Azərbaycan və Qazaxıstan münasibətləri dərin köklərə və güclü əsaslara malikdir. İki ölkənin əlaqələrindəki yaxınlıq onların eyni siyasi quruluş və dövlət tərkibində olmalarından da qaynaqlanır. Lakin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı müstəqillik illərinə təsadüf edir. Sirr deyil ki, keçmiş SSRİ zamanında olduğu kimi müstəqillik illərində də iki ölkə arasında hərtərəfli əməkdaşlığın təmin olunmasında Ulu Öndər Heydər Əliyevin və Nursultan Nazarbayevin xüsusi rolu olub. Məhz, onların təməlini qoyduğu münasibətlər bu gün uğurla inkişaf edir, hətta keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri və bu çərçivədə müxtəlif sənədlərin imzalanması bir daha təsdiqləyir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm töhfə verdi. Komissiyanın indiyədək 18 iclas keçirilib. Sonuncu iclas ötən il iyulun 5-də Qazaxıstanda baş tutub. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir.
Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri və Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud və geniş tərkibdə görüşlərinin keçirilməsi, sənədlərin, xüsusilə də Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolun imzalanması iki ölkənin münasibətlərin inkişafının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə işarədir. Bütövlükdə isə Azərbaycan ilə Qazaxıstan arasında 130-dan çox ikitərəfli sənəd imzalanıb. Bu sənədlər də iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına töhfələr verir. Son illərdə Qazaxıstan ilə Azərbaycan respublikaları arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Dövlətlərarası strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalanıb. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şura təsis edilmişdir. Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq var. Fərəhlə deyə bilərik ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün hər iki ölkənin prioritet vəzifəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayaraq bütün məsələlərdə bir-birini həmişə dəstəkləmişdir. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü də iki xalq arasında dostluğun rəmzidir. Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib.
Ümumilikdə Qazaxıstanla qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Prezident İlham Əliyevin Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışında qeyd etdiyi kimi, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri