Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Tacikistan Respublikasında dövlət səfərində olub.
Cənab Prezident İlham Əliyev bəyanatla çıxış edərək bildirib ki , bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.
Eyni zamanda xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.
Tacikistan və Azərbaycan, xüsusən ticari-iqtisadi və nəqliyyat-tranzit sahələrində bizim əməkdaşlıq münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq üçün mövcud potensialdan istifadə etmək əzmindədirlər.
Bizim humanitar sahədə əməkdaşlığımız həmişə qarşılıqlı maraq, qarşılıqlı hörmət ilə fərqlənmişdir. Xalqlarımızın mədəniyyəti, ənənələri, həyat tərzi bir-birinə yaxındır və əlbəttə, mədəni sahədə mübadilə xüsusi əhəmiyyət kəsb edir.İmzalanmış humanitar xarakterli – təhsil, mədəniyyət sahəsində mühüm sənədlər xalqlarımızı daha da yaxınlaşdıracaq, biz daha sıx ünsiyyət saxlayacaq, daha sıx dostluq edəcəyik.
Eyni zamanda Cənab Prezident öz çıxışında qeyd etmişdir ki , nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.
Prezident İlham Əliyevin bu dövlət səfəri çərçivəsində qəbul edilən yeni qərarlar və imzalanan sənədlər iki dövlət arasında münasibətlərin inkişafını daha da sürətləndirəcək.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri