Azərbaycan heç kimə boyun əyməyən və dünya güclərinin hesablaşdığı qüdrətli dövlətdir
Ölkəmiz müstəqillik qazandığı gündən bu yana İran İslam Respublikası həm açıq, həm də gizli şəkildə bizimlə düşmənçilik edib. Bu, daha çox Azərbaycanın torpaqlarını 30 ildir işğal altında saxlayan Ermənistana hərbi və siyasi dəstəklə reallaşıb. Hətta bu dəstək 44 günlük İkinci Qarabağ müharibəsində daha açıq şəkildə hiss edildi. Özünü müsəlmanların təəssübkeşi kimi qələmə verən İran rejimi işğal müddətində Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə göz yumaraq Ermənistanla iş birliyini daha da möhkəmləndirdi. Hətta Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də İran Ermənistan üçün siyasi, hərbi və iqtisadi «nəfəslik» funksiyasını üzərinə götürmüşdü.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatında Ermənistan üzərinə bir sıra öhdəliklər götürüb ki, onlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Lakin Ermənistandan daha çox İran Zəngəzur dəhlizinin reallaşmasına əngəl törədir. İddia edir ki, bu dəhlizin açılması onun təhlükəsizliyinə təhdiddir.
Bəli, İran əvvəllər pərdələməyə çalışdığı riyakar xislətini gizlədə bilmir. Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa, ölkəmizə qarşı təxribat hərəkətləri törətməyə cəhd göstərir.
Bundan başqa, 2023 -cü ilin yanvarın 27-də İranın xüsusi xidmət orqanları Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ağır terror hadisəsi törətdi. Terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu, iki əməkdaş -Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri aldılar. Bu terror aktı İranın ölkəmizə qarşı növbəti təhdidi idi. Təbii ki, Azərbaycan dövləti də onların bu terrorçu hərəkətlərinə qarşı adekvat addımlar atdı. İranın ölkəmizdəki səfirliyini əməkdaşları «persona non grata» ( arzuolunmaz şəxslər) elan edildilər. Eyni zamanda, İranın ölkəmizdəki casus şəbəkəsi ifşa olunaraq həbs edildilər. Həmin casuslar müxtəlif adlar altında və müxtəlif qurumlarda gizlənərək Azərbaycan dövlətinin milli maraqlarını satmaqla məşğul olurdular. İranın ən böyük riyakarlığı isə Qafanda konsulluq açması oldu. Bu, artıq molla rejiminin Ermənistanla dostluğunun və qardaşlığının növbəti təzahürü idi.
Molla rejiminin ən böyük rəzaləti isə son bir ildə İranın quru qoşunları komandanlığının Azərbaycanla sərhəddə başlatdığı genişmiqyaslı hərbi təlimlər oldu. Təlimlərdə zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və hərbi aviasiyadan atəş açmaq taktikasından istifadə edilirdi. İranın siyasi rəsmiləri bu təlimləri guya bölgənin «stabilliyi və təhlükəsizliyi» naminə apardıqlarını desələr də, ölkənin hərbi təmsilçiləri müharibə oyunlarının məqsədini «bölgədə sionist təhlükəsi» ilə izah edirdilər.
Düzdür, Azərbaycan bu hərbi təlimlərə ciddi qarşılıq verdi. Qardaş Türkiyənin hərbi birlikləri ilə Azərbaycan komando birlikləri mükəmməl hərbi təlimlərlə İrana həddini bildirdilər.
Azərbaycanın güclənməsini özünün faciəsi kimi qəbul edən molla rejiminin xarici siyasəti kimi, daxili siyasəti də iflasa uğrayıb və xalqın səbrini daşdırıb. Artıq aylardır ki, İranda davam edən üsyanlar səngimək bilmir. Burada ən çox hüququ pozulanlar isə 35 milyonluq Azərbaycan xalqıdır. İrandakı 50 minlik erməni toplumunun erməni dilli məktəbləri, mətbuatı olduğu halda azərbaycanlıların öz ana dillərində təhsil alacağı bir məktəbi də yoxdur.
Bu gün molla rejimi Azərbaycanı onda ittiham etməyə çalışır ki, İsraillə geniş əməkdaşlıq və dostluq münasibətlərimiz var. Hətta Azərbaycanın İsraildə və Fələstində səfirliklər açması bu ölkəni daha çox qıcıqlandıran hadisədir. Təbii ki, bu, müstəqil Azərbaycan dövlətinin öz seçimidir. Milli maraqlarımıza uyğun olaraq istənilən dövlətlə dostluq əlaqələri qura bilərik.
Bəli, məhz İrandan fərqli olaraq İsrail 44 günlük müharibədə Azərbaycanın haqq savaşında yanımızda oldu. Həmçinin İranın molla rejiminə xatırlatmaq lazımdır ki, BMT Təhlükəsizlik Şurası (TŞ)1993-cü ilin aprelin 30-da Ermənistanın işğal etdiyi Kəlbəcər rayonundan qoşunlarını qeyd- şərtsiz çıxarılması haqqındakı 822 saylı qətnamənin qəbul edilməsində məhz İsrailin xüsusi xidmətləri olmuşdu. Ancaq İsraildən fərqli olaraq İran 1992- ci ilin mayında Şuşa və Laçının işğal edilməsində Ermənistanın əsas yardımçılarından biri idi.
İranı narahat edən digər məsələ Azərbaycanın istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatında nüfuzunun artmasıdır. Həmçinin Çinin, Rusiyanın, ABŞ və Avropa İttifaqı dövlətlərinin, eyni zamanda, müsəlman ölkələrinin böyük əksəriyyətininmüsəlman ölkəsi olan dünyəvi Azərbaycanla əməkdaşlığa böyük maraq göstərməsi fonunda İran nüfuzunun azaldığını hiss edir və ölkəmizə qarşı qabaqlayıcı tədbirlər görməyə çalışır.
Bəli, molla rejimi hələ də tam ciddiyyəti ilə anlamır ki, artıq Azərbaycan heç kimə boyun əyməyən və dünya güclərinin hesablaşdığı qüdrətli dövlətdir. Ona görə də bu gün bizimlə düşmənçilik edənlər yox, dostluq edənlər qazanacaqlar.
Elçin Zaman, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri