Azərbaycanla Tacikistanı qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Bu gün ölkələrimizin qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin, 5 aprel tarixində Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun dəvəti ilə, Düşənbəyə rəsmi səfərə gəlib. Dövlət Başçısını Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşıladılar. Eyni gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub. Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi qarşıladı. Eyni gündə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə keçirilib. Görüş başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub. Bakı və Düşənbə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müxtəlif və vacib sahələr üzrə sənədlər imzalanıb. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün mövcud hüquqi bazanı daha da genişləndirdi.
İki dövlət başçılarının müxtəlif formatlarda görüşləri qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfə verir. Azərbaycan-Tacikistan müqavilə-hüquqi bazasına 60-a yaxın saziş və müqavilə daxildir ki, onların da əsasını 2007-ci il martın 16-da imzalanmış Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi təşkil edir. İki ölkə arasında qəbul olunmuş sənədlər, şübhəsiz ki, Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi, investisiya, vergi, bank və gömrük sahələrində ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün hüquqi əsas yaradır.
Azərbaycan-Tacikistan əlaqələrinin inkişafında dahi şəxsiyyət Heydər Əliyevin böyük əməyi olub. Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan "Nurek" Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Tacik xalqı Ulu Öndərin yaxşılığını heç vaxt unutmur. Onun xatirəsi bu ölkədə daim böyük hörmətlə yad edilir. Ulu Öndər Heydər Əliyevin rolunun xüsusi qeyd edilməsi bir daha ölkəmizin münasibətlərin qurulmasında hansı prinsiplərə xüsisi önəm verdiyini açıqladı. Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanın hər bir sahədə davamlı uğurlarını şərtləndirir, ölkəmizə qarşı inamı və etimadı daha da artırır. Bu gün Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması da özündə bu kimi məqamları ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsi olduğunu bildirmiş, qeyd etmişdir ki, o vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Müstəqilliyin ilk illərində hər iki ölkənin üzləşdiyi vəziyyətdən çıxış edən cənab İlham Əliyev demişdir: “Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur”. Qeyd edək ki, səfər çərçivəsində imzalanmış 13 sənəd mühüm əhəmiyyət kəsb etməklə yanaşı, müxtəlif sahələri əhatə edir.
Tərəflər beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildirdilər. Beynəlxalq məsələlər və regionda vəziyyət ətraflı müzakirə edildi. Aparılan danışıqlar ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağımıza əsas verir.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri