unudur ki, beynəlxalq hüququn bütün norma və prinsiplərinə dönmədən əməl edən, mehriban qonşuluq siyasətini ardıcıl davam etdirən, başqa ölkələrin daxili işlərinə qarışmamaqla sülhpərvərliyə daim sədaqət nümayiş etdirən Azərbaycan müstəqil dövlətdir. Hansı ölkədə səfirlik açmaq, harada səfirlik bağlamaq Azərbaycanın təməl hüququdur və kimsə ona müdaxilə edə bilməz. Heç kim Azərbaycanın daxili işlərinə və xarici siyasətinə qarışmağa da cürət edə bilməz. Təxminən 30 il müddətində öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal altında saxlayan, məscidləri dağıdan və təhqir edən təcavüzkar Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” elan edən və bu militarist ölkəyə hərtərəfli hərbi-siyasi və iqtisadi dəstək verən ayətullahkratiyanın ölkəmizi nədəsə ittiham etməsi tam bir absurddur. Molla rejiminin buna heç bir vəchlə haqqı, cəsarəti və gücü çatmaz. Bu qədər sadə…
Zahid Rza, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri