Qarabağa və Şərgi Zəngəzura həyat qayıtmaqdadır
Tarixi Zəfərimizdən keçən iki il yarım ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində misli görünməmiş layihələrin icrası davam etdirilir. Uzun illər öz doğma ev-eşiklərindən didərgin düşmüş keçmiş məcburi köçkünlərin Böyük Qayıdışını şərtləndirən bərpa işlərinə Azərbaycanın dövlət büdcəsindən xərclənmiş vəsaitin məbləği də görülən işlərin miqyası haqqında geniş təsəvvür yaradır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin aprelin 12-də keçirilən iclasında bildirib ki, son 2 ildə işğaldan azad edilmiş ərazilərin bərpasına 6,5 milyard manata yaxın vəsait xərclənib. Müqayisə üçün bildirək ki,
bu məbləğ az qala Hayastanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri həcmindədir. Belə ki, düşmən ölkənin cari ildəki büdcə layihəsində gəlirləri 5,8 milyard dollar (2 trilyon 302 milyard erməni dramı), xərcləri isə 6,5 milyard dollar (2 trilyon 591 milyard dram) təsdiqlənib.
Məhz Azərbaycan dövlətinin prioritet istiqamət kimi yanaşması nəticəsində həyata keçirilən məqsədyönlü layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Azadlığına qovuşmuş ərazilərimiz bu gün nəhəng tikinti meydançasını xatırladır – rayonları, kəndləri və şəhərləri birləşdirən yeni yollar çəkilir, quruculuq işlərinin aparıldığı ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər mühüm infrastruktur obyektlərinin təməlləri atılır. Qarabağda və Şərqi Zəngəzurda ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində çox mühüm işlər görülüb və görülməkdədir. Qürurvericidir ki, artıq Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndlərinin timsalında uzun illər Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin doğma torpaqlarına Böyük Qayıdışının startı verilib. Artıq Laçın şəhərinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə sakinlərin köçürülməsi üçün də ciddi hazırlıq gedir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirmişdir ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur: “Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.”
Bununla paralel olaraq, Zabux və Sus kəndlərinində tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək.
Aprelin 12-də Füzuli Beynəlxalq Hava Limanında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə ölkə rəhbərliyinin daimi diqqət və qayğısı sayəsində bərpa-quruculuq istiqamətində böyük irəliləyişlər əldə edilib: “Qarabağ və Şərgi Zəngəzurun şəhər, qəsəbə və kəndlərinə “Böyük Qayıdış” şüarı altında həyat qayıtmaqdadır. Bu prosesi sürətləndirmək, yaşayış məntəqələrinin gələcəkdə sakinlər üçün daha rahat etmək üçün işğaldan azad edilmiş torpaqlarımızda bu gün milli özəlliklər nəzərə alınmaqla qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri həyata keçirilir.”
Bütün bu görülən işlər Azərbaycan Prezidenti tərəfindən hər zaman diqqətdə saxlanılır, layihələrin vaxtında və yüksək keyfiyyətlə icra edilməsi üçün müvafiq göstərişlər verilir. Təsadüfi deyil ki, dövlətimizin başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edir. Hər növbəti səfər isə artıq yeni açılışların edilməsi, həmçinin yeni təməllərin atılması və mühüm layihələrin icrasına başlanılması ilə yadda qalır. Prezident İlham Əliyevin bu diqqəti sayəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.
Dövlət başçısının 2022-ci il noyabrın 16-da imzaladağı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam da məhz bu prioritetlərə əsaslanan hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət Proqramının icrası bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili və işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası baxımından müstəsna əhəmiyyətə malikdir.
Qeyd edək ki, Dövlət Proqramında 2026-cı ilə kimi Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulub ki, bu da onminlərlə, hətta yüzminlərlə keçmiş məcburi köçkünün öz doğma yurdlarına əbədi qayıdışını təmin edəcək. Hər bir Azərbaycan vətəndaşı arzularımızın simvoluna çevrilmiş Böyük Qayıdışın sonuna qədər reallaşacağı, Qarabağ və Şərqi Zəngəzurun xarabalıqları üzərində cənnətin qurulucağı o tarixi anları böyük inam və ümidlə gözləyir. O günlərsə uzaqda deyil...
Mahir Rəsuloğlu, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri