14 aprel 2023 02:59
493

Fransanın yuyulmamış qaşıq prinsipi

Fransada cərəyan edən son hadisələr, etiraz aksiyalarına səbəb olan çox sayda sosial problemlər onu göstərir ki, başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqına da acımır

Terroru dövlət siyasəti səviyyəsinə çatdıran və zaman-zaman ona-buna quyruq bulayan cırtdan Ermənistana aşiq olduğunu açıq-aşkar bəyan edən Fransa 30 ildir ki, ikili standartlardan, ermənipərəstlikdən, ədalətsizlikdən və bədxahlıqdan qurtula bilmir ki bilmir. Məlum olduğu kimi, aprelin 12-də Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin 11 aprel tarixində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən bəyanat verib. Bir dəfə də olsun üçtərəfli Bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Hayastandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi onun ölkəmizə qarşı növbəti qərəzidir. Bundan əlavə, sual oluna bilər ki, Laçın səmtlərinin, Dığ kəndinin, Zəngəzurun, Qarabağın, ümumən Qafqazın Fransaya nə dəxli var?

Göründüyü kimi, Makronun növbəti dəfə günahkarın ünvanını gizlətməyə çalışması, burada digər bir dövlətin təxribat izini axtarması elə izləri məqsədli şəkildə qarışdırmaq və beləliklə də, təcavüzkarı növbəti dəfə müdafiə etmək cəhdindən başqa bir şey deyildir. Hər kəsə gün kimi aydındır ki, 30 ilə yaxın bir müddətdə Fransa rəsmiləri, parlamentariləri, prezident Makron və onun sələfləri əvvəldən axıradək Qarabağda nələr baş verdiyini çox gözəl bilirdilər. Onlar Daşaltı, Qarakənd və Xocalı faciələrindən də xəbərsiz deyildilər. Amma bununla belə hər yerdə, özü də bütün səviyyələrdə təcavüzkar Ermənistanı müdafiə edirdilər. Bu isə simasızlığın dövlət səviyyəsində nümayişidir.

Hələ İkinci Qarabağ müharibəsi zamanı başda prezident Makron olmaqla Fransa rəsmilərinin münaqişənin tənzimlənməsinə xidmət etməli olan həmsədr ölkəyə əsla yaraşmayan aşkar birtərəfli ermənipərəst mövqedən çıxış etmələri ilə artıq bütün maskalar yırtılmışdı. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünün qarşısını almaq naminə prezident Makron və onun əsabələri nələr etmədi?! Makron ABŞ-ı, NATO-nu, Almaniya və Rusiyanı tərəf kimi konfliktə qoşmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxmaqda idi. Sanki müharibə Fransa ərazisində, yaxud da onun prefektlərindən birinin ərazisində gedirdi. 30 il ərzində işğal altında saxlanılan əraziləri viranəyə çevirənləri himayə edənlər Qarabağda erməni-xristian mədəni irs nümunələrinin təhlükə altında qaldığına dair iftira və yalanlar yaymağa başladılar. Bu dərəcədə də simasızlıq və riyakarlıq olar?!

Yaxşı olardı, Fransa öz daxili işləri və problemləri ilə məşğul olsun - yüzminlərlə insanın ardıcıl olaraq mitinqlər, etiraz nümayişləri keçirməsi Makron hökumətinin düşünməli olduğu ilk mövzulardan olmalıdır. Fransada cərəyan edən son hadisələr, etiraz aksiyalarına səbəb olan insanların üzləşdikləri çox sayda sosial problemlər onu göstərir ki, başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. Dünyaya demokratiya, insan haqları dərsi keçən Fransa dinc aksiya iştirakçılarına qarşı da elə öz "prinsiplərinə" uyğun hərəkət edir. Belə ki, sosial tələblər səsləndirən insanlara zor tətbiq edilir, həbs olunurlar, polis onların üzərinə atlarla hücum edir, gözyaşardıcı qazlardan, dəyənəklərdən istifadə edir. Eyni ssenari bir sıra digər Avropa ölkələrində də tətbiq olunur. Amma Fransa həmişə olduğu kimi, bu məsələdə də bir addım "öndədir". Sosial tələblər irəli sürən "Sarıjiletli”lərə qarşı Fransa hakimiyyətinin amansız davranışı hər kəsə məlumdur. Sirr deyil ki, bu gün Fransada işsizlik səviyyəsi yüksəkdir. Makron hakimiyyəti əhalinin problemlərini həll etmək əvəzinə digər ölkələrdə öz təsir gücünü artırmaq üçün böyük vəsait sərf edir ki, bu da dövlətin borclarının artmasına səbəb olub. İndi xalqın cibinə girməklə bu borcları kompensasiya etməyə çalışır. Xalq Makron hakimiyyətindən vəziyyəti dəyişmək üçün təcili addımlar atmağı gözləyir. Əks halda, Makron elə xalqın istəyi ilə hakimiyyətdən getməli olacaq. Ümumiyyətlə, Emmanuel Makron Fransanın tarixində ən uğursuz dövlət başçısı hesab olunur. Onun siyasəti qarşıdurma yaratmaq, digər ölkələrin daxili işlərinə burun soxmağa hesablanıb. Müstəmləkəçilik, işğalçılıq siyasəti Fransa tarixi üçün qara ləkədir. Bu ölkə təkcə Əlcəzairdə 1,5 milyonlarla günahsız insanın qatilidir. Amma Makron öz addımları ilə bu gün də bu xəttindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirir. Onun bu gün hər vasitə ilə Cənubi Qafqaza soxulub, burada təsir rıçaqları yaratmağa çalışması da dediyimizin sübutudur.

Sevinc Azadi, “İki sahil”