El arasında tez-tez işlənən bir məsəl var: «İt itdiyini tərgitsə də, sümsünməyini, yəni bir sümük üçün qapıları dolaşmağı tərgitməz.» Ermənistanın hərdəmxəyal baş naziri Nikol Paşinyanın yeni ağa axtarışı elə itin yallanmaq vərdişinə bənzəyir. Amma heç bir ağası ilə ortaq məxrəcə gələ bilməyən Paşinyanın «yerdəyişmə qanununun» başlıca səbəbi Hayastanın tarixən özünəməxsus daxili və xarici siyasətinin olmamasıdır. Çalınan hər havaya oynayan Paşinyan hökuməti müxtəlif dinlərə məxsus Rusiya- Fransa- İran üçlüyünün bəstələdiyi nəqarətin təkrarçılıq labirintində çabalayır. Avropa Komissiyasının guya monitorinq missiyasını da bu sıraya daxil edən Paşinyanın kvartetinin çaldığı «müharibə havası»nın səsi 11 apreldə eşidildi. Ermənilərin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərinə qarşı törətdikləri təxribatın qarşısını alan Silahlı Qüvvələrimiz haylara növbəti qulaqburması verdilər.
Hadisələrin gedişindən məlum olduğu kimi, yuxarıda adları çəkilən havadarların əvvəlcədən hazırladıqları plan və göstərdikləri hərbi dəstək sayəsində baş verən silahlı atışma daha çox haylara zərər vurdu. Təxribat zamanı Hayastanın xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın ( yeri gəlmişkən «gözəl» kəlməsi elə Azərbaycan sözüdür) əməliyyata rəhbərlik etməsi, deyilənlərin ehtimal yox, həqiqət olduğunu təsdiqləyir.
Xarici qüvvələr təxribata hazırlıq ərəfəsində müxtəlif platformalarda anti-Azərbaycan kampaniyasını davam etdirməklə özünü haqlı tərəf kimi göstərməyə çalışan Paşinyanı imzalanmış bəyanatlarla üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən də çəkindirirlər. Dövlətçilik təcrübəsi , səriştəsi olmayan Paşinyan isə anlamır və anlamaq da istəmir ki, kənardan gələn payla süfrə dolmaz.
Törədilən təxribatların səbəbləri də aydındır. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündə soydaşlarımızın ata –baba yurdlarına qayıdacaqları ilə bağlı qətiyyətli sözləri, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquq prinsipləri əsasında hazırlanaraq təsdiqlənməsi, bütün məsələlərdə verdiyi vədlərini yerinə yetirən dövlət başçımızın bu məsələdə də israrlı olması, Zəngəzur dəhlizinin inşasının 73 faizdən artığının yerinə yetirilməsi xəbərləri Paşinyan kimi, havadarlarının, ən çox da İranın yuxusunu ərşə çəkib. Buna görə də soydaşlarımızın Qərbi Azərbaycandan qovulmasını inkar edən Nikol və ətrafındakı üçlük daşnakların etnik təmizləmə siyasətinə bəraət qazandırmaq üçün belə sistemli və planlaşdırılmış təxribatlara əl atırlar. Xocalıda Azərbaycanın nümayəndələri ilə Xankəndinin erməni icmasının üzvləri arasındakı görüşdən vahimələnən, bölgədə yaranacaq sabitliyi özlərinin Cənubi Qafqazdan birdəfəlik qovulması kimi anlayan erməni havadarlarının təlaşı bəllidir. Qərbi Azərbaycan İcmasının Ermənistan rəhbərliyinə soydaşlarımızın doğma torpaqlarına qayıtmaq istəkləri ilə bağlı çağırışını «ərazi iddiası»” kimi təqdim edən Paşinyanı təlimatlandıranların qərəzli bəyanatlarında «Qarabağ xalqı və hökuməti»” kimi ifadələr işlətmələri də məkrli niyyətin açıqlamasıdır. Azərbaycan nümayəndələri ilə Xankəndi təmsilçilərinin Xocalıda baş tutan görüşün Bakıda davamı təklifinə etiraz edən separatçıların niyyətləri də bəllidir. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatların və terrorçuların Rusiya sülhməramlı kontingentinin müşaiyəti ilə ərazilərimizə daşınması təxribatlara hazırlıq idi. Görüşün azərbaycanlıların ölümünə səbəb olacaq silahların daşınmasına yardım edən «sülhməramlı»ların yerləşdikləri ərazilərdə keçirilməsinə razı olduğunu bildirən erməni əsilli nümayəndələrin niyyəti yenə də başqalarının iradəsinə uyğun seçim, əmrə tabeçilik idi. Əslində, hayların görə bilmədikləri, bəlkə də görmək istəmədikləri ən böyük düşmənləri Azərbaycanla Ermənistan sərhədində təxribatlar törədən, məkrli planlar hazırlayan, qarşılarında qul kimi baş əydikləri havadarları və xarici qüvvələr tərəfindən təlimatlandırılan revanşistlərdir.
Amma başqalarının qabının artığını yalamaqla özlərini millət, dövlət hesab edən haylar unutmamalıdırlar ki, sonda onların nicat yoluna bələdçilik edəcək qüdrətli, sülhsevər dövlət elə Azərbaycan olacaq. Qarabağda yaşayan sıravi ermənilərin bundan başqa seçimi, alternativi ola bilməz və olmayacaq da. Rusiyalı milyarder Ruben Vardanyandan istifadə etməklə Qarabağda məkrli planlarını təcrübədən çıxaranların ümidləri alt-üst oldu. Bu siyasəti sonradan başa düşən ermənilər özünü baş nazir hesab edən Vardanyanın kitabını bağladılar.
Bu günlərdə baş verən Laçın təxribatı da Rusiya- Ermənistan-İran-Fransa dördlüyünün şinelindən çıxan məkrli addım idi. Xankəndidə və ətraf ərazilərdə yaşayan erməniləri növbəti dəfə alətə çevirən xarici dairələrin məqsədi sülh prosesini əngəlləmək, hadisələri sıfır vəziyyətinə qaytarmaq üçün vaxt qazanmaqdır. Onlar aydın başa düşürlər ki, sülh sazişi imzalansa Qarabağın erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizin qanunları ilə yaşamağa razılıq verəcəklər.
Erməni separatçılarının Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisindəki məntəqələrimizə atəş açmaları, üç hərbçimizin şəhid olması, Ermənistan ordusunun daha çox itki verməsi havadarların öz maraqlarına uyğun niyyətlərinin qanla bitən nəticəsi idi. Bu cür təxribatlar bir həqiqəti növbəti dəfə təsdiqlədi: Hələ də düşdüyü bataqlığın kimlər tərəfindən qazıldığını anlamayan Hayastan Cənubi Qafqazda yerləşmək istəyən qüvvələrin əlində alətdir, və «nikahına daxil olduqları» dövlətlər tərəfindən idarə olunur.
Amma bu cəhd də boşa çıxdı. Qüdrətli ordumuz erməni terrorçularının təxribatının qarşısını adekvat cavab aldı. Tülkü xislətli düşməni yuvasına qədər qovdu. Hayastan kimi havadarları, artıq dəfn edilmiş Minsk qrupusayaq turist səfərini davam etdirən Avropa Komissiyasının guya monitrinq, əslində isə təxribatları hazırlayan qrupunun ermənipərəst üzvləri bir daha gördülər ki, ədalət tərəfdarı Azərbaycanın haqq işinə qalib gəlmək mümkün deyil. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfər Hayastan kimi dəstəkçilərinin də üzərində Qələbəmiz idi. Görünür bununla razılaşmayan separatçılar, xarici müdaxiləçilər üçün dəmir yumruğun daha ağır zərbəsi gərəkdir. Ekofəalların Laçın-Xankəndi yolundakı aksiyalarından nəticə çıxarmayan separatçılar kimi sülhməramlılar da hərəkətlərini bir daha götür-qoy etməlidirlər. Bölgədə qanunsuz yüklərin daşınmasının qarşısını alacaq nəzarət- buraxılış məntəqələrinin yaranması, Azərbaycanın son və qəti addımı, antiterror əməliyyatlarına başlanılması Hayastanın və qoltuğuna sığındığı yadların sonu olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri